Bakıdakı forumda Ukrayna və Qəzza müzakirələri…
Martın 14-də XII Qlobal Bakı Forumu çərçivəsində “Sülhə doğru” adlı panel müzakirə keçirilib. “Yeni Müsavat”ın xəbərinə görə, panel müzakirədə çıxış edən Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko bildirib ki, Rusiyanın Ukraynaya hücumu NATO amili ilə bağlı deyil. O, Ukraynanın neytral ölkə olduğunu vurğulayıb. Katerina Yuşşenkonun sözlərinə görə, Rusiya qoşunları, Rusiyanın iqtisadiyyatı artıq zəifləyib. “Birimizin məhvi hamımızın məhvi olacaq. Biz Vyetnam və ya Əfqanıstan olmayacağıq. Bu müharibədə qələbə qazanmaq Putini dayandırmayacaq”, – o qeyd edib.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç müzakirələrdə deyib ki, ukraynalılar sülhü hamıdan çox istəyir: “Tramp müharibəni dayandırmaq üçün səy göstərir. Müharibə – maddi və mənəvi itkidir. Masada həllini gözləyən xeyli mövzu var. Avropa İttifaqı təkcə atəşkəsə nail olmaq yox, uzunmüddətli sülhü bərqərar etmək istəyir”. Monteneqronun sabiq Prezidenti Milo Dukanovic isə çıxışında bildirib ki, getdikcə insanlar demokratiyaya şübhə ilə yanaşırlar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin isə çıxışında qeyd edib ki, Fələstin-İsrail məsələsində “İki dövlətli həll variantı” seçilib. “Fələstinlilərin Qəzzadan köçürülməsi etnik təmizləmə deməkdir, buna təəssüf edirəm”, – o deyib. İsrailin sabiq Baş naziri Ehud Olmert fələstinlilərin Qəzzadan deportasiyasına qarşı çıxıb. İsrailin sabiq xarici işlər naziri Tsipi Livninin sözlərinə görə, dünya liderlərinin çoxu artıq başa düşür ki, HAMAS hakimiyyətdə qalmamalıdır: “HAMAS hakimiyyətdə qalsa, dəstək alsa, ona pul ayrılsa, o, yenidən güclənəcək. Xalqa ayrılmalı olan pullar yenə silahlanmaya yönləndiriləcək. Bundan həm fələstinlilər, həm də İsrail əziyyət çəkəcək. Müharibə yenidən başlayacaq. Cihad ideologiyası fələstinlilərin maraqlarını əks etdirmir, bu ideologiya artıq tarixə qovuşmalıdır”.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülent Arınç indi Ermənistanın sülhə razılaşmalı olduğunu vurğulayıb: “BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələri var, amma bu qətnamələrin heç biri icra edilməyib. Ermənistanın Qarabağın işğalı ilə bağlı da qəbul edilən qətnamələr icra edilməmişdi. Qarabağın işğalını, Xocalı faciəsini xatırlayaq. O zaman dünya ölkələri sadəcə Minsk qrupunu yaratmaqla işlərini bitmiş saydılar. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, indi isə Ermənistan sülhə razılaşmalıdır”. Panel müzakirələrlə başa çatıb.