Cəmiyyət 

“İnsanlar anlamalıdırlar ki, orqan bağışlamaq ölüm deyil, əksinə, başqasına həyat bəxş etməkdir” – Tibbi ekspert

Orqan bağışlanması tibbi baxımdan insanların həyatını xilas edən ən mühüm addımlardan biridir. Bu proses həm fərdi, həm də ictimai sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.

Tibbi ekspert Elvin Qasımov BiG.AZ-a bildirib ki, bir donorun orqanları bir neçə insana həyat şansı bəxş edə bilər.Orqan çatışmazlığı səbəbindən hər il minlərlə insan həyatını itirir. Halbuki, beyin ölümü təsdiqlənmiş bir şəxsin orqanları 6-7 nəfərin həyatını xilas edə bilər. Bu, həm tibbi, həm də mənəvi baxımdan çox dəyərli addımdır:

“Orqan bağışlanması zamanı donorun sağlamlığı, uyğunluğu və infeksiya riski ciddi şəkildə yoxlanılır. Bu, sadəcə tibbi əməliyyat deyil, həm də yüksək etik məsuliyyət tələb edən bir prosesdir. Hər bir donor və alıcı üçün tibbi təhlükəsizlik əsas prioritetdir. Azərbaycanda da son illər bu sahəyə maraq artıb, lakin maarifləndirmə işləri daha da gücləndirilməlidir.

İnsanlar anlamalıdırlar ki, orqan bağışlamaq ölüm deyil, əksinə, başqasına həyat bəxş etməkdir. Bu, həm vicdan, həm də insanlıq məsələsidir.

Orqan bağışlanması könüllülük əsasında həyata keçirilməli, ailə üzvləri ilə razılaşdırılmalı və qanunvericiliyə uyğun aparılmalıdır”.

Daha çox xəbərlər