Ermənistanda xof: “Paşinyan buna gedə bilər…”
Zəngəzur dəhlizi məsələsində Paşinyanla müxalifətin mövqeyi yaxındır
“Ermənistanın bütün güzəştlərinə rəğmən, Azərbaycan Ermənistanın təkliflərini qəbul etmirsə, deməli, bu, İlham Əliyevin dəhliz istəməsi deməkdir”. “Yeni Müsavat” bildirir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, rus hərbçilərinin sərhəddən uzaqlaşdırılması Ermənistan hakimiyyətinin planı olmaqla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı şübhələr də yaradır: “Belə çıxır ki, Moskva dəhliz istəməyib. Əksinə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının olması Paşinyanın Ermənistanı bir böyük dəhlizə çevirməsinə çoxdan mane olub. Paşinyan isə dəhlizin müqabilində Ankara və Bakıdan siyasi dəstək alacağına ümid edib”. Başqa bir erməni ekspert Vahe Davtyan yerli mediaya geniş müsahibəsində deyib ki, Paşinyan faktiki olaraq Zəngəzur dəhlizinin açılması üçün zəmin hazırlayır. “Paşinyan son yazısı ilə göstərdi ki, Ermənistan dəhlizi açmağa hazırdır. O başqa məsələdir ki, regionda İran adlı bir aktor var. İran Zəngəzur dəhlizini siyasi məsələ hesab edir. Ona görə də Tehran dəhlizin açılması perspektivinə qarşı çıxır”, – o bildirib.
Dəhlizlə bağlı müxtəlif iddiaların və fərziyyələrin səsləndiyi vaxtda ermənilərin sərhəd təxribatları intensivləşib. Əvvəlcə Gorus istiqamətindən mövqelərimiz atəşə tutuldu, sonra Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən yanğın hadisəsi əks olunub. Qeyd edək ki, Paşinyan Zəngəzur dəhlizinə icazə verməyəcəklərini yenidən bəyan edib. Bu, yeni məsələ deyil, lakin onun regional kommunikasiyanın açılması ilə bağlı irəli sürdüyü yeni təklifin detalları maraqlıdır. Erməni baş nazir bildirir ki, Azərbaycanın Naxçıvana çıxışı üçün yol verirlər və bu istiqamətdə (Mehri) mövcud olmayan infrastruktur qısa müddətdə inşa edilə bilər. Lakin hələlik alternativ infrastrukturdan istifadə etmək imkanı var: yük maşınları Gorusun Kornidzor (Almalı) keçid məntəqəsindən keçməklə Ermənistana daxil olur, daha sonra Ermənistan-Türkiyə sərhədinə gedən yollarla Türkiyəyə aparılır, eyni marşrut əks istiqamətdə də istifadə edilir; təhlükəsizliyi rəsmi İrəvan təmin edir, azərbaycanlı sürücülər üçün psixoloji çətinlik yaranarsa, yüklərin daşınmasını Ermənistan yollarından daim istifadə edən Türkiyə yük maşınları təşkil edə bilər. Paşinyanın təklifinə görə, Azərbaycan mövcud infrastrukturdan istifadə etməklə yükləri Türkiyəyə apara, oradan Naxçıvana daşıya bilər. Rəsmi İrəvan bununla həm Azərbaycanla, həm də Türkiyə ilə kommunikasiyanı erməni maraqları çərçivəsində həll etməyi düşünür.
Bu iddiaların hansı real görünür? Erməni təhlilçilərin panikası nədən xəbər verir?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə ziddiyyətli yanaşma var. Onun sözlərinə görə, bu ziddiyyət də ölkədəki siyasi qüvvələrin başda Nikol Paşinyanın özü olmaq şərti ilə bu məsələni siyasiləşdirmək cəhdləri və digər amillərlə bağlıdır. A.Quliyev vurğuladı ki, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı siyasi qüvvələrin Paşinyanın apardığı siyasətə münasibətlərini göstərən, sualda təqdim etdiyiniz iki baxış mahiyyət etibarilə eyni mətləbdən xəbər verir: “Baxmayaraq ki, formal olaraq bu mövqelərin fərqi var, birində baş nazirin guya Zəngəzur dəhlizini açmaq istəməməsi, başqa birində isə Zəngəzur dəhlizinin Paşinyan tərəfindən siyasi alver predmetinə çevrildiyinin vurğulandığını görürük. Əslində isə Nikol Paşinyanın apardığı siyasət bütün hallarda Zəngəzur dəhlizinin dəhliz məntiqi ilə açılmasının qarşısını almaqdan ibarətdir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalı, ardıcıl və davamlı olduğu halda Ermənistanın mövqeyi davamlı deyil. Ermənistan Azərbaycanın şimal-qərbindən onun kiçik hissəsi olan Naxçıvana komunikasiyanın dəhliz məntiqi ilə açılmasını qəti şəkildə istəmir. Ermənistanda müxalifət düşərgəsindən səslənən ən müxtəlif rəylər mahiyyətcə eyni istəyi ifadə edir. Əslində bu məsələdə müxalifətlə Paşinyanın istəyi demək olar ki, üst-üstə düşür”.
Politoloq qeyd etdi ki, Zəngəzur dəhlizi heç bir zaman Azərbaycan və Türkiyə üçün siyasi alver predmeti kimi nəzərdə keçirilə bilməz: “Çünki Azərbaycan buna 10 noyabr üçtərəfli bəyanatının mütləq icra olunmalı bir bəndinin tələbi kimi baxır. Hər hansı bir siyasi bazarlıq cəhdlərinə burada yer yoxdur. Rusiyanın, Azərbaycanın və Ermənistanın imzaladıqları 10 noyabr sənədi Zəngəzur yolunun məhz dəhliz məntiqi ilə açılmasını imperativ qaydada müəyyən edir. Ermənistanda müəyyən siyasi dairələrin müxtəlif mövqelərdən çıxış etməsi isə ya məsələnin mahiyyətinin onlar tərəfindən siyasi maraqlar çərçivəsində siyasiləşdirilməsi cəhdidir, ya da ki, Paşinyanın dəhlizin açılmasına maneçilik törətmək siyasətinə dolayı yollarla dəstək verirlər. Zəngəzur dəhlizi mütləq dəhliz məntiqi ilə açılmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir”.
A.Quliyev əlavə etdi ki, əgər Paşinyan da bəzi erməni ekspertlərin dediyi kimi, Zəngəzur dəhlizinin açılması üzərindən Azərbaycanla və ya Türkiyə ilə hansısa bir siyasi bazarlığı hədəfləyibsə, yanılır: “Çünki Zəngəzur dəhlizi siyasi alver predmeti deyil. Əksinə, bu dəhlizin açılması Ermənistanın özü üçün Azərbaycandan qat-qat əhəmiyyətli olan bir sıra vacib kommunikasiyaların açılmasının açarıdır. Əgər Zəngəzur dəhlizi açılmasa, Paşinyanın çox istədiyi Ermənistandan Ermənistana, yəni Mehridən Ordubad və Naxçıvan üzərindən İrəvana qədər dəmiryolu və avtomobil yolunun açılmasına nail olması mümkün deyil. Eləcə də Türkiyədən Ermənistana keçid kimi vacib bir kommunikasiyanın həyata keçirilməsi təbii ki, baş tutmayacaq”.