Region Xəbərləri 

Akademik Zərifə Əliyeva – Azərbaycan Tibb Elminin Parlaq Səhifəsi

Azərbaycan tibb elminin parlaq simalarından olan Zərifə Əziz qızı Əliyeva elmi fəaliyyəti, insani keyfiyyətləri və vətənə bağlılığı ilə yaddaşlarda iz qoymuş unudulmaz şəxsiyyətlərdən biridir. O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra tibb elminə böyük maraq göstərərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunur və 1947-ci ildə oranı əla qiymətlərlə bitirir.
Zərifə xanımın həkimlik peşəsinə olan sədaqəti, bu sənətə həm elm, həm də vicdan işi kimi yanaşması onun bütün fəaliyyətində özünü göstərirdi. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan gənc tədqiqatçı 1950-ci ildə aspiranturaya qəbul olunaraq oftalmologiya sahəsində elmi araşdırmalara başlayır. O, yalnız kabinetdə elmi araşdırmalar aparmaqla kifayətlənmir, xəstəxanalarda həkim kimi insanlara yardım göstərməyi də öz missiyası sayırdı.
XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış və görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıran traxoma xəstəliyi ilə mübarizədə onun rolu xüsusi qeyd olunmalıdır. Zərifə xanım bu infeksion xəstəliklə mübarizədə elmi yanaşma və geniş profilaktik tədbirlər tətbiq etmiş, Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edərək xəstəlik ocaqlarını yerində araşdırmış, həkim-oftalmoloqlara məruzələr oxumuş və metodik kömək göstərmişdir. Onun apardığı tədqiqatların nəticəsi kimi yazdığı “Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası uğurla müdafiə olunmuş, bu metodika qısa müddətdə respublikanın bütün bölgələrində tətbiq olunmağa başlanmış və traxoma xəstəliyinə qarşı mübarizədə mühüm dönüş nöqtəsi olmuşdur.
Zərifə xanımın fəaliyyəti yalnız tibbi elmlərlə məhdudlaşmırdı. O, eyni zamanda sosial ədalət və insan amilinə də xüsusi önəm verirdi. Kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla işləyən tibb müəssisələrində tez-tez olur, bu qrup uşaqların sağlamlığı ilə şəxsən maraqlanır, onlarda yayılan göz xəstəliklərinin qarşısının alınması üçün tədbirlər görürdü. Onun bu sahədəki fədakarlığı səhiyyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
1967-ci ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent kimi fəaliyyət göstərməyə başlayan Zərifə Əliyeva burada həm elmi, həm də pedaqoji işlərlə məşğul olur. O, yalnız oftalmologiya sahəsində çalışan mütəxəssislərlə deyil, həmçinin bu sahəyə yenicə qədəm qoyan gənc həkimlərlə də böyük sevgi və diqqətlə işləyirdi. Onun təcrübəsi, yüksək intellekti və pedaqoji qabiliyyəti nəticəsində çoxsaylı tələbələr gələcəyin peşəkar oftalmoloqları kimi formalaşırdılar.
Elmi fəaliyyətində o yalnız traxoma ilə kifayətlənməmiş, qlaukoma, görmə orqanının virus və kimyəvi maddələrlə zədələnməsi, peşə patologiyaları kimi müxtəlif mövzularda dəyərli tədqiqatlar aparmışdır. Uzun illər ərzində apardığı müşahidə və eksperimentlərin nəticəsi olaraq “Azərbaycanın kimya müəssisələrində çalışan işçilərin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyası Moskva şəhərində yerləşən Helmholtz adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə olunmuşdur. Bu iş təkcə Azərbaycan deyil, SSRİ miqyasında da yüksək elmi qiymətlə layiq görülmüşdür.
1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi, 1983-cü ildə isə professor adı almış Zərifə xanım həmin il həm də Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi fəaliyyəti nəticəsində 150-dən çox elmi əsər, 12 monoqrafiya, çoxsaylı dərslik və dərs vəsaitləri işıq üzü görmüşdür. Yazdığı “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi əsərlər bu gün də oftalmoloqlar üçün stolüstü vəsait kimi istifadə olunur.
1981-ci ildə oftalmologiya sahəsindəki böyük töhfələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən Zərifə Əliyeva bu mükafatı alan ilk azərbaycanlı qadın olmuşdur. O, həm də gənc həkimlərin tərbiyəsi və onların peşəkar formalaşması istiqamətində böyük əmək sərf etmiş, bu məqsədlə “Yüksək etimad” adlı kitabını yazaraq həkim peşəsinin mənəvi məsuliyyətini ətraflı şəkildə işıqlandırmışdır.
Zərifə xanımın elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı ailə həyatında da mühüm rolu olmuşdur. Onun həyat yoldaşı ümummilli lider Heydər Əliyev və övladları ilə qurduğu ailə münasibətləri hər zaman nümunə göstərilmişdir. Ulu Öndər onun haqqında danışarkən Zərifə xanımın yüksək mənəviyyatı, sədaqəti və ailəyə olan sevgisini xüsusi vurğulamışdır. O deyirdi: “Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə isə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun xatirəsi bu gün də hörmət və ehtiramla anılır. 2023-cü ildə ölkəmizdə onun anadan olmasının 100 illiyi münasibətilə geniş miqyaslı tədbirlər keçirilmişdir. Prezident İlham Əliyev anasını xatırlayaraq onun elmi fəaliyyətindən, ailə dəyərlərinə verdiyi önəmdən və şəxsiyyətinin müdrikliyindən xüsusi ilə bəhs etmişdir.
Zərifə xanım Əliyevanın ömür yolu və fəaliyyəti həm elmi, həm də insani baxımdan hər bir həkim, hər bir Azərbaycan ziyalısı üçün əsl örnəkdir. Onun həyat fəlsəfəsi, peşəsinə olan sədaqəti, insanlara sevgi və hörmətlə yanaşması onu təkcə böyük alim və peşəkar həkim deyil, həm də nüfuzlu ictimai xadim və ziyalı kimi tarixə yazmışdır.
Leyla Mehtiyeva – Bərdə RİHB aparatının əməkdaşı

Daha çox xəbərlər