Rusiya Azərbaycanın ŞƏT və BRİKS üzvlüyünü niyə əngəlləyir?
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısında Azərbaycanın tamhüquqlu üzvlük məsələsinin müzakirəyə çıxarılmaması ətrafında müzakirələr davam edir. Məlum olduğu kimi, öncə Azərbaycanın müraciətinin Hindistan tərəfindən bloklandığına dair informasiyalar yayılmışdı. Lakin Hindistan bu iddiaları təkzib etdi. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Ermənistan və Azərbaycan ŞƏT-ə üzv olmaq üçün müraciət ediblər.
“Vaxt məhdudiyyəti səbəbindən üzv dövlətlər bu məsələ ilə bağlı qərar qəbul edə bilməyiblər. Məsələ hələ də nəzərdən keçirilir”, – o deyib.
Musavat.com-un xəbərinə görə, millət vəkili Elçin Mirzəbəyli qeyd edib ki, məlumatlar və proseslərin gedişatının təhlili Moskvanın bu prosesdə əsas rol oynadığını təsdiqləyir:
“Eyni yanaşma Azərbaycanın BRİKS-ə üzvlük müraciətinə münasibətdə də müşahidə olunmuşdu. Bu vəziyyət, əslində, Rusiyanın həm Cənubi Qafqaz, həm də Avrasiya məkanında öz təsir dairəsini qorumaq üçün atdığı məqsədyönlü addımların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursu çoxvektorluq prinsipi üzərində qurulub və bu, son illərdə daha da sistemli xarakter alıb. Bakı Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməklə yanaşı, Çinlə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində inteqrasiyanı gücləndirir, eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik əsasında regional və qlobal platformalarda daha dərin və sistemli vahid mövqe formalaşdırır. Şübhəsiz ki, Azərbaycanın BRİKS və ŞƏT-ə üzvlüyü bu siyasətin məntiqi davamı olaraq yeni iqtisadi və siyasi imkanlar aça bilər. Lakin Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir. Çünki Azərbaycanın xarici siyasətinin daha çevik olduğunu nəzərə alsaq, Bakının bu yolla Moskvadan daha müstəqil mövqeyə sahib olmaq imkanları kifayət qədər ciddi təsir bağışlayır”.
E.Mirzəbəyli bildirib ki, Azərbaycanla yanaşı, Türkiyənin də ŞƏT-də dialoq tərəfdaşı olması və Ankaranın da 2024-cü ildə BRİKS-ə üzvlük üçün rəsmi müraciət etməsi Kremlin narahatlığını artıran məqamlar kimi qəbul oluna bilər:
“Moskvanı qıcıqlandıran faktorlardan biri də “bir millət, iki dövlət” prinsipindən çıxış edən Azərbaycan və Türkiyənin ŞƏT və BRİKS-ə üzv olmasının, bütövlükdə türk dünyasının təsir gücünü əhəmiyyətli dərəcədə artıra biləcəyi perspektividir. Moskva açıq şəkildə dilə gətirməsə də, uzunmüddətli perspektivdə türkdilli dövlətlərin ŞƏT və BRİKS kimi strukturlarda möhkəmlənməsini öz maraqları üçün təhlükə hesab edir.
Şübhəsiz ki, mövcud geosiyasi ziddiyyətlər kontekstində Çin faktoru da xüsusi diqqət tələb edir. Pekin Azərbaycanın ŞƏT-ə qəbulunu açıq şəkildə dəstəkləyir və Bakı ilə əməkdaşlığı “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzi halqası kimi qiymətləndirir. Azərbaycan həm Orta Dəhlizin inkişafı, həm də enerji infrastrukturunun diversifikasiyası baxımından Çin üçün mühüm tərəfdaşdır. Lakin Rusiya üçün bu, xoşagələn ssenari deyil. Moskva Azərbaycanın ŞƏT-ə üzvlüyünün qarşısını alaraq, əslində, Pekinə prosesində həlledici söz sahibi olduğu barədə strateji mesaj verir. Bu isə Rusiyanın özünü böyük güc statusunda saxlamaq cəhdinin təzahürü kimi şərh oluna bilər.
