Siyasət 

Azərbaycan–İran münasibətləri: Normallaşmaya doğru real addımlar, yoxsa taktiki gözləntilər?

Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri Bakı-Tehran xəttində uzun müddət gərgin keçən münasibətlərin növbəti mərhələyə keçidini ifadə edə bilər. Səfərin konkret tarixi rəsmi olaraq açıqlanmasa da, onun geosiyasi, diplomatik və iqtisadi çərçivədə mühüm əhəmiyyət daşıdığı artıq aydın görünür.

Azərbaycan regionda bütün qonşularla, o cümlədən İranla mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olduğunu hər fürsətdə bəyan edir. Ərazi bütövlüyünün tam bərpasından sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda Tehranla Bakı arasında dialoqun bərpası və əməkdaşlığın inkişafı daha aktual görünür.

Müxtəlif sahələrdə – xüsusilə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi, enerji infrastrukturunun qarşılıqlı əlaqələndirilməsi, gömrük və logistika əməkdaşlığı kimi sahələrdə ortaq maraqlar var. İran üçün Azərbaycan Cənubi Qafqaza çıxış baxımından mühüm tranzit ölkəsidir. Azərbaycan isə İran ərazisindən keçərək Fars körfəzinə və Hind okeanına çıxış imkanlarını genişləndirməyi planlaşdırır.

Buna baxmayaraq, Azərbaycan–İran münasibətlərində dərin psixoloji və siyasi inamsızlıq qırılmayıb. 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücum bu inamsızlığın konkret nümunəsinə çevrildi. Hücum nəticəsində səfirliyin mühafizəçisi həlak oldu, bir neçə əməkdaş yaralandı. Rəsmi Bakı bu hadisəni terror aktı kimi qiymətləndirdi və səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı.

Hadisədən bir ildən artıq vaxt keçsə də, cinayəti törədən və təşkil edən şəxslərin cəzalandırılması məsələsi hələ də tam aydınlıq qazanmayıb. Azərbaycan tərəfi dəfələrlə bu məsələnin ikitərəfli münasibətlərin normallaşması üçün əsas şərt olduğunu bildirib.

İranın yeni prezidenti Məsud Pezeşkianla bağlı gözləntilər daha praqmatik və çevik diplomatiyaya ümid verir. Pezeşkian həm türk kökənli olması, həm də islahatlara meylli siyasətçi kimi tanınması ilə regionda diqqət mərkəzinə düşüb. Onun Azərbaycana səfəri yalnız protokol görüşü deyil, həm də konkret razılaşmaların və münasibətlərin “restart” cəhdinin başlanğıcı ola bilər.

Azərbaycanın rəsmi dairələri də münasibətlərin dərinləşməsində maraqlıdır, lakin bu, yalnız beynəlxalq hüquqa hörmət və qarşılıqlı etimadın real addımlarla möhkəmləndirilməsi fonunda mümkündür.

Azərbaycan–İran münasibətləri uzun tarixə, ortaq mədəni bağlara və geoiqtisadi maraqlara əsaslanır. Lakin bu münasibətlərin davamlılığı və dərinliyi yalnız qarşılıqlı inamın və siyasi iradənin olması ilə mümkündür.

Məsud Pezeşkianın Bakı səfəri əhəmiyyətli fürsət yaratsa da, bu fürsətin dəyərləndirilməsi konkret nəticələrlə ölçüləcək. Terror hadisəsinin istintaqı, regional layihələrdə praktiki irəliləyiş və siyasi dialoqun institusional əsaslara oturdulması – hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan bu gündəliyin real nəticələrlə dolması zəruridir. Əks halda, bu səfər də keçmişdəki səmərəsiz diplomatik jestlər sırasına düşə bilər.

Jurnalist, şərhçi Kənan Rövşənoğlu Musavat.com-a açıqlamasında deyib ki, hər iki ölkənin həm qarşılıqlı maraq doğuran iqtisadi əlaqələri var, həm də son illərdə aktuallıq kəsb edən mühüm regional və qlobal nəqliyyat dəhlizlərində maraqları var: “Xüsusilə də bildiyimiz kimi, Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi, yəni Orta Dəhlizin bir hissəsinin İran ərazisindən keçməsi nəzərdə tutulub. Düzdür, bu istiqamətdə əsas marşrut Zəngəzur dəhlizidir. Lakin İran üzərindən də əlavə nəqliyyat xətti inşa olunur. İkinci bir nəqliyyat xətti təxminən o qədər əhəmiyyətli olan Şimal-Cənub nəqliyyat dəhlizidir. Bilindiyi kimi, bu dəhlizin mühüm hissəsi, başqa sözlə birləşdirici hissəsi Azərbaycandan keçəcək. Şimal-Cənub nəqliyyat dəhlizi həm İran, həm də Rusiya üçün çox ciddi əhəmiyyət kəsb edən bir layihədir. İran-Azərbaycan əlaqələrində daha bir mühüm məsələ odur ki, hazırda ciddi beynəlxalq sanksiyalara məruz qalmış İran üçün qonşu ölkələrlə iqtisadi əlaqələr mühüm əhəmiyyət kəsb edir. Yəni İran indi qonşu ölkələr üzərindən xarici ticarətini həyata keçirir. Azərbaycan isə İranla həm birbaşa ticarət əlaqələri, həm də beynəlxalq ticarət əməliyyatları həyata keçirməsi üçün vacib qonşudur. Nəhayət, siyasi və təhlükəsizlik əlaqələridir. İran Qərb ölkələrinin siyasi təzyiq altında olan ölkə olaraq Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda fəal iştirak edir, beynəlxalq dəstək toplamağa, Qərb təcridini yarmağa çalışır. Bu, İran xarici siyasətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Yəni Azərbaycan həm də beynəlxalq qurumlarda tərəfdaş, müsəlman ölkələrində nüfuzu olan dövlət kimi İran üçün əhəmiyyətlidir”.

K. Rövşənoğlu bildirib ki, Tehran və Bakı arasındakı soyuq münasibətlər göstərdi ki, gərginlik zərərdən başqa heç nə vermir: “Azərbaycan həm qonşu ölkə olaraq İrana qarşı təhdidlərə qoşulmaqla bağlı qəti mövqe qoyub, həm də uzun illər beynəlxalq platformalarda İrana qarşı qərarlarda yer almayıb. Dolayısı ilə Azərbaycanla düşmənçilik daha çox zərər verir. Düşünürəm ki, müəyyən soyuqluq və etimadı azaldan amillər olsa da hər iki ölkə rəhbərliyi münasibətləri yaxşılaşdırmaqda qərarlıdır. Bu da Pezeşkianın səfəri ilə bağlı müsbət gözləntiləri artırır. Yəni başqa sözlə hər iki tərəf barışıqdan yanadır.

O ki qaldı Azərbaycan səfirliyinə qarşı terror hücumu təşkil edən şəxsin cəzalanmasana, bilindiyi kimi, İrandakı qanunlar şəxsin edamını nəzərə tutur, yalnız qarşı tərəfə əfv etsə istisna ola bilər. Ancaq edam prosesi uzun bir mərhələdir. Güman edirəm ki, artıq qərar verilibsə, yaxın vaxtlarda icra oluna bilər”.

Daha çox xəbərlər