Gündəm 

Rəşt-Astara dəmiryol xətti ilə bağlı nə baş verir…

Kremlə yaxın kanal İranın layihənin tikintisini gecikdirdiyini iddia edir – bəs reallıqda necədir?

Azərbaycana məxsusi “diqqəti” ilə tanınan, Kremlə yaxın “Nezıqar” Telegram kanalı növbəti “sensasiya” yayıb. Bildirilir ki, İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun tikintisini gecikdirir. Söhbət İranın Astara (Azərbaycanla sərhəddə) ilə Rəşt şəhərləri arasında 160 km uzunluğunda olan hissənin inşasından gedir (Minval az).

İzahatda deyilir: “Ekspertlər avtoritar rejim üçün xarakterik olmayan bu cür ləngliyi xarici siyasət səbəbləri ilə əlaqələndirirlər. Son zamanlar Yaxın Şərqdə fəallaşan Türkiyə ilə Azərbaycanın aktiv yaxınlaşması nəticəsində Tehranla Bakı arasında gərginlik artmaqdadır. Bu, özünü qarşılıqlı ittihamlarda göstərib. Tehran Bakını ölkənin daxili işlərinə, xüsusən də Qərbi və Şərqi Azərbaycan əyalətlərinin daxili işlərinə qarışmaqda ittiham edib (?! – red.)”.

Müəlliflər həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin təyyarə olayı səbəbilə soyuduğunu qeyd edərək, ardınca vurğulayıblar: “Belə çıxır, Xəzər dənizinin şərq sahili boyunca Qazaxıstan və Türkmənistandan keçməklə Şimal-Cənub dəhlizinə alternativ marşrut çəkilib ki, bu da İrana (eləcə də Rusiyaya) bu tranzit ölkələrlə sabit münasibətlər fonunda Azərbaycandan yan keçmək imkanı verir”.

Beləcə, Telegram kanalı Astara-Rəşt dəmir yolunun İran hissəsinin tikintisinin “gecikdirilməsinin” arxasında Rusiyanın dayandığına şəffaf eyham vurub. Guya Azərbaycan vurulan mülki təyyarəni “unutmadığı üçün” Moskva Tehrana “cəza” olaraq Xəzərin şərq sahili ilə, Azərbaycandan yan keçməklə marşrut təklif edir.

Maraqlıdır ki, baş verən proseslər bu iddiaların doğru olmadığını göstərir. İlk öncə qeyd edək ki, İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş hələ 2023-cü ilin mayında imzalanıb. Sənəddə nəzərdə tutulub ki, layihə üzrə ümumi dəyəri 1,6 milyard avroya çatan işlərin 1,3 milyard avroluq mühüm bir hissəsini Rusiya maliyyələşdirəcək.  İlkin olaraq Rəşt-Astara dəmir yolu hissəsinin 2028-ci ilin əvvəlində istifadəyə verilməsi, layihə üzrə birbaşa işlərin isə bu ilin yazında başlaması nəzərdə tutulurdu.

2023-cü ildə kredit sazişi imzalansa da, İran tərəfi üzərinə düşən işləri başa çatdırmayıb deyə yolun tikintisinə başlamaq mümkün olmayıb. Əsas məsələ yolun keçəcəyi marşrutda torpaqların satın alınması ilə bağlıdır. Bu məqam Rusiya tərəfinin ciddi narazılığına səbəb olmuşdu. Ötən ilin dekabrında Rusiya Baş nazirinin müavini Vitali Savelyevin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Əsas müzakirə mövzularından biri məhz Rəşt-Astara dəmiryol xətti olub. Rusiya rəsmisi bildirib ki, xəttin tikintisi başa çatdıqdan sonra Rusiya ilə İran arasında yükdaşımanın potensial həcmi ildə 15 milyon ton təşkil edəcək. Şavelyev qeyd edib ki, İran hakimiyyəti ilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı 4 bəndi müzakirə ediblər: “Biz indi dörd məsələ haqqında danışdıq, onların yerinə yetirilməsi üçün hər iki tərəfə öhdəlik götürmüşük. Danışıqlarımızda ən həssas məsələ torpaq idi. İnfrastruktur layihələrinin həyata keçirilməsində bütün bizim böyük təcrübəmiz var və biz başa düşürük ki, İranla birgə müqaviləmizdə nəzərdə tutulduğu kimi, torpağın tam alınması olmadan torpağın qiyməti kəskin şəkildə arta bilər. İndi sual bu qərarların icrası ilə bağlı qalır”.

