Azərbaycanda tövləni xatırladan orta məktəb – VİDEO
Sabirabad rayonu, Yolcubəyli kəndində orta məktəb bərbad vəziyyətdədir.
ARANTV.AZ xəbər verir ki, bu barədə kənd sakinləri sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Vurğulanır ki, burada məktəb təmirsiz olmaqla yanaşı, həm də şagird və müəllimlərin həyatı üçün təhlükəlidir.
Məktəbdən video görüntüsünü çəkib “Facebook”da paylaşılıb. Videodan da, göründüyü kimi şagirdlərin təhsil aldığı məktəb mal tövləsini xatırladır.
Məktəbdə pilləkanlar taxtadan və uçulmuş vəziyyətdədir.
Məktəbdə yanğın baş versə, onu söndürmək üçün normal şərait də yoxdur. Yalnız bircə yanğınsöndürən balon var ki, o da işlək vəziyyətdə deyil.
Eyni zamanda, məktəbin döşəməsi uçuq-sökükdür. Məktəbin şüşələri olmadığı üçün onun üstünə sellofan paket vurulub. Qapıları isə nə bağlanır, nə də normal açılır.
Bir sözlə, Azərbaycan gəncliyinin bünövrəsi qoyulan təhsil ocağı tövləni xatırladır.
Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, məsələ qeydiyyata alınıb. Bununla bağlı araşdırma aparılacaq və ətraflı məlumat veriləcək.

