Region Xəbərləri 

Bərdədə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib

25 iyul 2025-ci il tarixdə Bərdə rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü
İlham Məmmədov, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Qərbi Azərbaycan İcmasının Bərdə rayon üzrə nümayəndəsi Fəzair Piriyev və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndəlik əməkdaşları, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini dərin ehtiramla yad edib, önünə güllər düzüblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda həlak olan şəhidlərimizin, o cümlədən Qərbi Azərbaycanda milli ayrı-seçkiliyə məruz qalmış soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Öncə “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında bildirib ki, XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlı soydaşımızın öz doğma yurd-yuvasından zorla çıxarılması təkcə deportasiya deyil, həm də xalqımızın mədəni, tarixi və mənəvi izlərinin silinməsinə yönəlmiş sistemli bir siyasət idi. Bu ağır dövrdə azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsində Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyini xüsusi olaraq vurğulayan rayon rəhbəri Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə belə, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına qarşı cəsarətlə çıxış etdiyini, onların hüquqi müdafiəsini vacib saydığını qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, zorla deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası və onların ləyaqətli şəkildə öz yurdlarına qayıdışı məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu məsələni bir neçə beynəlxalq platformada, xarici ölkə liderləri ilə görüşlərində və çıxışlarında daim gündəmdə saxlayır. Vidadi İsayev təqdim edilən nəşrin həm tarixi faktların qorunması, həm də beynəlxalq ictimaiyyətə çağırış xarakteri daşıdığını bildirib və bu istiqamətdə göstərilən diqqət və dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.
Sonra YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildirib ki, Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.
Bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Milli Məclisin deputatı İlham Məmmədov “Qərbi Azərbaycan İrsi” kitabının əhəmiyyətinə toxunaraq vurğulayıblar ki, bu nəşr Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilən sistemli vandalizmin sənədlərlə təsbit olunmuş sübutudur. Bu kimi əsərlər həm beynəlxalq ictimaiyyətin məlumatlandırılması, həm də gələcək nəsillərin maarifləndirilməsi baxımından əvəzsiz mənbədir. Bildirib ki, kitab, eyni zamanda, xalqımızın bu əzəli torpaqlarla bağlı hüquqi mövqeyinin əsaslandırılmasında mühüm rol oynayır.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Bərdə rayon üzrə nümayəndəsi Fəzair Piriyev, Qərbi azərbaycanlı gənc Səbuhi Qasımov çıxış edərək xalqımızın başına gətirilmiş deportasiya faciələrindən, bu proseslərin tarixi mərhələlərindən və o dövrün canlı şahidləri kimi şəxsən şahidi olduqları hadisələrdən danışıblar, eləcə də qərbi Azərbaycan məsələsinə göstərilən yüksək diqqət və həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Daha çox xəbərlər