İran üçün seçim zamanı – Ya “iki pisdən ən yaxşısı”, ya da…
İsrail-İran hərbi qarşıdurması,- quru qoşunları cəlb edilmədiyindən bunu müharibə adlandırmaq olmur, – belə görünür, kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Rəsmi Təl-Əvivə görə, bu həftə “qaynar mərhələ”, yəni ki, ümumən münaqişə yekunlaşa bilər.
Keşkə, belə də olsun və böyük bir coğrafiyanın əhalisi, bütövlükdə dünya nəhayət, rahat nəfəs alsın. Ancaq əgər münaqişəni yaradan əsas səbəb aradan qalxmayacaqsa, demək ki nə vaxtsa o, təzədən qızışa bilər…
Baş səbəb isə bəlli: nə qədər paradoksal da olsa, İran özü kimi BMT üzvü olan digər dövləti – İsraili legitim hədəf saymağa və onu məhv etmək planlarına sadiq qalmağa davam edir. İsrail isə sıradan bir dövlət deyil, ABŞ kimi hərbi-strateji müttəfiqi var. Odur ki, rəsmi Tehran yüz ölçüb bir biçmək zorundadır.
Bu mənada ABŞ-ın İrana son hava zərbələrini Tehran özü legitimləşdirib. Yaxud özü-özünü tələyə salıb. Bu tələdən çıxmaq gərəkir. Yolu da əlbəttə ki, BMT Nizamnaməsinə sayğı-hörmətdən keçir…
Məsələ ondadır ki, Tehran istəsə də, istəməsə də, İsrail adlı dövlət mövcuddur. İndi əgər sən belə bir faktı görməzdən gəlib həmin dövlətin varlığını on illərlə təhdid edəcəksənsə, avtomatik şəkildə özün və nüvə silahına hesablanmış proqramların və obyektlərin də legitim hədəfə çevriləcək. Necə ki, çevrilir.
Pakistan da müsəlman dövlətidir, niyə onun atom silahına heç kim irad bildirmir? Ona görə ki, nüvə silahı hər hansı digər ölkəyə, xalqa qarşı yönəlməyib. İslamabad BMT üzvü olan heç bir dövləti yer üzündən silməklə hədələmir. Bu məqsədlə kənarda proksi qüvvələr saxlamır.
Qısası, qarşıdurmanın daha fəlakətli şəkil almaması müstəsna olaraq Tehrandan asılıdır. Ona görə ki, motiv onunla bağlı. Nə qədər çətin də olsa, İran rəhbərliyi mövcud durumda “iki pisdən ən yaxşısını” seçmək zorunda. Seçəcəkmi?..
Bu yerdə iranlı ekspert Rza Talebinin ötən həftə hərbi qarşıdurma ilə bağlı irəli sürdüyü üç mümkün ssenarini yada salmaq lazım gəlir. Bunlar aşağıdakılardır:
“Birinci və ən az dağıdıcı yol Tehranın düşmənçilik hərəkətlərindən rəsmi imtina etməsi və ABŞ prezidenti D. Trampın irəli sürdüyü şərtləri qəbuletməsidir. Bu ssenariyə görə, İran İ nüvə proqramını məhdudlaşdırır, yalnız taktiki sistemləri saxlamaqla orta mənzilli ballistik raketləri və xarici proksi strukturları ləğv edir”.
İkinci ssenari İranın mövqeyinin radikallaşmasıdır: “O halda Tehran Hörmüz boğazını bağlamaqla qlobal enerji böhranına səbəb ola, Qətər və Səudiyyə Ərəbistanındakı Amerika bazalarına kütləvi raket zərbələri endirməyə cəhd edə bilər. Belə bir addım Fars körfəzi ölkələrinin İsrail və ABŞ tərəfinə keçməsinə gətirib çıxaracaq və İranın genişmiqyaslı beynəlxalq blokadası ilə başa çatacaq. Bu ssenari çərçivəsində ölkənin elektrik şəbəkələrinin dağıdılmasını, iqtisadiyyatın faktiki iflic vəziyyətinə düşməsini, eləcə də xarici dəstəklə bəluc və kürdlərin mümkün qiyamını gözləmək olar”.
Talebiyə görə, üçüncü və ən təhlükəli variant “çirkli” nüvə bombalarından istifadədir: “Bu halda İran adi ballistik raketləri radioaktiv materiallarla təchiz edə və İsrail şəhərlərinə ata bilər. Belə bir vəziyyətdə İsrail və ABŞ-ın cavabı misilsiz miqyasda və çox amansız olacaq və İran rejimi bir neçə gün ərzində məhv edilə bilər”…
Hələ ki, əlamətlər daha çox birinci varianta ümidləri saxlamaqdadır. Hələ ki, İran parlamentinin Hörmüz boğazını bağlamaqla bağlı qərarı təsdiqlıənməyib. Hələ ki…
Analitik xidmət,
Musavat.com