Azərbaycan ideoloji müharibənin mərkəzində: Daxildəki “troya atları” kimlərdir?
Müasir dövrdə dövlətin gücü artıq təkcə ordusunun sayı, yaxud iqtisadi göstəriciləri ilə ölçülmür. Bu gün ən önəmli məsələ milli kimliyin, ideoloji sabitliyin və mənəvi dayanıqlığın qorunmasıdır. Çünki fiziki sərhədlər dronlarla, raketlərlə deyil, informasiya və təbliğat vasitələri ilə də aşılır. Dünya artıq “ideoloji müharibə” mərhələsinə daxil olub. Bu müharibədə atəş səsi yoxdur, lakin nəticələri real döyüş meydanlarından daha təhlükəlidir. Sosial şəbəkələr, beynəlxalq media platformaları, “qlobal dəyərlər” adı altında yayılan konsepsiyalar dövlətlərin milli ideoloji müstəqilliyinə yönəlmiş ən təsirli silahlardır. Məqsəd sadədir: xalqları öz tarixi yaddaşından, mənəvi dayaqlarından, milli kimliyindən uzaqlaşdırmaq.
Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sabitlik adası kimi tanınır. Bölgədə müharibələr, iqtisadi böhranlar, siyasi qarşıdurmalar davam etdiyi bir zamanda Azərbaycan həm sabitliyini qoruyur, həm də inkişaf modelini möhkəmləndirir. Amma ölkənin bu uğuru hər kəsin marağına uyğun deyil. Xaricdəki bəzi mərkəzlər, dövlətə düşmən dairələr və onların yerli “tərəfdaşları” bu sabitliyi pozmaq üçün müxtəlif üsullara əl atırlar.
Azərbaycanın son illərdə apardığı müstəqil siyasət bəzi gücləri və müəyyən dairələri narahat edir. Onlar Azərbaycanı təzyiq altına almaq üçün daxildəki zəif həlqələrdən – radikal müxalifətdən, özünü “liberal”, “demokrat”, “feminist” adlandıran, əslində isə anti-Azərbaycan mərkəzlərindən maliyyələşən qruplardan istifadə edirlər.
Bu cür qrupların fəaliyyəti Ramiz Mehdiyev dövründə formalaşan köhnə ideoloji sistemin qalıqları ilə də sıx bağlıdır. Onların düşüncə tərzi eyni ssenariyə əsaslanır: hakimiyyətə qarşı mübarizə adı ilə dövlətin ideoloji əsaslarını sarsıtmaq.

AXCP sədri Əli Kərimlinin Qarabağ müharibəsi ərəfəsində səsləndirdiyi “Azərbaycan ordusu döyüşə qadir deyil” bəyanatı bu təxribatın klassik nümunəsidir. Belə fikirlər təsadüfən deyil, xaricdən gələn siyasi tapşırıqlara əsasən səsləndirilirdi. Məqsəd xalqın inamını sarsıtmaq, orduya güvəni zədələmək və düşmənə mənəvi dəstək vermək idi.
Eyni xətlə Müsavat Partiyası da illərdir “oppozisiya” pərdəsi altında anti-Azərbaycan təbliğatını davam etdirir.
Bu gün həmin çevrələr özlərini “vətəndaş fəalı”, “bloger”, “jurnalist” kimi təqdim edərək sosial şəbəkələrdə dövlətin ideoloji dayaqlarına hücum edirlər. Bəziləri “no war” ritorikasından, digərləri isə “gender azadlığı” və “demokratiya” maskasından istifadə edir. Amma məqsəd eynidir — Azərbaycan gəncliyini milli kimlikdən uzaqlaşdırmaq, dövlətə inamı sarsıtmaq.
Bu, artıq təsadüfi aktivlik yox, planlı ideoloji sabotajdır. Xarici fondlardan maliyyə alan, Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər, “müstəqil media” adlanan qurumlar bu təxribatın yerli bazasını təşkil edir. Onların əsas hədəfi milli ideologiyanı zəiflətmək, dövlətlə cəmiyyət arasında inamsızlıq yaratmaqdır.
Azərbaycanın qarşısında duran əsas çağırış budur: yalnız fiziki sərhədləri deyil, ideoloji sərhədləri də qorumaq. Bu sərhədlərin pozulması dövlətin gələcəyinə, milli yaddaşa və xalqın birliyinə təhlükə yaradır. Ona görə də dövlət təkcə müdafiə deyil, ideoloji hücum siyasəti yürütməlidir — milli ideologiyanı gücləndirməli, təbliğat və maarifçilik mexanizmlərini genişləndirməlidir.
İdeoloji sabitliyin qorunması həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan dövləti üçün prioritet olan dəyərlər – Vətən sevgisi, milli kimlik, suverenlik və müstəqil düşüncə – hər hansı “liberal dəyərlər” adı ilə dəyişdirilə bilməz.
Azərbaycan bu mübarizədə qalib gələcək. Çünki bu xalqın iradəsi güclüdür, dövlətin dayaqları möhkəmdir və ən əsası – ideoloji hücumlara qarşı immunitet artıq formalaşıb. Bu birliyə zərbə vurmaq istəyənlər isə tarixdə Ramiz Mehdiyev kimi — öz qurduqları intriqaların içində itib gedəcəklər.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan elə bir strateji coğrafi ərazidə yerləşir ki, təkcə daxildə deyil, həm də xaricdən böyük güclərin hədəfində olub. Onun sözlərinə görə, kənar güclərin Azərbaycan ərazisindəki “troya atları” həmişə fəaliyyətdə olub:

