AZAL təyyarəsinin vurulması beynəlxalq məhkəmədə
Azərbaycanla Rusiya arasında 6 ay ərzində arbitrajın təşkili ilə bağlı razılaşma olmasa, Bakı növbəti instansiyaya üz tuta bilər
Rusiyanın 2024-cü il dekabrın 25-də Qroznı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya HHM-i tərəfindən vurulması ilə bağlı açılmış cinayət işini dayandırması ötən həftənin müzakirə edilən mövzularından biri oldu. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin istintaqın dayandırılması barədə məktubu Bakıda ciddi təəccüb doğurub.
Amma Rusiyada cinayət işinin dayandırılması Azərbaycanın müstəqil istintaq aparmaq və bu istintaq çərçivəsində beynəlxalq orderlər vermək səlahiyyətlərinə heç bir şəkildə təsir etmir. Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər. Prezident bu ilin yayında Şuşada keçirilən beynəlxalq mediaforumda bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq sisteminə müraciət etməyə hazırlaşır və bu istiqamətdə artıq Rusiya tərəfinə də rəsmi məlumat verilib: “Biz hazırda beynəlxalq məhkəməyə təqdim ediləcək hüquqi portfeli hazırlayırıq. Rusiya tərəfini də bu barədə məlumatlandırmışıq. Bilirik ki, bu proses vaxt ala bilər. Malayziya hadisəsinin ədalətinə 10 il sərf olundu. Biz də 10 il gözləməyə hazırıq. Amma ədalət bərpa olunmalıdır”.
Ekspertlərin fikrincə, Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) – Azərbaycan bu təşkilata üzvdür və Çikaqo Konvensiyası çərçivəsində rəsmi şikayət təqdim edə bilər. ICAO bu cür hallarda həm texniki, həm də hüquqi qiymətləndirmə aparır və məsuliyyət daşıyan tərəflə bağlı rəy formalaşdırır. Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) – əgər ICAO-da mübahisə həll olunmasa və ya tərəflər razılığa gəlməsə, Azərbaycan dövlətlərarası iddia ilə ICJ-yə müraciət edə bilər. Bu prosesdə məsuliyyətin rəsmi şəkildə tanınması və təzminat tələb olunması mümkündür. Azərbaycan bu məsələni BMT gündəminə çıxararaq siyasi və diplomatik cavab mexanizmlərinin işə salınmasına nail ola bilər.
Zərərçəkmiş ailələrin hüquqları – 1929-cu il Varşava Konvensiyası və 1999-cu il Monreal Konvensiyası əsasında zərərçəkmiş ailələr kompensasiya tələbləri ilə çıxış edə bilərlər. Bu proseslər həm ikitərəfli diplomatik danışıqlar, həm də beynəlxalq arbitraj və ya məhkəmə instansiyaları vasitəsilə aparıla bilər. Azərbaycan bu məsələni beynəlxalq səviyyədə hüquqi və siyasi müstəvidə ardıcıl şəkildə qaldırmalı, ICAO və BMT çərçivəsində proseslərə start verə bilər.
Azərbaycanın 2026-cı ildə təyyarə ilə bağlı atacağı addımlar nələr ola bilər?

Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, “Mülki aviasiya təhlükəsizliyi əleyhinə olan qanunsuz aktlarla mübarizə haqqında” Monreal Konvensiyasına görə istismarda olan hava gəmisini qəsdən məhv etmə, habelə hava gəmisinə qəsdən onun sıradan çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə təhdid yaradan zərər yetirmə cinayət hesab olunur: “Konvensiyanın üzvü olan dövlətlər bu cinayətə və konvensiyada nəzərdə tutulmuş mülki aviasiya təhlükəsizliyi əleyhinə olan digər cinayətlərə görə sərt cəza tədbirləri müəyyən etməlidirlər. Rusiya da, Azərbaycan da bu konvensiyanın iştirakçısıdır və hər iki ölkənin cinayət qanunvericiliyində belə cinayətlərə görə məsuliyyət müəyyən olunur”, – deyə Q.Əlibəyli qeyd edib.
Onun fikrincə, Rusiya İstintaq Komitəsinin təyyarəmizin vurulması ilə bağlı cinayət işinə xitam verilməsi qərarı daha çox siyasi xarakter daşıyır və bu cinayətdə təqsiri olan şəxsləri cinayət məsuliyyətindən, Rusiyanı isə beynəlxalq hüquqi məsuliyyətdən yayındırmaq məqsədi güdür: “Bununla da AZAL-a məxsus mülki təyyarənin Rusiya hərbi hava qüvvələri tərəfindən raketlə vurulmasının qanunsuz olmadığını, buna görə də bu cinayəti törədən şəxslərin və rus dövlətinin heç bir məsuliyyət daşımadığını göstərmək istəyirlər. Rusiya təyyarəmizin vurulmasından dərhal sonra məsuliyyəti öz üzərindən atmağa çalışaraq müxtəlif versiyalar – gah təyyarənin quş dəstəsi ilə toqquşması, gah nasazlıq, gah da Ukrayna dronlarının günahkar olması versiyalarını irəli sürmüşdü. Yuxarıda adını çəkdiyimiz konvensiyaya görə onun müddəalarının tətbiqi ilə əlaqədar yaranmış mübahisə danışıqlar nəticəsində həll oluna bilmirsə, tərəflərdən birinin təşəbbüsü ilə beynəlxalq arbitraja verilə bilər. Əgər belə bir təşəbbüsdən sonra 6 ay müddətində arbitrajın təşkili ilə əlaqədar tərəflər arasında razılaşma olmasa, məsələ Beynəlxalq Məhkəmənin yurisdiksiyasına verilə bilər. Yəni Azərbaycan hazırda bu mübahisə üzrə beynəlxalq arbitrajın təşkili barədə Rusiyaya rəsmi müraciət etməlidir”.
Həmsöhbətimiz hesab edir ki, Rusiyanın məsuliyyətdən inadla yayınmaq istədiyini nəzərə alsaq, beynəlxalq arbitrajın yaradılmasına razılıq verməyəcəyi şübhə doğurmur: “Yalnız bundan sonra Beynəlxalq Məhkəməyə müraciət etmək olar. Lakin Rusiyanın beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara hörmətsiz münasibətinə görə Beynəlxalq Məhkəmənin qərarının da yerinə yetirilməyəcəyini əminliklə söyləmək olar. Elə dekabrın 29-da Putin “Rusiya Federasiyasının Məhkəmə sistemi haqqında” Qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişiklik xarici cinayət məhkəmələrinin və bir istisna ilə beynəlxalq məhkəmələrin qərarlarını Rusiya tərəfindən icra olunmayacağını nəzərdə tutur”.
Xatırladaq ki, oktyabrda Düşənbədə keçirilən görüşdə Rusiya lideri Putin azərbaycanlı həmkarı İlham Əliyevdən ikinci dəfə üzr istəyib, raketin qəlpələrinin təyyarəyə dəydiyini etiraf edib, dəymiş zərərə görə təzminat ödəniləcəyini və atəş açanların cinayət məsuliyyətinə cəlb olunacağını bildirib. Lakin Kreml başçısı sözünü hələ də tutmayıb və istintaq cinayət işinə, göründüyü kimi, xitam verib. Bu hadisə nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları həlak olub. Ölənlərin sayı 38 nəfərdir. Təyyarənin ekipaj üzvlərindən üç nəfərə Milli Qəhrəman adı verilib. Mülki gəmimizin Rusiya ərazisində enişinə icazə verilmədiyi üçün Aktau yaxınlığında qəza edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

