Doğranmış çörək bahalaşdı – Zavod çörəklərinin qiyməti də artacaq? – İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda son günlər ərzaq bazarında müşahidə olunan qiymət artımı çörək sektorundan da yan keçmədi. Dünəndən etibarən doğranmış çörəyin qiymətinin bahalaşması alıcılar arasında suallar doğurub. İndi isə əsas müzakirə mövzusu zavod istehsalı olan çörəklərin də bahalaşıb-bahalaşmayacağıdır. Çörək ölkədə ən çox istehlak olunan əsas ərzaq məhsullarından biridir və onun qiymətindəki hər dəyişiklik birbaşa ailə büdcəsinə təsir edir.
Unun maya dəyəri, logistika xərcləri, enerji tarifləri və istehsal xərclərindəki mümkün artımlar fonunda zavod çörəklərinin qiymətinin də dəyişməsi ehtimalı gündəmə gəlir. Bəs mövcud bahalaşma lokal xarakter daşıyır, yoxsa bu proses daha geniş qiymət artımının başlanğıcıdır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda çörək məmulatlarının qiyməti dövlət tərəfindən tənzimlənmir. Onun sözlərinə görə, dövlətin nəzarət mexanizmi çörəyin çəkisi və keyfiyyəti ilə əlaqəlidir: “Ona görədə qiymətlərin artması ehtimalı həmişə var. Azərbaycan özü-özünü taxıl ilə təmin edə bilmir. Yəni əmtəəlik taxıla olan təlabatın cəmi 25%-ni biz daxili istehsal hesabına ödəyə bilirik. Yerdə qalan 75% taxıla olan tələbatımızı isə xaricdən idxal hesabına ödəyirik.
Logistika xərcləri bahalaşdıqca, xaricdə taxılın qiyməti artdıqca, daxildə də unun və un məmulatlarının qiyməti arta bilər. Yəni belə bir ehtimal var”.
Müəllif: İlkin Məmmədkərimov

