Kremli sevindirən Türk dövlətləri – “Turan birliyi” bitdi iddiası
Sabir Rüstəmxanlı: “Bu bədbin proqnozlar Rusiyanın arzularının ifadəsidir”
“Artıq türk dünyasının birliyi yoxdur. Səmərqənddə Türkdilli Dövlətlər Təşkilatına üzv olan üç Mərkəzi Asiya ölkəsi Şimali Kiprin legitimliyini tanımaqdan imtina etdi və bu da sondur”.
“Yeni Müsavat” xəbər verir ki, bunu rusiyalı politoloq, ermənipərəst Stanislav Tarasov Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın (Türkmənistan TDT-nin üzvü deyil və müşahidəçi statusundadır) Yunan Kiprində səfirlik açması və adanın “bütövlüyünü” tanıması ilə bağlı yeni siyasi şəraiti şərh edərkən deyib.
Qeyd edək ki, Avropa Birliyinin Orta Asiya ölkələri ilə az öncə Səmərqənddə keçirilən toplantısının nəticəsi olaraq imzalanan və bu ölkələrə 12 milyard avro investisiya vəd edən anlaşmaya imza atan sözügedən ölkələr dolayısı ilə Türkiyənin Kiprin şimalını “işğal etdiyini” qəbul ediblər. Bu da TDT-də, yəni “Turan birliyi” platformasında parçalanma olacağı gözləntiləri yaradıb. Bəs azərbaycanlı siyasətçilər bu barədə nə düşünürlər?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Tarasovun bu bədbin ehtimalı uydurmadır. Partiya başqanı əlavə etdi ki, bu, onun xəstə təfəkkürünün məhsuludur, türk dünyasının gələcəyi ilə bağlı Rusiyanın arzularının nəticəsidir, yəni onlar necə görmək istədiklərini ifadə edirlər. “Amma Türk Dövlətləri artıq müəyyən anlaşmalarla, sənədlərlə gələcək talelərini müəyyənləşdiriblər. Uzun illər başqa ölkələrin təsiri altında, yaxud tərkibində olmuş dövlətlərin müstəqillik qazandıqdan sonra yolları çətin olur, müəyyən psixoloji, siyasi, iqtisadi maneələri aşıb keçməli olurlar.
Sabir Rüstəmxanlı
Dünyanın böyük güclərinin təsirindən qurtarmaq o qədər də asan məsələ deyil. Hazırda Mərkəzi Asiya əslində dünyanın diqqət mərkəzindədir. İqtisadi, enerji imkanlarına görə Avropa və Amerika Türküstana can atır”, – deyə S.Rüstəmxanlı vurğuladı.
VHP sədrinin sözlərinə görə, niyyətimiz budur ki, bu dövlətlər öz güclərini bilsinlər və bir yerdə hərəkət etsinlər: “Görünür müəyyən çətinliklər var. Avropa İttifaqının və bəzi ölkələrin təsirləri mövcuddur. Bu təsirləri birdən-birə aradan qaldırmaq, keçmək çətindir. Sadəcə, Mərkəzi Asiya respublikalarının, türk respublikalarının, bu 4 dövlətin yunan Kiprini tanıması Avropa İttifaqının başlatdığı iyrənc oyunudur. Demokratiyadan danışan Avropa adanın bir hissəsini qitəyə qəbul edir, şərait yaradır, o bir hissəsinə ögey, yad münasibət bəsləyir. Bu yolla da Şimali Kiprlə Cənubi Kipri birləşdirmək istəyir. Amma zamanında bu birlik olub, bu birliyin acı nəticəsini görmüşük. O zaman türklər adanın cəmi 3%-nə sıxışdırılmışdı və bir az da keçsə idi məhv olma təhlükəsi vardı. Dünya bunu bilir, amma indi özünü unutqanlığa qoyub, zorla bu adanı yunanların adasına çevirmək istəyir”.
S.Rüstəmxanlı bildirdi ki, Cənubi Kipri tanımamaq, konsulluq və səfirlik açmaq xarici qüvvələrin təsirinin nəticəsidir: “Bu, diplomatik sahədə bir addımdır və əslində, türk dövlətlərinin genişmiqyaslı planları ilə müqayisədə çox xırda məsələdir. Bunu şişirtmək, böyütmək, sanki türk dövlətlərinin münasibətlərinin sonu hesab etmək cahillikdir və dünyadan bixəbərlikdir. Bəlkə də zaman keçər, hər şey aydınlaşar. Ona görə də bundan istifadə edib nə Türkiyədə bu respublikalar haqqında soyuq münasibət yaradılmalı, nə də başqa bizi sevməyənlərin bəhanələrinə, uydurmalarına inanmalıyıq”.
S.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan Prezidenti mövqeyini əvvəldən ifadə edib: “Sonuncu dəfə Şimali Kiprin prezidenti Ersin Tatarla görüşü və çıxışı Azərbaycanın Türkiyə ilə həmişə birgə hərəkət etdiyini, yanaşı olduğunu göstərir. Bu əslində Avropa İttifaqının bizə olan münasibətinə adekvat cavabdır. Bu, Azərbaycanın dövlət olaraq nüfuzunu artıran, dünyada hörmət qazandıran addımdır. Düşünürəm ki, türk dövlətlərinin başçıları bu məsələləri geniş müzakirə edəcəklər və ümumi münasibətlərə xələl gətirməyən, ziyan vurmayan şəkildə yola davam edəcəklər, birgə inkişaf yolunu müəyyənləşdirəcəklər. Ona görə də bunu böyük faciə hesab etmirəm”.