Ermənistanın da ŞƏT-ə üzvlük üçün müraciət etməsi, lakin nəticəsiz qalması Kremlin başqa bir yanaşmasını üzə çıxarır. Rusiya Ermənistanın da İrəvana əlavə manevr imkanları tanıyacaq və gələcəkdə Azərbaycan və Türkiyə ilə regional işbirliyini dərinləşdirə biləcək platformalara daxil olmasında maraqlı deyil. Əksinə, Moskva Ermənistanın geosiyasi təcrid vəziyyətinə düşməsini və bütün alternativlərdən məhrum edilməsini məqsəd kimi qarşıya qoyub. Bu strategiyanın məntiqi ondan ibarətdir ki, Ermənistan çıxış yolları bağlanmış vəziyyətdə yalnız Moskvanın təmin etdiyi təhlükəsizlik və siyasi mexanizmlərə ümid edə bilsin”.
Millət vəkili vurğulayıb ki, Hindistanın mövqeyi həm Moskvanın strategiyasına dəstək verir, həm də ona “örtük” funksiyası qazandırır. Yeni Dehli Bakı ilə İslamabad arasındakı strateji müttəfiqliyə görə Azərbaycanın ŞƏT və BRİKS-də güclənməsini arzu etmir:
“Moskva bu amildən yararlanaraq bloklama məsuliyyətini formal olaraq Hindistan üzərinə yükləyir, özünü kölgədə saxlamağa çalışır, amma prosesin əsas təşəbbüskarı olaraq qalır.
Beləliklə, Azərbaycanın ŞƏT və BRİKS-ə qəbulunun qarşısının alınması Moskvanın çoxqatlı maraqlarının kəsişməsində dayanır. Burada bir tərəfdən Azərbaycanın çoxşaxəli siyasət yürütməsinin qarşısını almaq, digər tərəfdən türk dünyasının təsirini məhdudlaşdırmaq, eyni zamanda Çinin bölgədəki nüfuzunu balanslaşdırmaq və Ermənistanı tam təcrid vəziyyətinə salmaq kimi hədəflər paralel şəkildə özünü göstərir”.
Elçin Mirzəbəylinin qənaətinə görə, Moskvanın Azərbaycanın ŞƏT və BRİKS-ə üzvlüyünü əngəlləməyə çalışması yalnız qısamüddətli nəticə verə bilər:
“Rusiya bu prosesdə əsas maneə kimi çıxış etsə də, artıq bütün regional güc mərkəzləri Azərbaycanın bu platformalara daxil olmasını öz maraqlarına uyğun hesab edirlər. Moskva Bakının yolunu kəsdikcə, əslində, həm Çinin, həm də digər tərəfdaşların narazılığını artırır və özünü daha çox təcrid vəziyyətinə salır.
Şübhəsiz ki, prosesdə Çin amili burada həlledici xarakter daşıyır. Pekin “Bir kəmər, bir yol” layihəsinin uğurunu “Orta Dəhliz”siz təsəvvür etmir və Azərbaycan bu dəhlizin əsas halqasıdır. Bu səbəbdən, çox güman ki, Çin uzun müddət Rusiyanın pərdəarxası oyunlarına göz yummayacaq.
Hindistanın mövqeyi formal örtük xarakteri daşıyır və məhz bu baxımdan, yekun nəticəni ifadə edəcək təhlil predmeti ola bilməz.
Ermənistana gəldikdə, Moskva İrəvanın manevr imkanlarını artırmaq üçün alternativlər qazanmasının qarşısını almağa çalışır və bütün çıxış yollarını bağlayaraq Ermənistandan indikindən daha zəif və sözəbaxan aktor yaratmaq, daha doğrusu bu ölkənin forpost statusunu bərpa etmək istəyir.
Bütün bunlarla yanaşı, Azərbaycanın ŞƏT və BRİKS-ə tamhüquqlu üzvlüyü yaxın illərdə baş verə bilər. Region ölkələrinin Moskvanın təsirini azaltmaqda maraqlı olması bu prosesin sürətlənməsinə yol açır.
Orta perspektivdə, yəni 2-3 il ərzində Azərbaycanın ŞƏT və BRİKS üzvlüyünün reallaşması ehtimalı yüksəkdir. Bütövlükdə isə, Azərbaycanın bu təşkilatlara üzvlüyü qarşısıalınmaz prosesdir. Moskva yalnız zaman qazana bilər, amma strateji nəticəni dəyişdirmək imkanına malik deyil. Əksinə, hər dəfə süni maneələr yaratmaqla həm Çini, həm regional gücləri özündən uzaqlaşdırır, həm də bölgədə tam təcrid olunmağa doğru sürüklənir”.
Xalidə Gəray
Musavat.com