Gündəm 

Komitə sədrindən İLGİNC açıqlamalar

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihə barədə parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi-hazırda qüvvədə olan hüquqi aktın 1998-ci ildə qəbul olunduğunu nəzərə aldıqda Vətən müharibəsində Qələbəmizdən sonra uşaqlara, ailəyə və gələcəyimizə yönələn yeni dövlət siyasəti adlandırmaq olar:

“Birinci oxunuş konseptual xarakter daşıdığı üçün bir neçə tarixi, demoqrafik və sosioloji məqamları layihənin müzakirəsində vurğulamaq yerinə düşər. Hər bir millətin saf və müdafiəyə ehtiyacı olan təbəqəsi məhz uşaqlardır. Dövlətin və xalqın gələcəyi təbii sərvətlərindən daha qiymətli olan uşaqları necə yetişdirməsindən, onları sağlam və savadlı böyütməsindən, şəxsiyyət kimi formalaşdırmasından asılıdır. 1990-cı illərdə Azərbaycanın məruz qaldığı birinci Qarabağ müharibəsinin ağır nəticələrini xalqımızla birlikdə milyonlarla azərbaycanlı uşaq çadır şəhərcikləri və çiy kərpiclərdə on illərlə yaşamalı oldular. “Məcburi köçkün uşaqlar” məfhumu o vaxt meydana gəldi. Düşmənlə təmas xəttində daim atəş altında yaşayan uşaqların fiziki və mənəvi müdafiəsi tələbə olunurdu. O illərdə uşaqların tək arzusu doğma yurdlarına qayıtmaq, öz məktəblərində çalışıb-oxumaq, babalarının qurub-yaratdığı evləri, kənd və qəsəbələri yenidən müqəddəs ocağa çevirmək idi..

Vətən müharibəsində Qələbəmiz ilk növbədə, millətimizin gələcəyi olan uşaqların-arzularını özləri həyata keçirməyi bacaran nəslin Zəfəridir. Prezident İlham Əliyevin liderliyi ilə “məcburi köçkün ailələr” məfhumuna son qoyuldu, Böyük Qayıdışla minlərlə keçmiş məcburi köçkün uşaqlar doğma torpaqlarına qayıdırlar. Azad torpaqlara dönən uşaqlar artıq qurban deyil, qəhrəmanlıq və qürurla böyüyən qalib nəsildir”.

Zahid Oruc: “Gəlin onları “işğal partiyası” adlandıraq!” | Modern.az

Z.Oruc qeyd edib ki, təqdim olunan qanun layihəsi yeni dövrün hüquqi, mənəvi və mədəni çağırışlarını özündə əks etdirir:

“Dövlət ailəni əvəz etmir, onu gücləndirən qüvvə kimi çıxış edir. Ölkə əhalisinin yaşa görə statistikası Azərbaycan əhalisinin cavan olduğunu göstərir. 2026-ci ildə 18 yaşadək olan uşaqların sayı 2 milyon 730 min nəfər olub. Rəqəmlər təkcə demoqrafik deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyır. Dövlətimizin uzunmüddətli perspektivdə insan potensialı güclüdür.

Müqayisə üçün, Ermənistan əhalisi təxminən 2,95 milyon nəfərdir. 2025-ci ildə doğulan uşaqların sayı 23 min nəfər olub ki, 2024-lə müqayisədə azalma deməkdir. Gürcüstanda 2024-cü ildə 39 min doğulan uşaq qeydə alınıb.Əhalinin 100 nəfərinə düşən uşaqlar (0-18 yaş)-2025 üzrə Azərbaycanda 27 faizini, Ermənistanda 19 faizini, Gürcüstanda isə 20.2 faizini təşkil edir. Göründüyü kimi, əhalinin müvafiq nisbətinə görə Cənubi Qafqazda liderlik Azərbaycana məxsusdur”.

Z.Oruc bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğunun nəticələri müzakirə olunan layihənin qiymətləndiirlməsi üçün çox əhəmiyyətlidir, çünki uşaqların müasir ailə-cəmiyyət münasibətlərində yeri hər gün dəyişir:

“Xüsusi önəm daşıyan məsələlərdən biri uşaqların asudə vaxtının təşkili ilə bağlıdır. Sorğuların nəticələri göstərir ki, 34.9 faiz uşaqların, məktəbli yeniyetmə və gənclərin formalaşması üçün dərsdənkənar fəaliyyəti yoxdur. Demək olar ki, təqribən hər 3 respondentdən biri əlavə fəaliyyətlə məşğul olmur.

