Gündəm 

Möhtəşəm quruculuq və Böyük Qayıdış uğurla reallaşır

2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiya hazırda işğaldan azad edilmiş əraziləri də əhatə edir və burada geniş miqyasda tətbiq edilir. Azad ərazilər tamamilə yenidən qurulur, burada həm yaşayış evləri tikilir, həm müəssisələr, fabriklər, zavodlar açılır, sahibkarlıq subyektləri yaradılır. Ötən ilin fevralında mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, işğaldan azad edilmiş rayonlarda 2023-cü il ərzində 1 271 yeni iş yeri açılıb. 2022-ci ildə isə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılmışdı. 2023-cü ildə ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Laçında 625, Şuşada isə 275 yeni iş yeri yaradılıb. Təbii ki, bu proses 2024-cü ildə də davam etdirilib. Həmin ilin ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yeri yaradılıb. Göründüyü kimi, keçən il də xeyli sayda müəssisə açılıb və yerli əhali işlə təmin edilib. Azad rayonlarda yaşayan insanların işlə təmin olunması onların sosial rifahının güclənməsinə şərait yaradıb.

Azad rayonların bərpası, yenidən qurulması, müxtəlif təyinatlı tikililərin inşa edilib istifadəyə verilməsi, burada yeni parkların, yaşıllıq zolaqlarının salınması, muzeylərin, mədəniyyət müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının, müxtəlif kursların fəaliyyət göstərməsi ciddi bir nümunə kimi diqqəti cəlb edir. Bu gün Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə, Zəngilanda və başqa azad ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, yeni iş yerlərinin açılması prosesi, əhalinin məskunlaşması kimi amillər bu torpaqlarin necə böyük əhəmiyyətə malik olduğunun göstəricisdir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: “Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq”. Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: “Həmçinin burada yeni müasir avtomobil, dəmir yolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır”. Qeyd edilib ki, Xankəndinin yeni Baş planı da hazırlanır: “Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir”.

Bütün bu proseslər Prezident İlham Əliyevin şəxsi tapşırığı əsasında həyata keçirilir və bu böyük tarixi hadisəyə ölkə başçısı rəhbərlik edir. Prezident azad rayonlara tez-tez səfərlər edir və bu səfərlər çərçivəsində kəndlərin, yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, fabkrik və zavodların, parkların əsasını qoyur. Bunun üçün təkcə ötən il bu istiqamətdə atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. Ötən ilin 28 May-Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyev Xocalıda bu şəhərə köçən ilk sakinlərlə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Bu, qürurverici hadisə qısa müddətdə Xocalı şəhərində görülən genişmiqyaslı bərpa işlərinin təqdimatı oldu. Bunu qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarının qısa müddətdə dirçəldilməsinə, sakinlərin doğma yurd-yuvalarına qayıdışına səy göstərir. Bu sırada Zəngilan rayonunun Ağalı kəndinin ilk pilot layihənin-«ağıllı kənd»in iştirakçısı olmasını, qısa müddətdə sakinlərinə qovuşmasını da qeyd edə bilərik. Füzulinin və Zəngilanın qısa zamanda hava qapılarını dünyaya açmasında böyük qürur hissi ilə qeyd edə bilərik.

Bu gün işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları artmaqda davam edir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu il sakinlərinə qovuşacaq şəhərlər sırasında Ağdam da var. Hazırda rayonun Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə  o qayıdış gününü, Böyük Qayıdış Proqramının icrasını  gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Cənab İlham Əliyev bugünümüzün reallıqları fonunda bu gerçəkliyi də diqqətə çatdırır ki,  hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər