Region Xəbərləri 

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regionda deyil, dünya miqyasında idman ölkəsi kimi tanınır. Qazanılan uğurlar, yaradılan imkanlar və qarşıya qoyulan hədəflər güclü dövlət siyasətinin məntiqi nəticəsidir.

Bu il idmançılarımız beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq tarixə düşən nəticə əldə ediblər. Bu rəqəmlər sadəcə statistika deyil – bu, minlərlə gəncin əzmi, məşqçilərin zəhməti və dövlətin ardıcıl qayğısının təcəssümüdür. Medalların sayının ildən-ilə artması idmanın inkişafının davamlı və dayanıqlı olduğunu göstərir.

Azərbaycanda idman artıq strateji dövlət siyasətidir. Son illər ərzində ölkə üzrə müasir idman infrastrukturu formalaşdırılıb, bölgələrdə onlarla Olimpiya İdman kompleksi inşa edilib. Bu il Gəncə və Yevlaxda istifadəyə verilən yeni komplekslərlə onların sayı 46-ya çatıb. Bu isə hər bir bölgədə gənclərin idmana əlçatanlığının təmin edilməsi deməkdir.

Prezidentin xüsusi vurğuladığı kimi, sağlam gənclik ölkənin gələcəyidir. Fiziki cəhətdən güclü, mənəvi baxımdan saf, vətənpərvər gənclər yetişdirmək dövlət siyasətinin əsas istiqamətlərindəndir. İdman gənclərdə iradə, məsuliyyət və Vətən sevgisi formalaşdırır. Məhz bu vəhdət cəmiyyətin gücünü artırır.

İdmançılarımızın beynəlxalq arenalarda üçrəngli bayrağımızı ucaltdığı anlar hər bir azərbaycanlının qəlbini qürurla doldurur. Xüsusilə son beş ilin tarixi Zəfərindən sonra bu qürur daha dərin məna kəsb edir. Bu gün idmançılarımız müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır və bu, onların məsuliyyətini daha da artırır.

2025-ci ildə ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunları Azərbaycanın artan idman və təşkilatçılıq potensialını dünyaya nümayiş etdirdi. Yarışların Bakı ilə yanaşı Gəncə və Xankəndi də daxil olmaqla bir neçə şəhərdə keçirilməsi regionların da bu səviyyəli tədbirlərə hazır olduğunu göstərdi. Komanda hesabında ikinci yer isə idmançılarımızın gücünün göstəricisi oldu.

Bu il Bakıda ilk dəfə UFC beynəlxalq turnirinin keçirilməsi, eləcə də ənənəvi Formula 1 yarışlarının böyük maraqla izlənilməsi Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da möhkəmləndirdi. Formula 1-in ölkəmizə gətirdiyi turist axını, ilk yarışdan sonra xarici qonaqların sayının 20 faiz artması idmanın həm də iqtisadi və imic baxımından əhəmiyyətini təsdiqləyir.

Gələcəyə yönələn addımlar da qürurvericidir. Şahdağ Xizək Kurortunda ilk dəfə keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanı qış idmanları üzrə də nüfuzlu ölkələr sırasına çıxaracaq. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur isə idmanın dirçələn torpaqlara da həyat verdiyini göstərir.

Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə ölkəmizdə idmana göstərilən diqqətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Bu ad böyük şərəf olmaqla yanaşı, böyük məsuliyyətdir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan idmanı bu gün güclü dövlətin, sağlam cəmiyyətin və böyük gələcəyin simvoluna çevrilib. Qazanılan hər medal, yetişən hər idmançı, keçirilən hər mötəbər yarış ölkəmizin gücünü və dünyadakı nüfuzunu daha da artırır.

İnanıram ki, Azərbaycan bayrağı bundan sonra da ən yüksək zirvələrdə dalğalanacaq!

 

Teymur Mustafayev – Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktoru

Daha çox xəbərlər