Azərbaycan AŞ PA-ya qayıtmaya bilər? – Bakının qəti sözü
Deputat, ATƏT-in Parlament Assambleyasının və Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Sevinc Fətəliyeva Modern.az-a müsahibəsində Avropa Şurası ilə əlaqələrə toxunub. Fətəliyeva deyib ki, artıq Avropa Şurasından gözləntilərimiz yoxdur. Deputat deyib:
“Bütün gözləntilərimizi özümüz yerinə yetirmişik. Susmağa da bizim nə imkanımız, nə də istəyimiz var. Əməkdaşlıqdan söhbət gedirsə, bu qarşılıqlı olmalıdır. Avropa Şurasında biz bunu təəssüf ki, görmədik. Gələcək perspektivdən danışsaq, burada təkcə qurumun Azərbaycana qarşı mövqeyi yox, onun strukturu, özü dəyişməlidir. Bu baş verməsə, yəni Avropa Şurası öz ənənəvi dəyərlərinə qayıtmasa, təbii ki, burada hər hansı fəaliyyətdən söhbət gedə bilməz”.
Onun sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, Azərbaycana qarşı AŞ PA-da aparılan kampaniyada əsas rolu məhz alman deputat Frank Şvabe oynayır: “Ümumiyyətlə, mənim şəxsi düşüncəm ondan ibarətdir ki, Avropa Şurası hansısa siyasətçilərin öz piar kampaniyalarını aparıb, məşhurlaşması üçün platformadır. Əsas məqsəd siyasi nöqteyi-nəzərdən Avropada daha da nüfuzlu siyasətçi kimi tanınmaqdır. Ən gözəl hədəf Azərbaycanda yenə də demokratiya, Ermənistanla münasibətlərdir, onlar bunları əllərində bayraq edirlər”.
Deputat əlavə edib ki, Avropa Şurasından çıxmaq uzun prosesdir: “Biz hələ də gözləyirik ki, bu təşkilat mövqeyini dəyişsin. Bütün dünya ilə, üzv olduğumuz beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Biz öz sözümüzü demişik. İndi söz Avropa Şurasındadır. Onlar hər hansı mövqeyini dəyişmək niyyətindədirlərsə, dəyişsinlər, bundan sonra Azərbaycanla, Gürcüstanla münasibətlər bərpa edilə, daha da yaxşılaşdırıla bilər”.
AŞ PA ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Azərbaycanın mövqeyi bu açıqlamalardan da bir daha bəlli olur. Bəs quruma qayıdışımız nə zaman baş tuta bilər? Bakı təşkilatı tərk edə bilərmi?
Vüqar İsgəndərov
S.Fətəliyevanın həmkarı Vüqar İsgəndərov “Yeni Müsavat”a açıqlamasında bu məsələdə itirən tərəfin AŞ PA olduğunu qeyd etdi: “1949-cu ildə Londonda yaradılmış və imzalanmış Avropa Şurasının nizamnaməsində göstərilən ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq, xalqların ümumi sərvəti və hər hansı həqiqi demokratiyanın əsaslarını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək, iqtisadi və sosial tərəqqinin maraqları baxımından həmin idealların qorunması və bundan sonra da həyata keçirilməsi üçün bu fikirlərə şərik bütün Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğuna əmin olaraq və digər dəyərlərə söykənərək təşkilatın nizamnaməsi təsdiq olunub”.
Deputat dedi ki, bir müddət təşkilat bu xoş səslənən sözlərə uyğun fəaliyyət göstərsə də sonradan nizamnaməsindən kənar fəaliyyət göstərməyə başladı: “AŞ PA-ya 2001-ci ildə qoşulanda o vaxtkı işğala məruz qalmağımızla bağlı problemləri beynəlxalq hüquqla həll edə biləcəyimizə böyük ümidimiz var idi. Təəssüflər olsun ki, ikili standartlar, selektiv yanaşmalar, avropalı ”dostlarımızın” iliyinə, qanına necə işləyibsə işğala məruz qalanı kənara qoyub, uzun illər işğal edənə “dayılıq” etdilər. 2020-ci ildə Vətən müharibəsindəki qələbəmiz və 2023-cü ildəki antiterror əməliyyatı isə bütün maskaları yırtdı. Təşkilat açıq aydın ölkəmizi niyə suverenliyinizi bərpa etmisiz deyə ittiham etməyə başladılar. AŞ PA ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Bu ədalətsizliyin ən pik nöqtəsidir, dəyərləri saymamaqdır, kimlərinsə, marijinal qrupların maraqlarına xidmətdir. Rəsmi Bakı şərtlərini ortaya qoyub: Azərbaycan nümayəndə heyətinin mandatı bərpa edilməlidir. AŞ PA bilməlidir ki, o itirib ,Azərbaycan yox. Biz öz inkişaf yolumuzdayıq. Avropa tənəzzül qarşısındadır, bütün sahələrdə, müsəlman dünyasının ən müasir və unikal dövlətini “qoca” Avropa itirir. Azərbaycan Avropa Şurasınında və onun institutial orqanlarındakı fəaliyyətinə yenidən baxmaq hüququnu özündə saxlayır. Avropa Şurası Avropa İttifaqına nümunə ola bilər, olacaqmı? Düşünsünlər, biz demokratik, sivil yolla inkişafa hədəfli yoldayıq, uğurla gedirik”.
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycana qarşı olan qısqanclığın göz önündə olduğunu söylədi: “Dünyada elə dəyişikliklər gedir ki, bizim harada və necə olmağımız özümüzdən asılıdır. Bu gün biz hər bir məsələni öz dövlətimizin suverenliyini qorumaq kontekstində görməliyik. Bizə qarşı olan qısqanclıq göz qabağındadır. İllərdir heç kim bizim yanımızda olmayıb. İndi isə biz öz torpaqlarımızı azad edəndən sonra yenə də hər zaman olduğu kimi ermənilərin tərəfindədirlər. Bütün beynəlxalq təşkilatlarla hər zaman işləmək lazımdır, ancaq yalnız o halda ki, onlar bizim haqqımızı tanısınlar. Avropanın sabah öz başına nə gələcəyini hələ tam anlamayıblar. Amerika bu gün Avropaya meydan oxuyur, USAID, BMT, NATO kimi qurumları yox etməyə çağırır. Bütün bunları görərək biz çalışmalıyıq ki, hər bir qurumla münasibətləri elə quraq ki, bizə necə xeyirli olursa, elə də hərəkət edək. Ən vacibi isə daxildə bir olaq. Bir-birimizə dəstək verməyi bacaraq! Bizim gücümüz birlikdədir! Kənardan təzyiqlərə məruz qalmamaq, Avropada vəzifədə olanların yarısının LGBT olması kimi iddialara məruz qalmamaq üçün, daxildə islahatlar aparmaq lazımdır. Problemlərimizi özümüz həll etməliyik. Mən əminəm ki, hamı bizə müraciət edəcək, biz qalib gələcəyik və onlar bizə yalvaracaqlar ki, onların təşkilatlarının üzvü olaq. Biz böyük bir dövlət kimi ortaya çıxmalıyıq. Müharibədə bu dövlətlərə gücümüzü və birliyimizi necə göstərdiksə, bunu başqa sahələrdə də edə bilərik və etməliyik”.