Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir
Rəsmi Ankaranın son hərbi-strateji və siyasi-diplomatik qərarları Türkiyənin artıq yalnız regiondakı hadisələrə reaksiya verən oyunçu olmadığını göstərir… Əksinə, Türkiyə indi dünyada və regionda geopolitik proseslərin idarə olunmasında birbaşa iştirak edən strateji aktor statusu qazanıb…
Türkiyənin yeni hərbi doktrinası böyük sürətlə və uğurla reallaşdırılmaqda davam edir. Rəsmi Ankara bu hərbi doktrinanın sayəsində Türkiyəni regional güc mərkəzindən dünyada strateji balans yaratmaq potensialına malik qlobal oyunçuya çevirməyə başlayıb. Və bütün bunlar Türkiyənin son vaxtlar qlobal məkanda nüfuzunun ciddi şəkildə artması ilə yanaşı, rəsmi Ankaranın beynəlxalq problemlərin həlli istiqamətində atdığı prinsipial addımlarda da öz əksini tapır.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə parlamentinin İraq, Suriya və Livandakı hərbi mandatı uzatması, 2026-cı il üçün rekord səviyyədə müdafiə büdcəsi ayırması və Suriyanın Türkiyədən silah-sursat almaq niyyəti Yaxın Şərqin geopolitik arxitekturasında yeni mərhələnin başlanğıcını göstərir. Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri və Rusiya-ABŞ sammitinə ev sahibliyi təklifi, rəsmi Ankaranın beynəlxalq vasitəçilik iddialarını bir daha gündəmə gətirib.
Bütün bu proseslər Türkiyənin Yaxın Şərqdə və Avrasiya məkanında geopolitik arxitekturanı formalaşdıran əsas aktorlardan birinə çevrilməsi tendensiyasını nümayiş etdirir. Belə ki, Türkiyə parlamentinin İraq və Suriyada hərbi əməliyyat mandatını üç il müddətinə uzatması, rəsmi Ankaranın regional təhlükəsizlik konsepsiyasında “müvəqqəti hərbi əməliyyatlar”dan “davamlı təhlükəsizlik zonaları”na keçidinin açıq təsdiqi kimi də dəyərləndirilə bilər.
Məsələ ondadır ki, bu qərar Türkiyənin PKK terror təşkilatı və onun törəmələrinə qarşı hərbi əməliyyatlarını legitim əsasda davam etdirmək, regionda strateji tampon zolaq formalaşdırmaq niyyətini gücləndirir. Eyni zamanda, mandatın uzadılması ilə bağlı qərarın Türkiyənin tərkibində yer aldığı Livandakı BMT missiyasına da şamil olunması rəsmi Ankaranın Aralıq dənizi hövzəsindəki maraqlarını qorumaq siyasətinə tamamilə uyğundur.
Maraqlıdır ki, Türkiyədə fəaliyyət göstərən və parlamentdə təmsil olunan müxalifət partiyaları – Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönümlü DEM hərbi mandatın uzadılması barədə qərarın əleyhinə mövqe tutmağa üstünlük verirlər. Həmin siyasi qüvvələr Ərdoğan administrasiyasını “daxili siyasətdə militarizmi gücləndirməkdə” ittiham edirlər. Bununla belə, parlament çoxluğu həmin qərarı dəstəkləyib və bu, Türkiyənin “hərbi-siyasi davamlılığının” təmin olunduğunu göstərir.
Digər tərəfdən, 2026-cı il üçün müdafiə və daxili təhlükəsizlik xərclərinə 2 trilyon 155 milyard lirə məbləğində vəsaitin ayrılması Türkiyənin yeni milli prioritetinin – “iqtisadi sabitlik üzərində təhlükəsizlik” hədəfinin konturlarını müəyyənləşdirir. Həmin məbləğ ümumi dövlət xərclərinin 11,4 faizinə bərabərdir və əvvəlki illə müqayisədə 34% artım deməkdir. Bu, Türkiyənin hərbi sənaye kompleksinin özünü təmin edən və ixrac yönümlü struktur kimi formalaşmasını təmin edir.
Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində “Bayraktar TB3” PUA-ları, “Kaan” yeni nəsil döyüş təyyarəsi, müasir tələblərə cavab verən “Altay” tankı, “Hisar” HHM sistemləri kimi hərbi layihələr artıq Türkiyəni yalnız regional güc mərkəzi deyil, həm də avanqard silah ixracatçısı statusuna da sahibləndirib. Bu uğurlu hərbi-texniki inkişaf tendensiyası, həm də NATO daxilində Türkiyənin strateji avtonomiyasını möhkəmləndirir. Və rəsmi Ankaranın kollektiv Qərb düşərgəsindən tam asılı olmayan, balanslaşdırılmış hərbi siyasətinin əsas təməlini təşkil edir.