Məktəbli respondentlərin müntəzəm qaydada istifadə etdikləri fəaliyyət sahələri dil kursları (14,4 %), olimpiya və digər idman mərkəzləri (7,4 % və 13,4 %), kitabxanalar (11,4 %) və digər sahələrdir. Yaradıcı və şəxsi inkişaf mərkəzlərinə maraq və aktivlik aşağıdır. Yeri gəlmişkən, son hadisədə-İdrak litseyindəki olayda müəllimi əvvəlcədən günahkar çıxaranlarla əsla razılaşmaq olmaz. Çünki müəllim dövlətin sütunudur, millət qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılığa haqq qazandırmaq, onu normalaşdırmaq deməkdir, bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Siyasi sistemi, qlobal biznes dünyası uşaq hannibalarının hakimiyyəti altında olan sümürgən qüvvələr Azərbaycan dövlətini son 30 ildə insan haqlarını və demokratiyanı pozmaqda günahlandırırdılar.

Yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək. Yeri gəlmişkən, uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidlana bilməyən və psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmlarla təhlil etməliyik.

İnternet və sosial mediadan asılılıq mövzusu indi bir nömrəli məsələyə çevrilib. Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı övladı olan ailələrin çoxunda uşaqlar faktiki olaraq, sosial mediadan istifadə edir. Respondentlər arasında məktəbyaşlı övladı olanların 63.5%-i övladının sosial mediadan istifadə etdiyini, 36.5%-i etmədiyini bildirir.

Sorğunun nəticələrinə əsasən, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda “YouTube” (69.1%), “WhatsApp” (47.9%) və “TikTok” (33.0%) qərarlaşır. Başqa sözlə, uşaqlar video və mesajlaşma yönümlü platformalardan istifadə edir. Orta və aşağı səviyyədə istifadə olunan platformalar kimi “Instagram” (19.1%), “Snapchat” (9.6%), “Facebook” (8.5%), “Telegram” (5.3%), “X” (Twitter – 2.1%) növbəti yerlərdə dayanır”.

Komitə rəhbəri digər vacib məqamlara da toxundu:

“Uşaqların 18.1%-i sosial mediada gündəlik təqribən 5 saat və daha çox vaxt keçirir. Onların 24.5%-i sosial mediaya gündəlik 3-4 saat, 31.9%-i 1-2 saat və 22.3%-i 1 saatdan az vaxt ayırır. Yeri gəlmişkən, süni zəka texnologiyaları ilə yayılan qısa videoçarxlar – reels, shorts və s. uşaqlara zorakılığı təlqin edir, silah və kriminal submədəniyyətlər aşılayır, aqresivliyi normalaşdırır. Qanuni oğrular və avtoritetlər Vətən müharibəsi qəhrəmanlarından daha çox təbliğ edilir. Halbuki minlərlə istedadlı uşaqların uğur hekəyələrini tirajlamaq Zəfərimizi təhsildə davam etdirmək deməkdir.

Sorğuya cəlb edilən şagird respondentlərin yalnız 10.5%-i son 3 ildə məktəb psixoloquna müraciət etdiyini və bunun ona faydasının olduğunu bildirib. 86.4% respondent ehtiyac duymadığına görə məktəb psixoloquna müraciət etməyib. Lakin məktəb psixoloqlarını hazırlayan təhsilin özünü gücləndirmək xüsusi bir vəzifədir.

“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%-dir, məlumatsız kəsim rəyi öyrənilənlərin 47,4%-ni təşkil edir.

Rəyi öyrənilənlərin 62,2%-i məktəbdə onun hüquqları haqqında məlumat verilən fənnin tədris olunduğunu qeyd etdiyi halda, hər dörd respondentdən biri (29,7%) əks mövqedə qərarlaşıb.
Uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ilə bağlı məlumatlılıq səviyyəsi respondentlərin 48,6%-ni təşkil edir, əks mövqedə qərarlaşanlar ümumi rəyi öyrənilənlərin 51,4%-ni əhatə edir. Beləliklə, həm hüquqi, həm təhsil, həm də psixoloji və sosioloji tranformasiya qarşısında olan uşaqların hüquqlarının qorunmasına xidmət edən yeni layihə, onların təhlükəsiz, sağlam və savadlı gələcəyini təmin edəcəyinə inanırıq”.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər