Gündəm 

Cənubi Qafqazda ümumi maraqları gücləndirən əməkdaşlıq

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi qarşılıqlı səmimiyyətin, sarsılmaz dostluğun göstəricisidir

Xarici siyasətini qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşdıran, bütün dövlətlərlə, ilk növbədə region ölkələri ilə əlaqələrə böyük önəm verən Azərbaycanın dost Gürcüstanla strateji əməkdaşlığının nümunə göstəriləcək zəngin tarixi vardır. İki ölkə arasındakı dostluğu son onilliklərdə baş verən hadisələr baxımından dəyərləndirən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı dostluğu nümunə göstərir: «Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, – o acı və ağrılı günləri biz xatırlayırıq, – məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.» 2008-ci ildə Tbilisidə baş verən və kütləvi qırğınlarla nəticələnən hadisələr zamanı qardaş dəstəyini əsrgəməyən Azərbaycan təzyiqlərə baxmayaraq dost ölkənin enerji ilə təminatında əsas rol oynadı.

Azərbaycanın təşəbbüsü olan qlobal enerji və nəqliyyat layihələrinin gerçəkləşməsində , ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasında önəmli tərəfdaş, tranzit bölgə kimi, xüsusi əhəmiyyət daşıyan Gürcüstanla Azərbaycanın əməkdaşlığı beynəlxalq səviyyədə də dəstəklənir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində layihənin əsas tərəfdaşlarından olan Gürcüstana ən aşağı faizlə maliyyə yardımı ayıran Azərbaycan növbəti dəfə humanistlik nümunəsi göstərdi. Ötən ilin sonlarında qardaş ölkədə xarici müdaxilələr nəticəsində yaranan gərginlik zamanı gürcü xalqı ilə həmrəyliyini bildirən Azərbaycan dost ölkəyə siyasi dəstəyini əsirgəmədi. Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra reallaşan Cənub Qaz Dəhlizi möhkəmlənən sağlam münasibətləri daha da gücləndirdi. Yaşıl enerji layihəsinin reallaşması dünyanın diqqət mərkəzində olan Cənubi Qafqazda sabitliyin yaranmasına etimadı artırdı.

Prezident İlham Əliyevin Tbilisiyə davamlı səfərləri, dost ölkənin Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfərləri çərçivəsində keçirdiyi görüşlər regionda sülhün və sabitliyin qorunmasına etibarlı təminat olmaqla XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaqmasına münbit şərait yaradır. Dünyanın siyasi masasında geosiyasi və geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan Cənubi Qafqazın bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin yeni keyfiyyət baxımından icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana marağı artırır. Orta Dəhlizin coğrafi imkanlarını daha da çoxaldır.

Güclü siyasi iradə əsasında formalaşan, təkmilləşən, inkişaf etdirilən iki dost ölkənin birgə səyi ilə reallaşan layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün gərəklidir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı məkanı düzgün müəyyənləşdirən, Cənubi Qafqaza müdaxilələri əsassız adlandıran, «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» söyləyən Prezident İlham Əliyev Cənubi Qafqaz ölkələri arasındakı münasibətlərin normallaşmasında rəsmi Tbilisinin önəmini diqqətə çatdırır.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini dost Azərbaycana etməsi də qarşılıqlı səmimiyyətin, sarsılmaz dostluğun göstəricisidir. Səfər çərçivəsində prezidentlər İlham Əliyevin və Mixeil Kavelaşvilinin mətbuata bəyanatlarında iki dövlət arasındakı əlaqələrin sarsılmazlığı və münasibətlərin gələcək inkişafı öz əksini tapmışdır.

Əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamış xalqlarımızın tarixi ənənələrinin davam etdiriləcəyini, münasibətlərin yüksək səviyyədə olduğunu «Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Gürcüstanın birgə həyata keçirdikləri enerji, nəqliyyat, kommunikasiya layihələrini nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən önəmli addım adlandırıb. Qeyd olunub ki, Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmaqla Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Dövlət başçımız əlavə olaraq vurğulamışdır ki, Orta Dəhliz layihəsinin Azərbaycandan və Gürcüstandan keçməsi, daşınan yüklərin həcminin artırılması ölkələrimizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, diplomatik səyləri gücləndirir. Bölgədə sabitliyin qorunmasında birgə səylərin önəmini «Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf edəcəyini əminliklə bildirib.

Eyni səmimiyyət Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin açıqlamalarında da səsləndirilib. Gürcüstanla Azərbaycan arasında çoxşaxəli əməkdaşlığı nümunəvi əlaqə adlandıran Gürcüstan Prezidenti Cənubi Qafqazda sabitliyin təminatı ilə bağlı çağırışları dəsətəklədiyini bildirib. Əlavə olaraq vurğulanıb ki, əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək səmimi əməkdaşlıq üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplər kimi nümunə göstərilir.

«Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir» söyləyən Gürcüstan Prezidenti daha da qloballaşan dövrümüzdə fundamental dəyərləri təhdid edən müdaxilələrə qarşı birgə mübarizəyə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Vurğulanıb ki, gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə eyni mövqeyə sadiq qalmış və bundan sonra da birlikdə olacaqlar. Zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Görüşlərdə Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsinin önəmi vurğulanıb.

«Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq» sözləri ilə rəsmi Tbilisinin regional sülhə siyasətinin davamlı olacağını bildirən qonaq «Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək» sözləri ilə də regional sabatliyə töhfə verəcəklərini ifadə edib.

Gürcüstan Prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsini çoxəsrlik dostluğun, uğurlu siyasi, iqtisadi əlaqələrin güclənməsinə töhfə adlandırmaq olar. Bu səfər bir daha təsdiqlədi ki, Cənubi Qafqaz xalqları adət və ənənələrini davam etdirməklə dırnaqarası liberal dəyərlərə qalib gələcək. İkili standartlardan, xarici qüvvələrin Cənubi Qafqaz ölkələrinin daxili işlərinə müdaxiləsi nəticəsində yaranan təhlükələr birgə səylərlə aradan qaldırılacaq. Regionun təhlükəsizliyi və sabitliyi təmin ediləcək. «Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm» söyləyən Mixeil Kavazaşvili əminliklə bildirib ki, biz regionun potensialından tam istifadə etməklə, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməli, xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimizi daha sürətlə inkişaf etdirməliyik.

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər