Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb
ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri bu ilin 6 ayında daha intensiv xarakter alıb. İlin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 184 vəzifəli şəxs barəsində 115 cinayət işi istintaq olunaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin cinayət işləri arasında qulluq mövqeyindən istifadə edərək mənimsəmə hallarıüstünlük təşkil edib. Məhkəmələrə göndərilən cinayət işlərində vətəndaşlara 51 milyon manat ziyan vurulması müəyyənləşdirilib. Bu ziyanın 16 milyon 578 min manatının vətəndaşlara ödənilməsi təmin olunub. Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında bu barədə məlumat verdi.
Kamran Əliyev – Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi:
– Cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifəsəlahiyyətlərindən sui–istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passivrüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Ötən dövrdə Baş İdarənin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işi başlanılıb. Hazırda 117 cinayət işinin ibtidai istintaqının aparıldığını deyən Kamran Əliyev diqqətə çatdırdı ki, bu ilin 6 ayında Baş İdarə tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si üzrə cinayət işi başlanıb. Hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə isə 1970 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb. Vətəndaşların əmək hüquqlarının pozulmasına yönələn qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ciddi mübarizə tədbirləri davam etdirilib. Kamran Əliyev ölkəmizdə fəaliyyət göstərən Asan Xidmət mərkəzlərinin də Korrupsiyaya qarşı mübarizədə böyük əhəmiyyətinin olduğunu vurğuladı.
Mətbuat konfransında o da bildirildi ki, Baş İdarə ilə Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və gömrük işi sahəsində korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 86% icra edildiyini və Milli Fəaliyyət Planının Azərbaycanda və regionda ilk dəfə olaraq Elektron Monitorinq Sistemi vasitəsi ilə qiymətləndirildiyini bildirdi. Çıxış edən vətəndaş cəmiyyətinin nümayəndələri korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında KİV nümayəndələrinin də rolunu vurğuladılar.

