Azərbaycanda ilk: Buğdadan çox arpa əkildi
Azərbaycanda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir.
Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari il yanvar ayının 1-i vəziyyətinə 958,5 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Səpin aparılmış sahənin 98,9 faizini və yaxud 948,3 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Bu sahənin 457,9 min hektarı buğda, 490,3 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,7 faiz, o cümlədən arpanın səpin sahəsi 14,9 faiz artıb, buğdanın səpin sahəsi isə 9,5 faiz azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin məhsulu üçün 505,5 min hektarda buğda, 426,6 min hektarda arpa səpilmişdi. Beləliklə, bu il Azərbaycanda ilk dəfə olaraq arpa əkinlərinin sahəsi buğdanı üstələyib.
Musavat.com

