Kreml: “İrəvan, 9 noyabr sazişini unutma!” – Paşinyandan gözlənilən cavab
Elxan Şahinoğlu: “Paşinyan Kremlə açıq cavab verməlidir”
Məlum olduğu kimi Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeev Ermənistanın Sünik vilayətindən keçən nəqliyyat və kommunikasiya xətlərinin açılması planlaşdırılan zaman rusiyalı sərhədçilərin mövcudluğunun nəzərə alınmalı olduğunu bəyan edib.
O, həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020–2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalar hələ də qüvvədədir, çünki heç bir tərəf bu razılaşmalardan imtina etməyib.
Fadeev vurğulayıb ki, regiona kənar güclərin cəlb edilməsi yalnız sülh gündəliyini irəli aparmalı, yeni problemlər və bölüşmələr yaratmamalıdır.
Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin son açıqlamasını Ermənistan üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib.
Onun sözlərinə görə, Fadeevin “Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” fikri ilk növbədə baş nazir Nikol Paşinyanı narahat etməli, Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə Kremlə cavab verilməlidir:
“Rusiyalı rəsmilər bir tərəfdən “Vaşinqton razılaşmasının detallarını öyrənirik” deyərkən, son günlər İrəvana xəbərdarlıq mesajları göndərməyə başlayıblar. Birincisi, söyləyirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alınmalıdır. Yəni rusiyalı rəsmilər və diplomatlar bununla demək istəyirlər ki, Zəngəzur dəhlizi Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmalıdır. Bunun nə dərəcədə məntiqi istək olduğunu İrəvan birlikdəki tərəfdaşlarına izah etməlidir”.
Politoloq həmçinin vurğulayıb ki, rusiyalı rəsmilərin və diplomatların Vaşinqton razılaşmasının 9 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ortaq bəyanata uyğunlaşdırılması vacibliyini səsləndirirlər ki, bu da məntiqi istək deyil:
“Vaşinqton razılaşması 9 noyabr razılaşmasını qüvvədən düşdüyü anlamına gəlir. Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər”.
Xalidə Gəray
Musavat.com