Ağ Evdə din amili…
Ekspertə görə, Trampın əvvəlki komandasında da dini inanclar dövlət maraqlarından önə keçmədi
Xəbər verildiyi kimi, bu günlərdə ABŞ-ın dövlət katibi Marko Rubio alnında xaç işarəsi ilə “Fox News” televiziya kanalının canlı yayımına qatılıb. Rubio müsahibəsində Ukraynadakı son hadisələr, Yaxın Şərqdə artan böhran və Donald Trampın Konqresə son müraciəti kimi əsas mövzulara toxunub.
Rubionun alnında xaç işarəsi olmasının səbəbi müsahibədən bir gün öncə qeyd olunan Kül Çərşənbəsi ilə əlaqələndirilir. Kül Çərşənbəsi xristian katolikləri üçün mühüm gündür. Bu günə inananlar müqəddəs hesab edilən palma budaqlarının külündən hazırlanmış xaç işarəsini alında qəbul edirlər.
Lakin Rubionun bu dini simvolla ekranda görünməsi sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu onun dəyərlərinə və açıq inancına hörmət əlaməti kimi dəyərləndirərək dəstəkləyiblər. Digərləri isə bu addımın siyasi məqsəd daşıdığını, hətta Rusiyaya simpatiya və ya “dini müharibə” çağırışı ola biləcəyini iddia ediblər. Bir sosial media istifadəçisi “Bizim valideynlərimiz də uşaq vaxtı pis davrandığımızda alınımıza xaç çəkirdilər” kimi ironik şərh yazıb.
Bu hadisə şəxsi inancın dövlət idarəçiliyi ilə necə kəsişdiyi məsələsini gündəmə gətirərək müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp administrasiyasının yeni dövrdə dini simvolları ön plana çıxarmağa çalışdığı bildirilir. ABŞ Prezidenti Ağ Evdə ilk kabinet iclasına da dua ilə başlayıb. Bu maraqlı görüntü də seçki kampaniyası zamanı kameralara düşüb.
Tramp və komandasının aşkar büruzə verilən dini inancı xarici siyasətdə özünü hər hansı şəkildə, tutaq ki, erməni məsələsində Azərbaycanın əleyhinə göstərə bilərmi? Dövlət katibinin alnındakı xaçın siyasi anlamı varmı, varsa, mesaj kimədir?
Xatırladaq ki, prezident seçilməsi ərəfəsində (24 oktyabr, 2024) Donald Tramp öz sosial media platformasında yazdığı mesajda siyasi rəqibi, vitse-prezident Kamala Harrisi Qarabağın erməni əhalisinin çıxması ilə bağlı əməli addım atmamaqda günahlandırmışdı. Mesajda Tramp həmçinin bildirmişdi ki, Harris ABŞ prezidenti olacağı təqdirdə dünya boyu xristianlar təhlükəsiz olmayacaq. “120 000 xristian erməni dəhşətli şəkildə təqib olunaraq zorla artsaxdan çıxarıldığı halda Kamala Harris heç nə etmədi”, – Tramp yazmışdı və əlavə etmişdi ki, prezident seçilərsə, “zorakılıqlara və etnik təmizləməyə” son qoymaq yönündə işləyəcək, Ermənistan və Azərbaycan arasında sülhü bərqərar edəcək.
Yeri gəlmişkən, Tramp bir neçə dəfə qeyd edib ki, o, protestantdır və presviterian (Presbyterian) məzhəbinə mənsubdur. Lakin onun dini ibadətlərə mütəmadi şəkildə qatılması və şəxsi dindarlığı barədə suallar olub. Tramp 2016 və 2020-ci il seçkilərində ABŞ-da güclü olan evangelist xristian elektoratının dəstəyini almaq üçün mühafizəkar mövqelər sərgiləyib (məsələn, aborta qarşı çıxışlar, dini azadlıqların müdafiəsi və s.)
Bəzi tənqidçilər onun dini yalnız siyasi alət kimi istifadə etdiyini bildiriblər. Məsələn, 2020-ci ildə dini kitabı əlində tutaraq kilsənin qarşısında şəkil çəkdirməsi çox müzakirə doğurmuşdu. Bundan əlavə, Trampın müsəlmanlara qarşı bəzi sərt açıqlamaları olub. Prezidentliyi dövründə bəzi müsəlman ölkələrdən miqrasiyanı qadağan edən fərmanlar imzalaması da bu kontekstdə tənqid olunub.
Siyasi şərhçi, dini sahə üzrə mütəxəssis Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Tramp və komandası mühafizəkarlardan ibarətdir. Düzdür, əsasən çoxluq yevangelistlər təşkil edir, amma Rubio kimi inanclı katoliklər də var. Əlbəttə, Amerika azadlıqlar ölkəsidir, orada hər kəsin dini inancını sərbəst yaşamaq hüququ var. O cümlədən dövlət katibinin. Ancaq ABŞ diplomatiyasının birinci şəxsinin alnında dini simvolla siyasi tədbirə qatılması belə fərqli reaksiyalara səbəb oldu. Lakin düşünürəm ki, burada qeyri-adi nə isə yoxdur. Rusiyaya simpatiya iddiasını ciddi hesab etmirəm, çünki Rubio katolikdir, Rusiya isə pravoslav ölkəsidir. Ona qalsa, Avropa ölkələrində katoliklər daha çoxdur. Bunu daha mühafizəkarlığın geri dönüşü kimi yozmaq olar”.
Kənan Rövşənoğlu
Kənan Rövşənoğlu “Tramp və komandasının aşkar büruzə verilən dini inancı xarici siyasətdə özünü hər hansı şəkildə, tutaq ki, erməni məsələsində Azərbaycanın əleyhinə göstərə bilərmi” sualına da cavab verib: “Zənn etmirəm. Çünki biz görürük ki, hətta İsrail-Fələstin münaqişəsində hansı ki, bu münaqişə ABŞ yevangelistləri üçün həddən artıq həyati əhəmiyyət daşıyar, orda belə siyasi maraqlar dini görüşlərin önünə keçir. Ümumiyyətlə, dini baxışların haçansa siyasi maraqların önünə keçdiyi görülməyib. Bu mənada ayrı-ayrı bürokratların dini inancının dövlət maraqlarından qabağa keçəcəyini gözləmirəm, amma əlbəttə, Amerikada güclü erməni lobbisi var və onlar hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərib. Lakin biz Trampın əvvəlki komandasında da gördük ki, dini inanclar dövlət maraqlarından önə keçmədi”.
Hazırladı: Afaq MİRAYİQ