Yanvar ayında İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı martın sonunadək iki ölkə arasında Rəşt-Astara xəttinin tikintisi üzrə kommersiya sazişinin imzalanacağı elan edildi. Yalnız bu sənədi imzalayandan sonra Rusiya tərəfi yolun tikintisinə başlamalıdır. Fevralda məlum olub ki, Rusiya və İran Rəşt-Astara hissəsində kəşfiyyat işlərinin bir-iki ay ərzində başlamasına imkan verən saziş imzalayıblar. Müqavilə hələ imzalanmasa da, İran tərəfi  nəzərdə tutulan tikinti zonası boyunca torpaq almağa başlayıb. Belə ki,  martın əvvəlində İranın Gilan əyalətinin rəhbəri  Hadi Haqşenas yollar və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı üzrə Milli Şirkətin baş direktoru Huşənq Bazvənd ilə görüşündə yolun marşrutu boyunca 162 km torpaq sahəsinin alınmasına qərar verildiyini açıqlamışdı. Artıq 30 km-nin alınması prosesi başa çatıb, daha 50 km-in alınmasına başlanılıb. Eyni zamanda, İran tərəfi artıq Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və tikintisini üzrə təxminən 73 milyon ABŞ dolları məbləğində maliyyələşmə ayırıb.

Mart ayında İrana gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Layihəsinin bir hissəsi kimi Rəşt-Astara dəmir yolunun tikintisinin tezliklə başlanmasına ümid edir. O, dəmiryol xəttinin tikintisinə tezliklə başlanacağını bildirib: “Biz iranlı dostlarımızın Rəşt-Astara dəmir yolu xəttinin tikintisi başlamazdan əvvəl atılması lazım olan bütün addımları atmasından məmnunuq və tikintinin çox yaxın vaxtlarda başlayacağını gözləyirik”.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məqsədlə İrana ixrac krediti verəcək. Lavrov xüsusilə qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam işləməsi üçün Rəşt-Astara hissəsində dəmir yolu xidmətinin işə salınması zəruridir.

Bir neçə gün əvvəl Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali “Rossiya-24″ telekanalına müsahibəsində deyib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin 3-4 ildən tez başa çatması gözlənilmir. Onun sözlərinə görə, dəmir yolu İranla Azərbaycanı birləşdirəcək və beləliklə, hazırda əsasən avtomobil nəqliyyatı ilə daşınan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu boyunca yüklərin birbaşa çatdırılmasına imkan verəcək: ”Biz başa düşürük ki, Rəşt-Astara dəmir yolunun tikintisi üçün hələ ən azı 3-4 il vaxt lazımdır”.

Təxminən 170 km uzunluğunda olan Rəşt-Astara dəmir yolu hissəsi İranın Azərbaycanla sərhədində yerləşir. O hazır olmadığına görə hazırda Rusiya ilə İran arasında yüklər birbaşa Azərbaycan ərazisindən dəmir yolu ilə çatdırıla bilmir. Nəticədə onlar dəmir yolu ilə Rəştə çatır, oradan avtomobillərə yüklənərək Azərbaycanın İranla sərhədinə, oradan isə həm dəmryolu, həm də avtomobil yolu ilə daşınır ki, bu da mümkün yük axınının həcmini xeyli məhdudlaşdırır. Eyni zamanda birbaşa avtomobil yolu marşrutu da ayrıca fəaliyyət göstərir. Kazem Cəlalinin sözlərinə görə, artıq onun vasitəsilə ildə 3 milyon tondan çox yük daşınır.

