Region Xəbərləri 

Bərdədə yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq Bərdə rayonunda abadlıq və infrastruktur sahəsində işlər ardıcıl şəkildə icra olunur. Rayon İcra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına şəhər daxilində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməkdədir. Rayonda həyata keçirilən yenilənmə tədbirlərinə uyğun olaraq Bərdə şəhərinin Şəhid Cəfərov Oruc, Şəhid Nayıbov Devran, Şəhid Lətifov Elməddin, Bahadur Hacıyev, Atatürk, Vaqif, Fizuli və Bakı küçələrində asfaltlama işləri hazırda davam edir. Küçələr üzrə asfalt örtüyünün yenilənməsi mərhələli şəkildə aparılır və işlərin bu ilin sonuna kimi tam başa çatdırılması nəzərdə tutulur.

Yeni asfalt örtüyünün tətbiqi nəticəsində yolun istismar göstəricilərinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi gözlənilir. Yenilənmiş yol şəbəkəsi şəhər daxilində nəqliyyatın səmərəli təşkilinə və hərəkət axınının daha sabit həyata keçirilməsinə şərait yaradacaq.

Aparılan abadlıq işləri şəhərin inkişaf planlarına uyğun olaraq yol infrastrukturunun daha müasir səviyyəyə çatdırılmasına mühüm töhfə verir. Sakinlər görülən işləri müsbət qiymətləndirərək rayonun sosial-iqtisadi inkişafına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Daha çox xəbərlər