Strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur – Azərbaycan-Gürcüstan
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr yalnız iqtisadi və ticarət sahələrini deyil, həm də regional təhlükəsizlik məsələlərini əhatə edir. Son zamanlar iki ölkə arasında yüksək səviyyəli dialoqların intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi müşahidə olunur. Bu əməkdaşlıq xüsusilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Gürcüstanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Bu dəstək, həmçinin regional təhlükəsizlik sahəsindəki əməkdaşlığın dərinləşməsinə təkan verib. Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə malikdir və bu əlaqələr zamanla daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizdə rəsmi səfəri bunun bariz nümunəsi oldu.
Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi ki, bu səfər Azərbaycan-Gürcüstan dostluğunun və strateji tərəfdaşlığının növbəti mərhələyə qədəm qoyduğunu göstərdi. Regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bu əməkdaşlıq modeli gələcəkdə Cənubi Qafqazın yeni siyasi və iqtisadi konfiqurasiyasını müəyyənləşdirən əsas təməl daşlarından biri olacaq. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvili arasında keçirilən təkbətək və geniştərkibli görüşlərdə çoxsaylı mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Liderlər mətbuata birgə bəyanatları zamanı maraqlı məqamlara toxundular.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızdan olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Deputat bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xəttlə inkişaf edəcək. Prezident İlham Əliyev həmçinin iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.”
Öz növbəsində Prezident Mixeil Kavelaşvili bildirdi ki, bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi: “Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük. Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaranıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdəndir. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.”
Siyası şərhçi Azər Həsrət isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qonşu Gürcüstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri maraq və diqqətlə izlənilir: “ O, prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edir. Bunun özü də yetərincə diqqət çəkən məqamdır. Gürcüstan bizim qonşu dövlətdir, tarixi bağlarımız var. Bizim soydaşlarımız min illərdir orada yaşayırlar. Gürcüstan bizim üçün bütün anlamlarda vazkeçilməz bir qonşu dövlətdir. Üstəlik də Qara dənizə çıxışı baxımından, eyni zamanda, indiki çətin şəraitdə qardaş Türkiyəyə quru yolu baxımından Gürcüstan bizim üçün əhəmiyyətlidir. Yəni, saydıqca bu cür faktorlar çoxala bilər. Bu baxımdan Gürcüstan Prezidentinin Azərbaycana xoş münasibəti və səfəri təqdirəlayiqdir. Gürcüstan Qafqaz dövləti olaraq İkinci Qarabağ müharibəsi zamanı Ermənistana Rusiyadan silah-sursat yardımların daşınmasında da öz sözünü deyib. Bu ölkə Rusiyadan qanunsuz yollarla Ermənistana göndərilən silah-sursat yardımının qarşısını alması ilə yaddaşımızda qaldı. Ermənistanın güclənməsinə və Azərbaycana qarşı daha çox dirəniş göstərməsinə şərait yaratmadı. Ümumilikdə isə Gürcüstan da Azərbaycan kimi xarici güclərin diqqət mərkəzində olan bir dövlətdir. Burada xüsusən də daxili siyasi proseslərə müdaxilə cəhdləri günü bu gün də var. Əlbəttə ki, bütün bu faktorlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Gürcüstan Azərbaycanın xoşməramlı yanaşmasına yetərincə uyğun reaksiya verən bir dövlətdir. Gürcüstana baxıb həmişə düşünmüşük ki, kaş ki, Ermənistan da bu cür yanaşma sərgiləyərdi və üç Qafqaz dövləti birlikdə daha sabit, daha rahat bir həyat yaşaya bilərdi. Amma təəssüflər olsun ki, Ermənistan bunu etmir, etmədiyinə görə də biz də, Gürcüstan da əziyyət çəkir. Gürcüstan bizim üçün vazkeçilməz yaxın qonşu dövlətdir.”
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi ki, bu səfər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirəcək. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi Ceyhan Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsinə töhfə verir. Bakı Tbilisi Qars dəmir yolu Şərq və Qərb arasında qısa və səmərəli, alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan, Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və bir birinə dəstək nümayiş etdirirlər. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, iki ölkə yaşıl enerji layihələrinin də icrasında birgə addımlar atır. Xüsusilə bərpaolunan enerji mənbələri üzərində işlər, hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”