Gündəm 

Ermənistan Aİİ-ni dağıdır…

SSRİ-nin dağılmasına start verən Ermənistan indi də Rusiyanın iqtisadi komandası olan Avrasiya İqtisadi İttifaqını (Aİİ) dağıtmağa hazırdır. Əvvəllər Rusiya təsir mexanizmi kimi bu təşkilatdan istifadə edirdisə, indi oradakı ölkələr özləri ondan ayrılmağa çalışırlar. Bunun səbəbi təkcə iqtisadi münasibətlərdən ibarət deyil. Rusiya keçmiş ittifaq dövlətlərini yenidən özündən asılı vəziyyətdə saxlamağı planlaşdırıb. Hətta bəzi məmurlar və dövlət siyasətinin təbliğatçıları keçmiş SSRİ-nin bərpasını əsas hədəf kimi görür  və bu barədə ucadan danışırlar. Rəsmi Kreml əvvəllər hökm etdiyi dövlətlərin daxili işlərinə yenə də kobudcasına müdaxilə edir, müstəqil siyasət yeritmələrinə mane olur. Hazırda əsaslı səbəb göstərilmədən miqrantların həbs olunması,  deport olunması, döyülüb təhqir edilməsi və hətta öldürülməsi bu niyyətə xidmət edir. Onların arasında çoxsaylı ermənilər də var. Dediyimiz kimi, Aİİ də xalqlara təzyiq vasitələrindən yalnız biridir. Ukrayna dövləti ilə dörd ildən artıq barbarcasına aparılan  amansız müharibə yeni işğala verilən start idi. Rusiya həmişə olduğu kimi yenə də “Parçala, hökm sür” metodu ilə hərəkət edir.

Rusiya bir neçə ildir ki, Ermənistanı təşkilatdan uzaqlaşdırmaqla hədələyirdi. Guya ermənilər bu təşkilatdan çıxarılan kimi aclıq başlayacaq. Ancaq belə hədə-qorxular işə keçmədi. İndi vəziyyət dəyişib, təzyiqlərə baxmayaraq, keçmiş vassal ehtiyatla olsa da Kremlin orbitindən uzaqlaşır.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini istisna etməyib.

Xəbər verilir ki, Nikol Paşinyan bu barədə brifinqdə danışıb.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqına eyni anda üzv olmaq mümkün deyil və buna görə də, Ermənistan zamanla bu barədə qərar verəcək: “Biz başa düşürük ki, hər iki təşkilata eyni anda üzv olmaq mümkün deyil. Qərar verməyin qaçılmaz olduğu vaxt yetişdikdə, biz müvafiq qərarı verəcəyik”.

Nikol Paşinyan vurğulayıb ki, istənilən ssenari mümkündür: “Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən və danışıqların nəticəsindən asılıdır”.

Baş nazirin sözlərindən aydın görünür ki, Ermənistan Avropa İttifaqı ilə razılığa gələn kimi Aİİ-yə “əlvida” deyəcəkdir. Çox güman ki, Avropa İttifaqı Ermənistanı Rusiyanın cəngindən xilas etmək üçün ona etiraz etməyəcəkdir. Avropa İttifaqı Rusiyanın Cənubi Qafqaz regionundakı təsir rıçaqlarını sındırmaqla onun buradakı “ağalığına” son qoyulması üçün imkanı catan hər şeyi edəcəkdir. Qeyd edək ki, ABŞ və Qərb dövlətləri Ermənistanı Rusiyanın asılılığından xilas etmək üçün imkan və vasitələrdən maksimum dərəcədə istifadə edirlər. Yəni bu məsələdə Ermənistan meydanda tək deyil. Kremlin dayaz düşüncəli ideoloqları da bunu anladıqları üçün hələlik aqressiya göstərməkdən çəkinirlər. Yeni cəbhə açmaqdan yan keçirlər. Digər tərəfdən, Rusiya vaxtilə qazandığı düşmənlərindən sərt təpkilərlə qarşılanır. Yəni başı qalmaqaldan qurtarmır. İşğalın dövlət “işi” olduğunu iddia edərək, hər ölkə ilə haqsız olaraq dartışır, onu öz qapazaltısına çevirməyə cəhd göstərir. Buna görə də keçmiş ittifaq dövlətlərinin onu cəlladından uzaqlaşıb. Məlumdur ki, SSRİ-nin dağılması nəticəsində bu ölkələr müstəqil yaşamaq imkanı əldə ediblər. İndi Rusiya özünü SSRİ-nin varisi kimi aparmağa çalışır. Demək olar ki, həmin ölkələrin hamısında soyqırımlar, qətllər, təxribatlar diversiyalar törədib, casus yuvaları salıb. Ancaq azadlığın şirinliyini dadmış ölkələr yenidən boyunduruq altına düşmək istəmirlər.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqına beş ölkə – Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Siyasi analitiklərin qənaətincə Ermənistandan sonra Qazaxıstan və Qırğızıstan da bu təşkilatı tərk edəcək. Burada yalnız Belarus barədə fikir söyləmək olmur. Çünki bu ölkənin müstəqil yaşamaq barədə düşünməsi hələlik müəmma olaraq qalır. Ola bilər ki, Rusiyanın qəzəbinə tuş gəlməmək üçün Belarus gözləmə mövqeyində durur. Bəlkə də Belarus rəhbəri Aleksandr Lukaşenko haqlıdır. Axı, o, “dostunun” necə etibarsız müttəfiq və təhlükəli tərəfdaş olduğunu daha yaxşı bilir. Bilir ki, günlərin birində heç tərəddüd etmədən onu da öz mənafeyinə qurban verər. Çünki tarix boyu belə namərdliklər Rusiya tərəfindən çox törədilib.

Xatırladaq ki, Lukaşenko bilir, Ermənistan belə mövqedə yeddi il gözləməli və mübarizə aparmalı oldu və nəhayət, gözləntisinə çox yaxınlaşdı. Artıq Ermənistan Rusiyadan qopmağın bir addımlığındadır. Vaşinqtondakı sülh razılaşmalarına dəvət edilməyən Rusiya cəmi iyirmi gün sonra daha bir zərbə “yemiş” oldu. Ancaq bu, hələ hamısı deyil. Son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Çinə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması üçün səfər etməsi Kremlə ciddi zərbə vurdu. Oradakı tənəffüslərdə Nikol Paşinyanın prezident Vladimir Putinlə görüşməməsi isə saymazlığın ən yüksək nöqtəsi oldu. Bütün bunların heç birinə hələlik cavab reaksiyası yoxdur. Görünür, Kremldəkilər Ermənistanın gözlənilməz əks addımlarından çaşqınlıq hissi keçirirlər. Hiss olunur ki, onlar Ermənistandan gözləmədikləri belə sərt adekvat cavablardan dərin sarsıntı keçirirlər. Yüz illər səpdiyi zəhərli toxumun məhsulunu biçən Rusiya bundan sonra hələ çox zəhər yeməli olacaq. Özü becərib.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər