Cəmiyyət 

“Uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir” – Psixoloq

Uşaqlıq dövründə yaşanan emosional və psixoloji travmalar insanın gələcək həyatına, münasibətlərinə və özünə inamına ciddi təsir göstərə bilər. Travmaların nəticəsi bəzən illər sonra yetkinlik dövründə qorxu, güvən problemi və ya depressiya şəklində üzə çıxır.

Klinik psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir:

“İlk addım travmanı inkar etməməkdir. İnsan başına gələn hadisəni qəbul etməli, “bu mənim başıma gəlməyib” kimi müdafiə mexanizmlərindən uzaq durmalıdır. Hissləri tanımaq və ifadə etmək şəfa prosesinin əsas hissəsidir.

Bəzən insanlar travmanı unutmaqla ondan xilas ola biləcəklərini düşünürlər, lakin bu, əks təsir yaradır. Basdırılmış xatirələr və emosiyalar sonradan panik atak, narahatlıq və ya emosional bağlanma çətinlikləri kimi geri dönür. Ona görə mütəxəssis dəstəyi ilə emosional işlənmə aparılmalıdır.

Mütəxəssis uşaqlıq travmalarından azad olmaq üçün psixoterapiya, xüsusilə EMDR (göz hərəkətləri ilə desensitizasiya) və koqnitiv-davranış terapiyası travmalarla işləmədə effektiv sayılır. Keçmişdə yaşanan hissləri yazmaq daxili gərginliyi azaldır. Bədənlə əlaqə qurmaq – nəfəs məşqləri, yoqa və meditasiya travmanın bədəndə yaratdığı gərginliyi azaltmağa kömək edir. Dəstək mühiti yaxınlarla paylaşmaq və anlayışla qarşılanmaq şəfa prosesini sürətləndirir.

Uşaqlıq travmalarını işləmədən xoşbəxt və balanslı həyat qurmaq çətindir. Keçmişi dəyişmək mümkün deyil, amma onu qəbul edib mənasını başa düşmək mümkündür. Həmin anda yaşanan ağrını sağaltmaq insanın gələcəyini azad edir”.

Daha çox xəbərlər