Siyasət 

Paşinyanı Türkiyəyə aparan İLGİNC səbəb – Ermənistan da “Hörümçək toru”na düşə bilər, əgər…

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi barədə məlumat yayılıb. Onun prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bir həftə sonra – iyunun 20-də Ankaraya gedəcəyi bildirilir. Erməni mənbələrinə görə, iki ölkə liderləri Azərbaycan-Ermənistan və Türkiyə-Türkiyə münasibətlərini müzakirə edəcək.

Paşinyan hökuməti xəbəri nə təkzib, nə də təsdiq edib. Bu da əslində təsdiq kimi bir şeydir. Nədən ki, belə xəbərlər gerçəyə uyğun olmayanda rəsmi qurumlar onları dərhal yalanlayır və hətta “təxribat” adlandırır…

Bəs Nikol Vovayaeviçi qardaş ölkəyə dartan nə ola bilər?

Yada salaq ki, Paşinyan indiyədək üçüncü ölkələrin ərazisində (Praqa, Tirana) bir neçə dəfə Ərdoğanla bir araya gəlib, qısa söhbətlər ediblər. Ermənistan rəhbəri Türkiyədə də olub – 2023-cü ildə. O vaxt o, prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi. Budəfəki səfər isə Abdulla Gül-Serj Sərksiyan “futbol diplomatiyası” nəzərə alınmazsa, daha ciddi mətləbdən xəbər verə bilər. Hansı?

Ehtiyatlı nikbinliklə bunu yazmaq olar ki, Nikol Paşinyan nəhayət, Ermənistan ətrafındakı qeyri-müəyyən durumu, o sırada ABŞ və Avropa İttifaqından, həmçinin Rusiyadan gərəkən təhlükəsizlik zəmanəti ala bilməyəcəyini anlayıb və yeganə çıxış yolunu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salmaqda görür. Gerçəkdən də Ermənistan adlı kvazi-dövlətin varlığına ən real təminatı məhz iki qardaş və qonşu dövlət verə bilər. Ankaranın şərti isə bəlli: İrəvan öncə Bakı ilə anlaşmalıdır…

İstisna deyil ki, Paşinyan razılaşdırılmış sülh sənədinin imzalanmasını tezləşdirmək üçün Türkiyənin Azərbaycana hansısa şəkildə təsir göstərməsinə nail olmağa çalışacaq. Bir növ, son dəfə Ərdoğanın “ağzını” arayacaq.

Ancaq bu qəbil səylərin nəticə verəcəyi sual altındadır. Ona görə ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl hələ də xaricdə özünə ağa axtaran Ermənistandır. Onun qonşulara qarşı davam edən konstitusion ərazi iddialarıdır. Yəni öncə erməni tərəfi öz gözündəki “tiri” götürməli, region ölkələri üçün təhlükə və müharibə mənbəyi olmadığını isbatlamalıdır…

Sonra. Ortaq qonşumuz olan İrana qarşı İsrailin son əməliyyatı sülh və əmin-amanlığın bölgəmiz üçün nə dərəcədə mühüm faktor olduğunu bir daha nümayiş etdirdi. Ancaq bəllidir ki, Təl-Əvivlə Tehran arasında düşmənçilik səviyyəsinə çatan gərginliyin birinci səbəbi onların bir-birini dövlət kimi tanımaması, daha dəqiqi, cənub qonşumuzun İsraili “yer üzündən silmək” planlarıdır.

Demək, vəziyyətin dramatikliyindən kapitulyant Ermənistana da “pay” düşür. O Ermənistan ki, sözdə ərazi bütövlüyümüzü tanıdığını bəyan eləsə də, əməldə sülh müqaviləsini imzalamağa tələsmir. Bakının iki legitim şərtini reallaşdırmaqdan yayınır.

Söhbət Minsk Qrupunun rəsmi ləğvi üçün ATƏT-ə ortaq müraciət və konstitusiyadan Azərbaycana ərazi iddiasını ehtiva edən istinadın çıxarılmasından gedir. Əvəzində qonşularımız altdan-altdan sürətlə silahlanır, özləri üçün rekord həcmdə (1.7 milyard dollar) hərbi büdcə müəyyən edir, İrəvanda separatçı tör-töküntülərin vaxtaşırı Bakıya meydan oxumasına Paşinyan göz yumur, ölkədə revanşsizim azalmaq yerinə güclənir və s.

Ən əsası, böyük sülh anlaşması olmadığı və siyasi-diplomatik münasibətlər qurulmadığı üçün iki ölkə faktiki müharibə vəziyyətindədir. Yenə səbəbkar 44+1 günlük müharibədən ibrət götürməyən İrəvandır. O zaman məsləhətdir ki, qərb qonşumuz heç olmasa, İsrail-İran qarşıdurmasından dərs götürsün.

Yeri gəlmişkən, yəhudi dövləti Tehrana qarşı Ukraynanın Rusiyada həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının bənzərini reallaşdırıb. Həm də qat-qat ciddi və böyük dəqiqliklə. Əgər Ermənistan da günün birində, ən yaxşı halda “Hörümçək toru”na düşmək istəmirsə, tələssin. Bizdən demək. Daha doğrusu, yazmaq…

Daha çox xəbərlər