Region Xəbərləri 

Bərdədə “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” adlı maarifləndirici tədbir keçirilib FOTOLAR

Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbində 1 nömrəli Uşaq İncəsənət Məktəbi və 3 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə miusiqi məktəblərinin kollektivi və Bərdə şəhər Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Aparıcı giriş nitqində korrupsiyanın dünya miqyasında təhlükəli sosial bəlaya çevrildiyini, ölkələrin inkişafını ləngitdiyini vurğulayaraq, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi qətiyyətli siyasətin əhəmiyyətinə toxunub. Bildirilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində ölkənin bütün regionlarında ardıcıl maarifləndirici tədbirlər həyata keçirilir.

Tədbir zamanı “Korrupsiya nədir?” sualına geniş izah verilib. Qeyd olunub ki, vəzifəli şəxslərin status və səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz üstünlüklər və güzəştlər əldə etməsi korrupsiya kimi qiymətləndirilir. Bu cinayət və inzibati xarakterli hüquqpozmalara qarşı mübarizəni isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirir. Bu istiqamətdə ixtisaslaşmış qurum olan Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının fəaliyyəti haqqında da məlumat verilib.

Tədbirdə həmçinin “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” sualına cavab olaraq bildirilib ki, görülən işlər nəticəsində dövlət qurumlarının şəffaflığı artır, xidmətlər elektronlaşır, məmur-vətəndaş təması minimuma enir, ictimai nəzarət güclənir. Bu isə vətəndaş məmnunluğunun yüksəlməsinə və idarəetmədə hesabatlılığın artırılmasına xidmət edir.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu korrupsiyaya qarşı mübarizə siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilir. Bu istiqamətdə hüquqi baza möhkəmləndirilir, qabaqlayıcı mexanizmlər təkmilləşdirilir, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir.

Sonda bildirilib ki, xalq və hüquq-mühafizə orqanları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq gələcəkdə korrupsiyaya qarşı mübarizədə daha böyük nəticələr əldə olunmasına imkan verəcək.

Tədbir qonaqlara və iştirakçılara təşəkkür olunmaqla başa çatıb.

Daha çox xəbərlər