Parlament Baş nazirin hesabatını dinləyib qəbul etdi
Hökumət başçısı deputatların qaldırdığı məsələlərə büdcəyə uyğun olaraq baxılacağına söz verdi
Martın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyində bir məsələ var idi: Nazirlər Kabinetinin 2024-cü il üzrə illik hesabatının təqdimatı və müzakirəsi. Spiker Sahibə Qafarova Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Nazirlər Kabinetinin iclasda iştirak edən üzvlərini, parlamentarlar və media nümayəndələrini salamladı. Daha sonra spiker Gürcüstana səfəri, keçirilən görüşlərlə bağlı məlumat verdi.
Sahibə Qafarova bundan sonra Nazirlər Kabinetinin hesabatı barədə çıxış edərək bildirdi ki, ötən il ümumi daxili məhsul 4,1 faiz artmış və ya mütləq rəqəm ifadəsində 126 milyard manat təşkil etmişdir. Valyuta ehtiyatlarımız il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatmışdır: “Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılmış, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına köçürülməsi təmin edilmişdir.
Qanunvericilik orqanı olaraq, hörmətli həmkarlar, dövlət büdcəsinin təsdiq və icrasında iştirak etdiyimizə görə mən bəzi büdcə rəqəmlərinə də xüsusi toxunmaq istəyirəm. Dövlət büdcəsinin gəlirləri proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunmuşdur”.
Daha sonra Baş nazir Əli Əsədov hökumətin 2024-cü illə bağlı hesabatını təqdim etdi. Baş nazir bildirdi ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Qeyd etdi ki, bütün uğurların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır. Hesabatda bildirilir ki, 2024-cü hesabat ilində ölkəmizdə 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb. Həmçinin qeyri neft-qaz sənayesində 7,3% artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil edib. “2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib. İllik hesabatda bildirilib ki, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd. dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olub və ÜDM-in cəmi 6,9%-ni təşkil edib. Baş nazir qeyd etdi ki, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib: ”Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub”.
Baş nazir Ə.Əsədov bildirdi ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi – maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib. Hökumət rəhbəri qeyd etdi ki, maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib. İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. Ə.Əsədov dedi ki, 2024-cü ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunub, ondan 1,1 mlrd. manat həcmində məhsul ixracı edilib. 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub: “2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. 2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11,3% (528 manata) artıb, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Cənab Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunub. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib.
Baş nazir dedi ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub. Bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Bu da2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çoxdur. “İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib”- deyə, baş nazir bildirib. Ə.Əsədov dedi ki, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabatda 50 minə yaxın rəqəm və statistik göstərici var. Bunu isə müzakirələr zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – hesabatın təqdimatında bildirdi. “Nazirlər Kabimetinin strukturuna 33 dövlət orqanı daxil olsa da, hesabatın hazırlanmasında 62 dövlət qurumunun məlumatlarından istifadə edilib. Bu həm də hesabtın ölkəmiizn sosial-iqtisadi mənzərəsi əks etdirən mühüm dövlət sənədi olduğunu göstərir”, – deyə deputat vurğuladı. Onun sözlərinə görə, son 5 ildə hökumətin hesabatı müxtəlif yeniliklərlə diqqəti cəlb edir. A.Əmiraslanov həmçinin ötən ilin Azərbaycan üçün uğurlu olduğunu söylədi.
Komitə sədri Zahid Oruc dedi ki, 30 illiyini Qələbə ilə qeyd etdiyimiz Konstitusiyamıza uyğun olaraq, Nazirlər Kabinetinin 2024-cü il hesabatı müstəqillikdən sonra ilk dəfə işğala, soyqırım və köçkünlüyə deyil, bütövlüyə həsr olunub: “Milli Məclis Hökumətin ötən ilki fəaliyyətinə qiymət verərkən, Ukraynada davam edən 3 illik müharibənin və dünyada artan hərbi-siyasi qütbləşmənin ağır fəsadlarını nəzərə almadan keçə bilməz. Yəni istənilən hakimiyyətin fəaliyyəti yalnız büdcə öhdəlikləri, maliyyə və iqtisadiyyatın tənzimlənməsi ilə məhdudlaşmır, qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə və heç bir dövlətin forpostu olmaması ilə müəyyənləşir. Beləliklə, hesabat siyasi mahiyyətli mühüm dövlət sənədidir”.
Komitə sədri Tahir Rzayev bildirdi ki, körpə heyvanların vaxtından tez kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur: “Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və sütlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır”. Komitə rəhbəri hökumətə xitabən qaydalara dəyişiklik edilməsini zəruri saydı: “Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.
Deputat Razi Nurullayev bölgələrdəki tikintilərlə bağlı Baş nazirə müraciət etdi: “İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Demək olar ki, bu sahədə icra hakimiyyətləri ilə heç bir problemi həll edə bilmirik. Çünki onların xeyli səlahiyyətləri əllərindən alınıb və hər kiçik məsələ üçün mərkəzi icra orqanlarına müraciət etmək lazım gəlir. İcra hakimiyyətləri rayonlara cavabdehdir və zənnimcə, bütün səlahiyytlər də onlarda olmalıdır ki, operativ şəkildə işləyə və rayonları inkişaf etdirə bilsinlər. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, çöl sahəsində müvəqqəti sığınacaq tikirsə niyə icazəni Bakıdan almalı və aylarla cavab gözləməlidir? Məgər həyətinə hasar çəkənin, evinə artırma edənin, balaca bir köşk tikənin, həyətində sanitar qovşaq tikənin belə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd görünmürmü? Bu qaydalar vətəndaşlar arasında ciddi narazılıq yaratmaqla bərabər, bizim yerlərdə icra hakimiyyətləri və vətəndaşlarla səmərəli işləməyimizə də ciddi əngəl yaradır”. Deputat dedi ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var: “Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır. Bu sahədə Sizdən kömək istəyirik, cənab Baş nazir!”
Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı qəbul edildi. 107 lehinə, 1 əleyhinə, 2 bitərəf olmaqla hesabat təsdiqləndi. Spiker Sahibə Qafarova dedi ki, hesabatla bağlı 59 deputat çıxışa yazılıb, 30 nəfər çıxış edib.
Baş nazir Əli Əsədov yekunda çıxış edərək deputatlardan bəzilərinin fikirləri ilə razı olmadığını bildirsə də, digər fikir və təkliflərə müsbət mövqeyini ifadə etdi. Bildirdi ki, ola bilər biz kabinetlərdə oturduğumuz halda bəzi məsələləri görmürük. Baş nazir onların görə bilmədiyi məsələləri parlamentarlarla birgə müzakirəyə hazır olduğunu bildirdi, parlament sədri və deputatlara təşəkkür etdi. Bildirdi ki, büdcənin imkan verdiyi çərçivədə bəzi təkliflərə baxılacaq.