“Vətənimizə qəhrəman oğullar bəxş edən şəhid analarının misilsiz zəhməti danılmazdır”
“Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan qadınına xüsusi diqqət göstərdi”.
Bu fikirləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Xanım deputat qeyd edib ki, Azərbaycan qadınları dövlətimiz və dövlətçiliyimiz üçün hər zaman müstəsna xidmətlər göstərib, müdrikliyi, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə adlarını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıblar:
“Tarixin bütün dövrlərində dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərən xanımlarımız qorxmazlığı, mərdliyi, şücaəti ilə seçilib, cəfakeşlikləri ilə dillərə dastan olub.
Təsadüfi deyil ki, hələ əsrlər əvvəl Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanında lider qadınlarımızın obrazları canlandırılıb. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüquqi qazanan Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolu artmaqdadır.
Xüsusilə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan qadınına xüsusi diqqət göstərdi, bütün sahələrdə onlara şərait yaradıldı, qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında da fəallıq göstərdilər.
Eyni rasional yanaşma ölkə başçımız, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, parlament sədri Sahibə xanım Qafarovanın olması xanımlarımıza verilən yüksək dəyərin nümunəsidir. Bu gün Azərbaycan xanımları bütün sahələrdə ön sıralarda yer alır.
Onlar müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət və sosial xidmətlərdə fəal iştirak edirlər.
Vətənimizə qəhrəman oğullar bəxş edən şəhid analarının misilsiz zəhməti danılmazdır. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, yüz illərdən bəri formalaşmış dəyərlərə sadiq qalmaqla mədəniyyətimizin, mənəviyyatımızın inkişafına töhfələr verirlər.
Əziz və dəyərli xanımlar, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Sizin mübarizəniz, sevginiz və iradənizlə cəmiyyətimiz daha parlaq bir gələcəyə doğru irəliləyir. Hər birinizə ailə səadəti, sevgi və sevinc dolu günlər diləyirəm. Bayramınız mübarək!”