Gündəm 

Avropanın Türkiyəyə əsrlik qərəzi yeni strateji əməkdaşlıqla əvəzlənir – ŞƏRH

Türkiyə-Avropa münasibətlərində yeni dövr başlayıb. Ötən gün Almaniya Kansleri Fridrix Merts Türkiyədə səfərdə olub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın sözlərinə görə, Türkiyə-Almaniya əlaqələrində yeni bir prosesin qapıları aralanıb. O, sosial şəbəkədəki səhifəsində bildirib ki, tərəflər 50 milyard dollara çatan ticarət dövriyyəsinin həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirlər. Dövlət rəsmisi Qeyd edib ki, müdafiə sənayesi başda olmaqla geniş bir əməkdaşlıq sahəsi gələcəyə yönəlik strateji bir sinergiya vəd edir.

Türkiyə ABŞ kimi Avropa İttifaqı (Aİ), yaxud quruma üzv olmayan başqa dövlət üçün Yaxın Şərqdə bir çox cəhətlərinə görə etibarlı tərəfdaşdır. İlk növbədə, Cümhuriyyət Qərbin demokratiya və azad bazar iqtisadiyyatının prinsiplərinə sadiq dövlətdir. Habelə, NATO üzvü olması, müstəqil sülhsevər, təhlükəsizliyə, ərazi bütövlüyünə, suverenliyə, sabitliyə, əməkdaşlığa, həmrəyliyə xidmət edən xarici siyasət, yerli və qlobal terrora qarşı mübarizə kimi göstəriciləri də Avropa üçün Türkiyənin vacib regional oyunçu, tərəfdar rolunu, üstünlüyünü artırır. Almaniya Kanslerinin Ankarada səsləndirdiyi “Türkiyə ilə yeni bir strateji dialoq başlayacağıq” bəyanatı da buna örnək ola bilər.

Onun sözlərinə görə, dünya yeni bir geosiyasi prosesə girib: “Mən və Almaniya Türkiyəni Avropa İttifaqının yaxın tərəfdaşı olaraq görürük”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iradələrinə Aİ-də qarşılıq görüləcəyi halda üzvlük məsələsində çox qısa müddətdə ciddi məsafə qət edə biləcəklərini vurğulayıb.

2nmNC6k6GKKyaSazZzP62r8tw6hODSWe.jpg (93 KB)

Almaniya Aİ-nin aparıcı ölkələrindəndir. Bu baxımdan, Fridrix Mertsin Ankara ziyarəti həm də ittifaqla bağlı məsələlərin müzakirəsinə imkan verir.

Odur ki, tərəflər arasında müzakirə olunmuş mövzular da xüsusilə diqqət çəkir: Almaniya-Türkiyə iqtisadi-ticarət əlaqələri, terrora qarşı birgə mübarizə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Suriya, Livan, Fələstindəki hadisələrə ortaq mövqenin formalaşdırılması, Türkiyəyə sığınmış Suriya və İraqdan olan qaçqınlara ayrılan yardımlar, Qəzza zolağında hadisələrin gələcək inkişafı, Fələstinin tanınması, İsrailə münasibətdə mövqelər, Rusiyanın Ukraynada apardığı müharibə, Avropanın enerji təchizatında Türkiyənin rolu, Rusiyadan idxal edilən təbii qazın dayandırılması, azaldılması və s.

Almaniya Kansleri Türkiyənin Avropanı maraqlandıran bütün xarici siyasət və təhlükəsizlik məsələlərində çox əhəmiyyətli bir aktor olduğunu söyləyərək deyib ki, bu istiqamətdə daha yaxın əməkdaşlıq içində olacaqlar.

pr4a99ioMxB6M7FpqRcdboTyq9S8yrqA.jpg (57 KB)

ABŞ Prezdenti Donald Tramp Avropadakı müttəfiqlərini Rusiyadan neft və təbii qaz almaqda qınayır. Avropalılar RF-dən təhdidin artdığından narahatdır. Eləcə də bu günlərdə ABŞ-nin Federasiyaya qarşı tətbiq etdiyi sanksiya Aİ-nin bir sıra dövlətlərini çətin vəziyyətə salıb. Bu baxımdan, Merts Türkiyə lideri ilə görüşdə təhlükəsizlik, müdafiə sənayesi, enerji, miqrasiya və ticarət sahələrinə dair mövzuları da müzakirə ediblər.

Hər iki dövlət NATO üzvü olduğundan təhlükəsizlik tərəflər üçün prioritet sayılır. Türkiyə Avropa üçün etibarlı NATO üzvü olan tərəfdaşdır. Bu səbəbdən ittifaqla cümhuriyyətin müdafiə sənayesi üzrə əməkdaşlığı aktualdır.

Almaniya Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə döyüş təyyarələrini inkişaf etdirən konsorsiumun ortağıdır. Təyyarələrin üçüncü bir tərəfə satışı üçün bütün ortaqların razılığı lazımdır. Türkiyənin başda silahlı və silahsız dron olmaq üzrə müdafiə sənayesindəki istehsal potensialı avropalıların da diqqətini çəkir.

Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) adı altında 150 milyard avroluq maliyyə fondu yaradılıb. Yunanıstan və Kiprin yunan hissəsi ittifaqa üzv olmayan ölkələrə də müəyyən şərtlərlə açıq olan proqrama Türkiyənin qatılmasını əngəlləyir. Almaniya bu maneəni dəf etmək üçün tərəflərlə müzakirə apardığını bildirir.

Fransa və İngiltərənin əksinə olaraq, Almaniya Fələstin dövlətini tanımağı da qəbul etmir. Türkiyə isə Qəzzada aktiv bir siyasət yürüdür. İsrail-Fələstin probleminin həlli üçün Fələstin Dövlətinin tanınması lazım olduğunu qeyd edir.