“İkinci Qarabağ Müharibəsinə qədər Azərbaycan həmin o güclərin istədiyi vəziyyətdə idi – Əraziləri işğal altında idi və 1 milyona yaxın qaçqını var idi. Vətən müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycan bu oyunçuların, güclərin planını pozdu. Həmin güclərin Azərbaycan ərazisində əlaltıları da var. Beləliklə, bu əlaltıların da planı pozulub. İndi bu köstəbəklər gizləndikləri yerdən çıxıblar. Dövlət başçısı İlham Əliyevin dediyi kimi biz Vətən müharibəsindən sora böyük layları tərpətmişik. Bunu qəbul etməyən o qüvvələr baş qaldırıblar ki, necə ola bilər ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin etsin. Onlar ölkəmizin regionda güc sahibi olmasını ağıllarına belə gətirmirdilər.
Burada ideoloji amil önə çıxır. Hər bir xalqın, dövlətin təhlükəsizliyi o zaman təhlükə ilə üz-üzə qalır ki, dövlət güclənir və söz sahibinə çevrilir. Bizim yaratdığımız reallıqlar xarici qüvvələrin və onların ölkəmizdəki buyruqçularının maraqlarına ziddir.
Ona görə də bu qüvvələr Azərbaycandakı əlaltılarını aktiv fazaya keçiriblər. İndi elə bir situasiya yaranıb ki, at izi, it izinə qarışıb. Vaxtı ilə vəzifədə olan şəxslərin sonradan dövlətimizin maraqlarına zidd mövqedə olduğunu görürük. Onlar kimlərinsə diktə etdiyi kimi fəaliyyət göstəriblər. Eyni zamanda müxalifətçi şinelinə girərək müxalifətçi görüntüsü yaradanları da unutmayaq. Elə bir abu-hava yaradıblar ki, guya, ölkəmizi sevirlər və buna görə müxalifətdədirlər.
Dövlətə xəyanətdə ittiham olunan şəxslər təbii ki, bu işi tək həyata keçirmək istəməyiblər, onların dəstəkçiləri də olub. Dövlət çevrilişi kimi təhlükəli planı təkcə vəzifədə olan şəxsin həyata keçirməsi mümkün deyil. Elə məqamlar var ki, onlara bu işdə özünü müxalifətçi kimi təqdim edənlər lazım olur, bəzən isə xaricdəki aktivistlərdən istifadə edirlər.
Bizim ideoloji təhlükəsizliyimiz üçün müxtəlif istiqamətlərdən ciddi təhdidlər yaranıb. Bu təhlükələr bütün cəbhələrdən mümkündür. Böyük bir zəncir yaranıb. Bu baxımdan Azərbaycan xalqı və dövləti birliyini nümayiş etdirməlidir ki, onların öhdəsindən gələk”.
Musavat.com

 
                                    
 
                                 
                                