Region Xəbərləri 

Bir ovuc torpaq…

“Ağdam azaddır!”. Evdə bir anlıq  sükut çökdü. İllərlə gözlədiyi xəbər gəldi cənab Prezidentimizdən. Şükürlər olsun Yaradana! Sevinc nidaları və göz yaşları bir-birinə qarışdı. Ələkbər həkim peşə fəaliyyəti boyu bir çox cərrahi əməliyyatlar etmiş və yüzlərlə insanı həyata qaytarmışdı. Amma bu xəbər qədər heç nə belə titrətməmişdi onun qəlbini.

İllər sonra bir yaz günü geri dönür böyüyüb, boya-başa çatdığı torpağa.
Yeni ümidlə, həyəcanla Qarabağa gedir. Qəlbindəki qurub-yaratmaq istəyidir onu doğma elinə tələsdirən. Bakıdan Qarabağa doğru. Artıq vaxt çatmışdır. Ağdam öz övladlarını geri çağırır.

İllərlə çəkdiyi həsrət, qəlbindəki nisgil və ümid- bütün bu duyğular “dördyolu” keçib Ağdama doğru aparan yolda birləşir. Sanki “dördyol” həsrətin sonu, qovuşmanın başlanğıcıdır. Bu yol sadəcə bir coğrafi istiqamət deyil. Bu yol ana yurduna, ata ocağına qayıdışdır. Müharibənin ən ağrı-acılı səhifəsi sanki Ağdamın payına düşmüşdü. Yol boyu dağıdılmış evlər, viran qalmış küçələr, yanmış divarlar, boşluq içində həsrət çəkən səssizlik insanı həm kədərləndirir, həm də qəzəb hissi yaradır. Bu sükutda bəlkə də itirilmiş gəncliyin səsi, qoparılmış həyatın izləri gizlənmişdi.

Uzaqdan “Qalayçılar” yazısı görünür. Qəlbindəki həyəcan getdikcə daha da artır. Axı gənc ikən ayrıldığı bir kəndə belə qayıtmaq asan deyildi. Avtomobilin açıq pəncərəsindən baxaraq, dərindən nəfəs aldı. “Buranın havası da doğmadır”-qəhər onu boğur. Davam edirlər evə doğru. Yol boyu gördüyü dağıdılmış yurdunun acısını hiss edir qəlbində. Çünki uçmuş hər divar bir ailənin itirilmiş illərini gizlədir içində.
Avtomobil kəndin içində dayandı. Sanki onunla birgə zaman da dayandı. Düşüb ata ocağına doğru asta addımlarla, torpağı incitmədən evə yaxınlaşdı. Qarşısında yarıuçuq divarları, sökülmüş damı ilə onların ata ocağı  dayanırdı. Bura onların doğma evi idi – ocaqlarının söndüyü, uşaqlıq səs-küyünün yoxa çıxdığı yer. Çatan kimi əlinə qurumuş bir ovuc torpaq aldı. Sonra uşaqlıqda oynadığı həyətə keçdi.
“Qurumuş bir ovuc torpaq…”. Ağdamı ziyarət edən bir gənc kimi demək istəyirəm ki, onu dağıntılar altında görən hər kəsin səssiz axan göz yaşları  o müqəddəs torpağı suvarıb. Bugün torpaq öz doğmaların tanıyıb,yenidən canlanıb.
Həyətə daxil olur. İllər öncə əkdiyi qızılgülün fidanlarını görmək onun üçün möcüzə idi.

Uşaq ikən əkdikləri ağac belə yaşıllaşmışdı. Kökləri ilə torpağa, budaqları ilə göyə sarılaraq səbrlə gözləmişdi övladlarını. Şahid ağac – bu evdə törədilən vandalizmin  şahidi.

Birdən o qeyri-ixtiyari əlini həmin ağaca uzadır. “Mən qayıtdım…” – deyir pıçıltı ilə.
Ağacın yanında oturub dinləməyə gücü çatarmı doğma elinin başına gələnləri? Daşımaq olarmı bu yükü? Danışmaq olarmı 27 ildən çox çəkən köçkünlük həyatından?
Hər yer dağıntılar içində idi. Həyətdə keçmişdən bir nişanə olaraq su hovuzu qalmışdı. Ona tərəf keçdi. Hovuza söykənib bu ötən illər barədə düşündü. O anda sanki dağlar da yenidən nəfəs alır, küləklər də səssiz-səmirsiz danışır.

Ələkbər həkim bilirdi ki, insan doğulduğu torpaqdan güc alar və gələcəyini də yenidən qura bilər. Bunları düşünərkən o, ata ocağında tək deyildi. Qardaşı, bacısı, əzizləri də eyni həsrətlə, eyni yanğı ilə doğma elə qayıtmışdılar. Xatirələr göz önündə canlanırdı. Heç kəs danışa bilmirdi. Bu hisslər onların boğazında düyün olmuşdu. Ancaq xatirələr canlandıqca üzlərində bir də təbəssüm canlandı. Çünki dağıdılmış daş-kəsək içindən uşaqlığın səsi gəlirdi.

O, Uca Tanrıya bu müqəddəs qovuşmaya görə şükür etdi. Səmaya yüksələn dualar yeni ümidlər gətirdi. Hər addımda şəhidlərin ruhunu hiss etdi və onların ruhuna  rəhmət, qazilərə, müharibə iştirakçılarına can sağlığı dilədi.

Bu, doğma kəndindən zirvələrə doğru addımlayan, Azərbaycanın nüfuzlu həkimlərindən biri olan, Ağdam elinin fəxri, travmatoloq-ortoped, ali dərəcəli həkim Ələkbər Həmidovun doğma kəndini ziyarətindən bir hissə idi… Ardı var….

 

 

                                                               Fidan Nəsirli – Ağdam rayon sakini

Daha çox xəbərlər