Bu baxımdan, tərəflər arasında fikir ayrılıqlarına dair, yaxud yenidən müzakirəsinə ehtiyac olan məsələlər də az deyil.

2CJYiI4SYMbYOiPJdqcyGmeaa5KQqWvm.jpg (108 KB)

Bu həftə Böyük Britaniyanın Baş naziri Kir Starmer də Türkiyədə səfərdə olub. Bu ziyarətlərin ən önəmli məqamı Britaniya-Almaniya-İtaliya-İspaniyanın ortaq istehsalı olan “Eurofighter Typhoon” döyüş təyyarələrinin satışna dair müqavilənin imzalanmasıdır. 20 belə qırıcının ilk partiyası 2030-cu ildə Türkiyəyə tədarük ediləcək.

Böyük Britaniya ilə Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz məsələlərinə dair üst-üstə düşən çoxsaylı mövzuları var. Bununla belə, Kipr adası və Aralıq dənizindəki təbii qaz yataqlarına dair məsələlərdə Ankara ilə London arasında fikir ayrılığı mövcuddur.

Türkiyə-Fransa münasibətlərində də müəyyən yaxınlaşma hiss olunmaqdadır. Düzdür, Yelisey sarayı Ankaraya təzyiq etmək məqsədi ilə saxta erməni soyqırımından geninə-boluna istifadə etdi. Ancaq rəsmi İrəvanın bu məsələnin beynəlxalq miqyasda tanınmasının prioritet olmadığını elan etməsi, avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyannamə rəsmi Parisə yerini göstərdi. Fransa Azərbaycana və Türkiyəyə yönəlik siyasətinə yenidən baxmağa məcbur olur.

Avropanın bu üç nəhənginin Türkiyə ilə münasibətləri istər-istəməz son 125 ildə – Osmanlı dövlətindən günümüzədək baş verənləri düşüncədən keçirməyə səbəb olur. Bu dövrdə Britaniya, Almaniya və Fransa onu – sonralar Türkiyəni məhv etmək, xəritədən silmək, parça-parça etmək üçün hər oyuna əl atıblar. Elə son 25 ildə rəsmi Ankaraya müxtəlif istiqamətlərdə edilən təzyiqlər buna əyani sübutdur.

Osmanlını məhv edib yerində kiçik bufer “dövlətciklər” qurmaq istəyənlər Türkiyəni PKK terror qruplaşması, “erməni soyqırımı”, İstanbul Fənər kilsəsi, Kipr adası, Suriya ilə İraqın parçalanması kimi avantürist planlarla hələ də təhdid edirlər. Bununla belə, onlar İŞİD qruplaşmasına qarşı mübarizədə, Suriyada hakimiyyət dəyişikliyində, Qəzza zolağındakı vəziyyətlə bağlı Ankaranın qətiyyətli mövqeyini, əzmini gördükdən, habelə Ukraynada vasitəçilik missiyasını müşahidə etdikdən sonra Türkiyəni zəiflətməyin mənasızlığını anlamağa başlayıblar. Çünki Türkiyə Yaxın Şərqlə Avropa arasında təhlükəsizlik, sülh və əməkdaşlıq üçün bufer zona və körpüdür.

YC380dDkkPUd1Vd11kqvosIEkH4tYB0t.jpg (99 KB)

Hadisələr bu körpünün möhkəmlənməsinin həm də Avropa İttifaqının, Britaniyanın maraqlarına uyğun gəldiyini təsdiqləyir. Rusiyanın Ukraynada apardığı müharibə, Yaxın Şərqdə baş vermiş hadisələr, İranda 12 günlük müharibə, RF-Çin əlaqələri avropalılara Türkiyənin dəyərini, faydasını göstərir.

Odur ki, Yaxın Şərqdə, Cənubi Qafqazda, Türküstanda (Mərkəzi Asiyada) nüfuzunun artması krallıq və Aİ dövlətlərinə Türkiyə ilə münasibətlərə yenidən baxmağa fürsət verib. Bu, yeni dünya nizamında onun artan nüfuzunun göstəricisidir.

Türkiyə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə birlikdə də gücünü göstərir. Xəzər dənizindən açılaraq Azərbaycandan keçən Orta Dəhliz, Zəngəzur dəhlizi, reallaşmış və həyata keçəcək yeni enerji layihələrində onun rolu Avropanı baxış bucağını dəyişməyə məcbur edir. Qlobal miqyasda baş verən dəyişikliklər qitə dövlətlərinin də ənənəvi, klassik siyasi kursundan əl çəkməsini diktə edir.

Bu kimi səbəblərdən Avropa Türkiyəyə münasibətində, siyasətində islahat aparmalı olacaq. Bu, onlar üçün qlobal səviyyədə yeni uğur düsturu da sayıla bilər. Türkiyə Avropa və Asiya dövlətidir. O həm də Yaxın Şərqin bir hissəsidir. Bu ona iki qitəni, bir bölgəni təmsil etmək üçün üstünlük verir. Rəsmi Ankara bu vektorlar üzrə uyğun siyasət yürütməklə üç tərəfin mərkəzinə çevrilir. Son illər Avropa haqqında yayılan xəbərlər və aparılan təbliğat onun üçün mahiyyətini azaltmayıb. Odur ki, Türkiyə-Böyük Britaniya-Avropa İttifaqı bir-biri üçün hələ də dəbdə olan üçbucaqdır. Rəsmi Ankara bu məsələdə dövlətin ənənəvi yerini boş qoymur.

Sədrəddin İsmayılov
Report.az

Daha çox xəbərlər