Rusiya Qarabağ ermənilərinə yardım edir – Kreml paraflanma sənədini həzm edə bilmir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları şübhəli adlandırıb. Bununla Rusiya ABŞ, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyannamənin və sülh mətninin paraflanmasının tam razılaşma olmadığını və bir növ Ermənistanın maraqlarına cavab vermədiyi mesajını vermiş olur.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Musavat.com-a deyib ki, Rusiya Qarabağdan könüllü köçən ermənilərə humanitar yardımlar göndərir:
“Göndərilən yardımları birbaşa Rusiya təşkilatı özü paylayır. Göründüyü kimi, Rusiya Azərbaycan və Ermənistanla əldə olunmuş razılaşmalara skeptik yanaşır və Qarabağ ermənilərinə yardım edir. Bu, Kremlin xalqlar arasında sülh prosesinə mane olmaq və Azərbaycana qarşı erməni separatizmini ayaqda saxlamağa hesablanıb. Rusiyanın əsas planı Ermənistanla Azərbaycan arasında sülh prosesini sabotaj etməkdir”.
Politoloq qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağa ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara vətəndaşlıq veriləcəyini deyib:
“Ermənistan hakimiyyəti Rusiyanın humanitar yardım adı altında Qarabağdan gedən ermənilərə humanitar yardımın birbaşa paylanmasına icazə verməməlidir. Rusiya bir qrup Qarabağ separatçılarından ibarət Moskvada yeni bir mərkəz yaratması istisna deyil. Təbii ki, Rusiyanın bu siyasi təxribatları nəticə verməyəcək. Artıq Ermənistan və Türkiyə arasında normallaşma prosesi başlayıb. Yaxın perspektivdə iki ölkə arasında sərhədlərin açılması mümkün görünür.
Türkiyə Ermənistanda öz geosiyasi mövqelərini gücləndirməklə Rusiyanın burada separatçı və revanşist fəaliyyətinin qarşısını ala bilər. Rusiya Ermənistanda müxalifəti Türkiyə ilə normallaşma prosesinə qarşı qaldırır. Türkiyə-Ermənistan sərhədlərinin açılması Moskvaya İrəvan tərəfindən “şillə” olacaq”.
Cavanşir ABBASLI
Musavat.com