Təqaüdçülərə sürücülük qadağası – İki rəy
Ekspert deyir ki, təklif edilən məsələ vətəndaşın hüququnu məhdudlaşdırmır
İctimai nəqliyyat gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər gün yüzlərlə insan avtobus və taksilərdən istifadə edərək iş, ev, məktəbə yollanır. Lakin bu yolun təhlükəsizliyi sükan arxasında əyləşən şəxslərin fiziki və psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir.
Son illərdə yaşı 65-dən yuxarı olan sürücülərin nəqliyyat vasitələrini idarə etməsi halları artır ki, bu da cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olur.
Yaşlı sürücülərin uzun illər ərzində topladığı təcrübə inkarolunmazdır. Amma bu yaşda diqqətin zəifləməsi, reflekslərin yavaşıması, sağlamlıq problemlərinin yaranması kimi amillər nəinki onların özləri üçün, həm də sərnişinlər və digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yarada bilər.
Müşfiq Cəfərov
Deputat Müşfiq Cəfərov mövzu ilə bağlı Modern.az-a bildirib ki, 65 yaşı tamam olan insanlar artıq yaş dövrü, sağlamlığı ilə əlaqədar sürücülük baxımından riskli sayılırlar. Ona görə də belə bir qərar verilib ki, 65 yaşı tamam olan insanlar kommersiya təyinatlı marşrutlarda işləməsinlər. Yəni bu yaşda olan insanlar təqaüdə göndərilməlidir. Deputat parlamentin mövqeyinə istinad edib.
Əslində necə olmalıdır? Yaşı 65 olanların sürücülük fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməlidirmi?
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ölkəmizdə nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələlərə aydınlıq gətirilir. ”Yol hərəkəti haqqında” qanunun 33-34-cü maddələrində qeyd olunur ki, Azərbaycanda sürücülük vəsiqəsi 10 il müddətinə verilir. 60-70 yaşından sonra sürücülük vəsiqəsinin yenidən dəyişdirilməsi üçün hər 2 ildən bir tələb mövcuddur. Yəni yaşı 70-ə çatmış şəxslər hər 2 ildən bir sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etməlidirlər və bu zaman onların sağlamlığı yoxlanılır, sağlamlıq haqqında arayış istənilir. Həmçinin, bir sıra xəstəliklər mövcuddur ki, Səhiyyə Nazirliyinin və ya TƏBİB-in təsdiqlədiyi siyahıya əsasən bu xəstəliklərə malik şəxslər nəqliyyat vasitəsini idarə edə bilməzlər. Belə şəxslərə sürücülük vəsiqəsi verilmir və onlar sürücülük imtahanına da buraxılmırlar.
Düşünürəm ki, hörmətli millət vəkillərinin təklif etdiyi qərar əslində vətəndaşın hüququnu məhdudlaşdırmır. Niyə? Çünki burada söhbət kommersiya məqsədli nəqliyyat vasitələrinin idarə olunmasından gedir. Yəni, əgər vətəndaşın sağlamlığı imkan verirsə, 70 yaşında da, hətta ondan sonra da öz şəxsi nəqliyyat vasitəsini idarə edə bilər. Amma burada əsas diqqət iş fəaliyyətinə yönəlib – məsələn, ictimai nəqliyyat, şəhərlərarası nəqliyyat və ya turizm sektorunda sürücülük fəaliyyəti ilə məşğul olan şəxslərə. Əgər belə şəxslər artıq pensiya yaşına çatıbsa, yəni 65 yaşı tamam olubsa, o zaman onların kommersiya xarakterli sürücülük fəaliyyəti ilə məşğul olmasınlar”.
Həkim-mütəxəssislər də qeyd edir ki, 65-70 arası yaş qrupu ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması zəruridir, xüsusilə ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün. Bunun bir çox səbəbləri var. Belə ki, yaş artdıqca görmə zəifləyir, eşitmə azalır, reflekslər ləngiyir. Eyni zamanda, xroniki xəstəliklərin riski də artır: hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri bu yaşdan sonra daha çox yayılır və qəfil vəziyyətlərə səbəb ola bilər.
O da qeyd edilir ki, psixoloji gərginlik və yorğunluq yaşlı insanlarda daha tez özünü göstərir. Bu səbəbdən bir çox ölkələrdə 65 yaşdan yuxarı sürücülər üçün müntəzəm tibbi yoxlamalar və bəzən psixoloji testlər tələb olunur. Azərbaycanda da bu praktikanın mərhələli şəkildə tətbiq olunması tövsiyə edilir: yaşı 65-i keçən sürücülər mütəmadi tibbi və psixoloji yoxlamalardan keçməli, yalnız nəticələr müsbət olduğu halda işə davam etməlidirlər. Tam qadağa yox, fərdi qiymətləndirməyə əsaslanan sistem daha ədalətli olar.
Ümumiyyətlə, tibb mütəxəssisləri bir sıra hallarda sürücülük fəaliyyətini qadağan edir və ya ciddi şəkildə məhdudlaşdırır. Bunlar, nevroloji və psixoloji xəstəliklərdir: epilepsiya (nəzarətsiz qıcolmalar), ağıldan kəmlik, demensiya (məsələn, Alzheimer), şizofreniya və digər psixotik pozuntular (nəzarətsiz hallarda), depressiya (ağır mərhələdə, diqqət pozğunluğu varsa). Kardioloji xəstəliklər: ürək ritm pozğunluqları, keçirilmiş infarkt, xüsusilə yaxın keçmişdə, qan təzyiqinin nəzarətsiz halları (hipertoniya və hipotoniya). Görmə və eşitmə pozğunluqları: iki gözlə görmənin ciddi zəifləməsi, gözlərin kəskin dərəcədə fərqli işləməsi, eşitmə cihazı olmadan normal səviyyədə eşidə bilməmək. Endokrin xəstəliklər: qanda şəkər səviyyəsinin tez-tez düşməsi və ya qalxması ilə müşayiət olunan şəkərli diabet. Ortopedik və hərəkət məhdudluğu ilə bağlı hallar: əl və ayaqlarda hərəkət məhdudluğu (xüsusən sürücülük qabiliyyətini məhdudlaşdıran formada).
Əlavə olaraq qeyd edək ki, sürücülərin sağlamlıq yoxlamalarının vahid və şəffaf sistemlə həyata keçirilməsi də vacibdir. Çünki bəzi hallarda “formallıq naminə” verilən tibbi arayışlar real təhlükələri ört-basdır edə bilər.