Gündəm 

Moskva Azərbaycan-NATO əlaqələrindən əndişədə

Belə rəy yaradılır ki, guya Bakı alyansla Rusiya ilə münasibətlərdə yaranmış gərginlikdən sonra əməkdaşlığa başlayıb; XİN rəsmisinin də dilə gəlməsi…

Moskva Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyətindən qaynaqlanan narahatlıqları anlayacağına və belə “aqressiv hərbi blok” ilə əməkdaşlığın potensial təhlükələrini dərk edəcəyinə ümid edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, NATO-nun bu regionda mövcudluğu təhlükəsizlik üçün fayda gətirmir, əksinə, Qərb dövlətlərinin əsas məqsədi bölgədə gərginliyi artırmaq, qarşıdurma nöqtələri yaratmaqdır.

O, həm Bakının, həm də İrəvanın Rusiyanın əsaslandırılmış narahatlıqlarını qəbul etməsini və əməkdaşlığın risklərini qiymətləndirməsini vacib sayıb.

Yada salaq ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilib. Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunub.

İnternetin Rusiya seqmentində belə rəy yaradılıb ki, guya Bakı ilə NATO  Moskva ilə münasibətlərdə yaranmış gərginlikdən sonra əməkdaşlığa başlayıblar. Bəllidir ki, Azərbaycanla NATO arasında çoxillik əməkdaşlıq çərçivəsində həm nəzəri, həm də praktiki olaraq kifayət qədər tədbirlər keçirilir ki, onların təşkili üçün suveren dövlət kimi Azərbaycan üçüncü tərəfdən razılıq almağa borclu deyil. Bundan əlavə, Azərbaycan hərbi bloklardan kənarda qalmaq statusuna sadiqdir və bu qəbildən olan ittihamlar gülünc görünür.  Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasətin amillərindən biri kimi 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” sənədini imzalamaqla  NATO ilə qarşılıqlı əməkdaşlığa başlayıb. Azərbaycan-NATO tərəfdaşlığının əsas istiqamətləri siyasi dialoq, sülhməramlı əməliyyatlar, terrorizmlə mübarizə, təhlükəsizliyin təmin edilməsi və müdafiəyə xüsusi önəm verilməklə praktiki əməkdaşlıqdır. Bütün bu məqamlar Azərbaycan tərəfindən 30 il əvvəl bəyan edilib və heç vaxt məxfilik təşkil etməyib. Görünür, Rusiyadakı bəzi dairələr Azərbaycana qarşı kin-küdurətini büruzə vermək üçün hər bir fürsətdən istifadə edir.

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Mariya Zaxarovanın belə bir açıqlama verəcəyi gözlənilən idi. Zaxarovanın bu açıqlaması ona görə gözlənilən idi ki, Rusiya Ukrayna cəbhəsində müəyyən nəticələr əldə eləyəndən sonra keçmiş postsovet ölkələrinə, ilk növbədə də Azərbaycana təzyiq etməyə çalışacaq: “Çünki Azərbaycan öz ordusunu müasir standartlar səviyyəsində qurub, özünün müdafiə və təhlükəsizlik arxitekturasını modernləşdirib ki, bu da Rusiya tərəfindən heç də məmnunluqla qarşılanmır. Rusiya postsovet respublikalarını yalnız öz təsir dairəsində arzulayır və bu ölkələri özünün arxa bağçası hesab edir. Bu ölkələrdən hansı NATO ilə yaxınlaşma siyasəti aparırsa, Moskva ona qarşı aqressivlik nümayiş etdirir, sərt addımlar atır. Biz bunu Gürcüstanın timsalında, eyni zamanda Moldovanın və hazırda Ukraynanın timsalında görməkdəyik. İndi Azərbaycana və Ermənistana ünvanlanmış mesaj da Rusiya tərəfindən xəbərdarlıq mesajı kimi oxunmalıdır. Amma bu mesajlar doğru ünvanlara yönəlibmi, o da ayrı bir mövzudur. Son beş ildə Ermənistanın həm NATO, həm də Avropa İttifaqı ilə münasibətləri ciddi şəkildə inkişaf eləyib, Avropa İttifaqının yarımhərbi missiyası Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilib, ABŞ və Fransa hərbçiləri ilə Ermənistanın hərbi qüvvələri birgə təlimlər keçir, Avropa İttifaqı ilə Ermənistan arasında təhlükəsizlik sahəsində müəyyən anlaşmalar mövcuddur. NATO ilə əlaqələr genişlənməkdədir, Ermənistan ordusunda amerikalı və fransız hərbçilər təlimatçı, müşavir vəzifələrində çalışırlar, Ermənistan ciddi şəkildə Rusiyanın təhlükəsizlik orbitindən uzaqlaşmağa cəhd edir, KTMT-də fəaliyyətini faktiki dayandırmış vəziyyətdədir.  O ki qaldı Azərbaycana, Azərbaycanın NATO ilə əməkdaşlığı müstəqillik əldə etdikdən sonrakı illərdən başlayaraq normal şəkildə inkişaf edib. Bu münasibətlər, sadəcə olaraq, müəyyən bir səviyyədə davam etməkdədir. Azərbaycan rəsmən bəyan edib ki, onun Avropa İttifaqı və NATO-ya üzv olmaqla bağlı heç bir planı yoxdur. Sadəcə olaraq, Azərbaycanın Türkiyə və Pakistanla hərbi-texniki sahədə ciddi əməkdaşlığı var. Belə hesab etmək olar ki, Rusiya əslində bunu qəbul etməkdə çətinlik çəkir”.

Politoloq qeyd etdi ki, Azərbaycan müstəqil ölkədir və özünün təhlükəsizlik konsepsiyasına, hərbi doktrinasına uyğun olaraq addımlar atır. Azərbaycan birmənalı şəkildə öz ərazində qonşularına qarşı heç zaman hansısa addımın atılmasına imkan verməyib və bundan sonra da verməyəcək: “Bütün hallarda Rusiyadan gələn xəbərdarlıqlar müstəqil dövlətin işinə qarışmaqdır. Azərbaycan ərazisindən Rusiyaya qarşı heç bir təhdid yoxdur ki, Rusiya bu qədər narahat olsun və irəli getsin. Rusiyadan verilən açıqlama imperialist düşüncə tərzinə uyğun açıqlamadır. Azərbaycan öz addımlarında müstəqildir və bu, Rusiyaya aydındır, aydın olmalıdır”.     

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri, XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycana “NATO ilə əməkdaşlığın risklərini” xatırlatması, bunun ardınca Rusiyanın dövlət “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionlarını (Krım və digər) tanımasını gözləyir” yazması Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını bir daha göstərir: “Rusiyanın dövlət agentliyi bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb. Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin ”RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Eyni zamanda NATO ilə, dolayısı ilə Türkiyə ilə hərbi əməkdaşlığımızı inkişaf etdirməməyi istəyir. Bu heç zaman mümkün olmayacaq. Belə olan halda Kremlin və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə təxribatlar gözləməliyik. Maraqlıdır, Kreml bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər