Mövsümi meyvələr niyə bahadır? – Bazardan reportaj, FOTOLAR
Son günlər Bakıda hökm sürən şaxtalı, qarlı-yağışlı hava təkcə yolları deyil, bazar piştaxtalarını da “sarsıdıb”.
Paytaxt sakinləri deyirlər ki, meyvə-tərəvəz əvvəlki dadını itirib, tez xarab olur. Qiymətlər isə sanki havadan da sərtdir. Bu mənzərəni yaxından görmək üçün Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarına üz tutduq. Məqsədimiz şaxtanın meyvə-tərəvəzə real təsirini və bunun qiymətlərə necə yansıdığını yerində araşdırmaq idi.
Bazarın çöl hissəsində, açıq havada satılan meyvələrin vəziyyəti ürəkaçan deyildi. Bir çox meyvələr büzüşmüş, rəngi solmuş, təravətini itirmiş görünürdü. Xüsusilə alma piştaxtaları diqqət çəkirdi. Adətən bahalı sayılan “Qızıl Əhmədi” almasının 1 manata təklif edildiyini görəndə təəccübləndik. Meyvə ucuz idi, amma görünüşü də bunu “izah edirdi” – büzüşmüş, cəlbediciliyini itirmişdi. Eyni mənzərə “Simirenka” almalarında da müşahidə olunurdu. Satıcılardan səbəbini soruşduqda isə demək olar hamısı eyni cavabı verdi: “Şaxta ilə əlaqəsi yoxdur”.
Satıcılar meyvələrin keyfiyyətli, vitaminli olduğunu, saxlanma şəraitində problem olmadığını iddia etdilər. Bu yerdə istər-istəməz “kim öz ayranına turş deməz” atalar sözü yada düşür.
Bazarın qapalı hissəsinə keçdikdə mənzərə nisbətən dəyişirdi. Buradakı satıcılar bildirirdilər ki, məhsullar içəridə saxlandığı üçün şaxtadan qorunur: “Çöldə satılan meyvə-tərəvəzə şaxtanın təsiri var, bizə yox. Məhsul içəridədir, zərər görmür”.
Ancaq burada da başqa bir reallıq üzə çıxır – qiymətlər. Meyvə-tərəvəz bölməsində qiymətlər ciddi artım göstərib. Naringi 4–6 manat, nar 7–9 manat, normal keyfiyyətli “Qızıl Əhmədi” alması isə 5–8 manat , heyva 5-6 manat, kivi 5-7 manat, armud 6-7 manat aralığında satılır. Çərəz piştaxtaları isə lap “əl yandırır”.
Satıcı özü də bunu təsdiqləyir: “Ötən il fındığın kilosu 15–16 manat idi, indi 21–22 manatdır. Bahalaşma açıq hiss olunur”.
Tərəvəz sıralarında daha bir maraqlı məqam diqqətimizi çəkdi. Piştaxtalardan birində “Çilədağ” adlı bitki satılırdı. Kilosu – 20 manat. Bir çox alıcı ayaq saxlayıb, bunun qiymətini soruşurdu. Satıcı qiymətin səbəbini belə izah etdi: “Bu, nadir tapılan bitkidir, şəfavericidir. Oynaq, bel, diz ağrıları üçün faydalıdır”.
Ümumilikdə bazarda meyvə bolluğu hiss olunmurdu. Alıcı sayı da əvvəlki qədər çox deyildi. Adətən ucuzluğu ilə tanınan bu bazarda indi qiymətlər od tutub yanır. Satıcı isə vəziyyəti belə şərh etdi: “Ay qızım, hər yerdə qiymətlər artıb. Bizlik deyil. Hələ bura ən münasib yerdir. Meyvəni şaxta yox, qiymət vurub, alıcı yoxdur”.
Diqqət çəkən məqamlardan biri də açıq sahədə satılan məhsullarla qapalı məkandakı məhsullar arasında keyfiyyət fərqinin açıq şəkildə hiss olunması idi. Açıqda satılan meyvələr daha çox zədələnmiş, daxildə olanlar isə nisbətən normal görünürdü.
Bundan əlavə, bazarda məhsulların əksəriyyətinin üzərində qiymət etiketləri yox idi. Bunun özü də başqa bir problemdən xəbər verir. Əksər vaxtlarda satıcılar məhsulun əsl qiymətini gizlətməklə alıcıya daha baha qiymətə təklif edir. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, satılan malın qiyməti yalnız manatla və alıcı üçün əlçatan şəkildə göstərilməlidir. Əks təqdirdə, bu, istehlakçı hüquqlarının pozulması hesab olunur. Sahibkarlar etiket qoymamaq və ya qiymətləri düzgün göstərməməyə görə 800–1000 manat civarında cərimə alırlar.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com