Rusiya logistikası üçün bu layihə son dərəcə maraqlıdır, çünki Fars körfəzinin limanlarına “birbaşa” keçidi və Yaxın Şərqin “dost” adlandırılan ölkələrinə, onların vasitəsilə isə Afrika bazarına çıxışı təmin edir.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin daha iki qolu var. 2023-cü ildə fəaliyyətə başlayan şərq qolu Qazaxıstan və Türkmənistan ərazisindən keçir və dəmir yolu əlaqəsinə əsaslanır. Kazem Cəlali bu yolla bağlı məqsədlərini də açıqlayıb: “Biz bu marşrutu 2023-cü ildə işə saldıq. 2024-cü ildə 2 milyon tona qədər yük daşımağı qarşımıza məqsəd qoymuşduq. Biz çox şadıq ki, 1,8 milyon ton yüklə bağlı statistika əldə etmişik”. Kazem Cəlali həmçinin vurğulayıb ki, 2025-ci ildə tərəflər Şərq marşrutunun potensialının 3 milyon tona çatacağını gözləyirlər

Səfir Xəzər dənizi üzərindən reallaşan Orta qoldan da danışıb: “Bizim orta marşrut adlandırdığımız başqa bir marşrut var ki, o da Xəzər dənizindən – Rusiya, Xəzər dənizi, İrandan keçir. 2024-cü ildə biz Xəzər marşrutu ilə 8 milyon tondan çox yük daşımışıq. Bu, çox yaxşı statistikadır”.

Aprelin 7-9-da İranın yollar və şəhərsalma naziri, hökumətlərarası komissiyanın həmsədri Fərzaneh Sadiqin başçılıq etdiyi İran nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfərin gündəliyində duran digər mövzular arasında Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinin müzakirəsi də olub.

Bildirilib ki, Rəşt-Astara dəmiryolunun tikintisi ilə bağlı müzakirələr üçün yaxın vaxtlarda Rusiya, İran və Azərbaycanın dəmir yolu idarələri rəhbərlərinin görüşü planlaşdırılır. Görüşdə yolun  tikintisinin gedişi və bununla bağlı problemlərin həlli müzakirə olunacaq.

Aprelin 17-də Rusiya hökumətinin baş nazirinin müavini Aleksey Overçuk TASS-a bildirib ki, İrandakı rusiyalı mütəxəssislər artıq Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara qərb marşrutu üzrə dəmir yolu layihəsi üzərində işləyirlər:  “Mütəxəssislərimiz artıq İrandadır və işləyirlər”.

Onu da bildirək ki, Azərbaycan öz ərazisində Şimal-Cənub dəhlizi çərçivəsində dəmiryol sisteminin təkmilləşdirilməsini davam etdirir. 2024-cü ildən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlanılıb. Azərbaycan Dəmiryolları QSC-dən verlən məlumata görə, ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Layihə üzrə ikinci mərhələ Kür çayı üzərində inşası 2023-cü ildə tamamlanmış və artıq istismara verilmiş cüt dəmir yolu körpülərindən ibarətdir. Üçüncü və dördüncü mərhələlər üzrə isə layihələndirmə işləri davam etdirilir.

Beləliklə, aydın görünür ki, Azərbaycana dost olmayan Telegram kanalının yaydığı məlumatın əksinə proseslər gedir. Nə Rusiya, nə də İran Rəşt-Astara xəttinin tikintisindən imtina etmək kimi bir lüksə malik deyillər. ABŞ-Rusiya münasibətlərində müşahidə edilən son yumşalma həddən artıq kövrək olmaqla, hər an dayanma riski altındadır. İran isə ABŞ-la nüvə enerjisi sahəsində danışıqlara başlasa da, onun qoyulan şərtlərlə tam razılaşması ehtimalı cüzidir. Bütün bunlar iki ölkəni iqtisadi maraqlarını uzlaşdırmaq, Asiya ilə əlaqələrdən daha möhkəm yapışmaq məcburiyyətində buraxır. Bu əlaqələrdə Rəşt-Astara ən əlverişli marşrutun əsas komponenti kimi həm Rusiya, həm İran üçün çox zəruridir…

Daha çox xəbərlər