Bəzi məlumatlara görə, hazırda hərbi-siyasi bərpa mərhələsində məhz rəsmi Ankaranın fəal dəstəyi ilə irəliləyən Suriya Türkiyədən hava hücumundan müdafiə sistemləri, müasir zirehli texnika, PUA-lar və artilleriya qurğuları almağı planlaşdırır. Bu, son illər ərzində iki qonşu ölkə arasında münasibətlərin ən ciddi dönüş nöqtəsi kimi qiymətləndirilir. Və Əsəd rejiminin devrilməsinin əsas pozitiv nəticələri sırasına daxildir.
Əgər, bu silah müqaviləsi reallaşarsa, həm Rusiyanın, həm də İranın Suriyada başlanan normallaşma prosesinə pozucu müdaxilə imkanları ciddi şəkildə məhdudlaşmış olacaq. Bunun əvəzində isə rəsmi Ankaranın Suriya üzərində daha uzunmüddətli yeni təsir mexanizmlərinin formalaşdırılması qaçılmaz xarakter daşıyacaq. Bu razılaşmanın maliyyə təminatının Fars körfəzi ölkələrinin iştirakı ilə xüsusi fond üzərindən həyata keçirilməsi planlaşdırılır. Və belə anlaşılır ki, Türkiyənin Körfəz ölkələrini Suriyanın bərpa prosesinə regional sponsorlar kimi cəlb etmək strategiyası da pozitiv məzmun daşıyır.
Digər tərəfdən, son məlumatına görə, PKK terror təşkilatı artıq həm Türkiyədəki, həm də İraqın şimalındakı Zap və Metina bölgələrində olan düşərgələrini tərk etməyə başlayıb. Bu, Türkiyə ordusunun son aylarda apardığı intensiv antiterror əməliyyatlarının real nəticəsi kimi qiymətləndirilir. Bu proses Türkiyə və İraq arasında təhlükəsizlik əməkdaşlığının dərinləşməsinə, eləcə də, ABŞ-ın PKK terror təşkilatına ənənəvi dəstəyinin ciddi şəkildə zəifləməsinə paralellik təşkil edir.
Təbii ki, PKK terror təşkilatının geri çəkilməsi və tamamilə sıradan çıxarılma mərhələsinə məhkum olması yalnız hərbi-strateji deyil, həm də siyasi-psixoloji üstünlüyün məhz Türkiyənin tərəfinə keçməsi anlamı daşıyır. Bununla belə, bəzi ekspertlər xəbərdarlıq edirlər ki, bu, PKK terror təşkilatının tam zəifləmə imitasiyası altında sadəcə, yaxın gələcəkdə yenidən güclənmək üçün zaman qazanma məqsədi ilə taktiki dislokasiya dəyişiklikləri də ola bilər. Və bu baxımdan, rəsmi Ankaraya arxayınlaşmadan, PKK terror təşkilatının tamamilə sıradan çıxarılmasına nail olması məsləhət görülür.
Maraqlıdır ki, rəsmi Ankara bütün bunlara paralel olaraq, Türkiyənin regional mövqelərinin daha da gücləndirilməsi istiqamətində qətiyyətli addımlarını davam etdirir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın Küveyt, Qətər və Oman səfərlərini əhatə edən Körfəz turu, Türkiyənin regionda maliyyə, enerji və təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədi daşıyır. Və bu, rəsmi Ankara üçün geniş manevr imkanları ama bilər.
Digər tərəfdən isə bu önəmli səfərlərə paralel olaraq, prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Rusiya və ABŞ arasında sammitə ev sahibliyi etməyə hazırdır” bəyanatı həm də rəsmi Ankaranın siyasi-diplomatik fəaliyyətində qlobal vasitəçilik xəttinin xüsusi yer tutduğunu göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə bağlı İstanbul danışıqlarının təcrübəsinə istinad edərək, Türkiyəni həm Qərb, həm də Rusiya üçün ən etibarlı neytral platforma kimi təqdim etməyə çalışır. Bu yanaşma, həm də Türkiyənin son illərdə formalaşdırdığı “müstəqil çoxqütblü diplomatiya” strategiyasının əsas məqamlarından biridir.
Göründüyü kimi, müasir Türkiyə regional təhlükəsizlik arxitekturasının mərkəzində yer almağa başlayıb. Çünki rəsmi Ankaranın son hərbi-strateji və siyasi-diplomatik qərarları onu göstərir ki, Türkiyə artıq yalnız regiondakı hadisələrə reaksiya verən oyunçu deyil. Əksinə, Türkiyə indi dünyada və regionda cərəyan edən geopolitik proseslərin həm formalaşdırılmasında, həm də idarə olunmasında birbaşa iştirak edən strateji aktor statusu qazanıb. Və bu, Ərdoğan hakimiyyətinin Türkiyəni qlobal güc mərkəzinə çevirmək hədəfinn reallaşmaqda olduğunu göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


 
                                    
 
                                 
                                