Siyasət 

Əliyevə vədini tutmayan MƏĞLUB ali baş komandan – Bakıdan REAKSİYA

“TV Musavat”ın efirində siyasi şərhçi Heydər Oğuz maraqlı ifadə işlədib. Təhlilçi deyib ki, Rusiya lideri Vladimir Putin məğlub sərkərdədir.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycana artan təzyiqləri və hibrid hücumlarının bir səbəbi də Azərbaycan Prezidenti İlham Əliyevin qalib sərkərdə olması və rus həmkarından bu mənada fərqlənməsidir. H.Oğuz həmçinin, qeyd edib ki, Ukrayna müharibəsinin başlanmasının beşinci ili yaxınlaşır və Putinin ordusu dörd ildir öz hərbi və strateji hədəflərinə çata bilmir.

Kreml liderini məğlub ali baş komandan adlandırmaq olarmı?

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı tədbir keçirilib

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Putinin üç günə Kiyevi tutmaq planı 4 il əvvəl fiaskoya uğrayıb və indi bunun heyfini çıxmaq üçün ətrafına cırmaq atmağa çalışır. Onun sözlərinə görə, Rusiyanın puç olan hədəflərindən biri də Qarabağdan vaxtından tez çıxan rus qoşunlarıdır:

“Kreml Ukraynanı ilhaq edərək ittifaq dövlətinə daxil etməyi planlaşdırmışdı. Bununla da ikinci SSRİ modeli qurmağı hədəfləmişdi. Çünki digər postsovet ölkələri də Rusiyanın təsir dairəsinə məcbur olaraq yaxınlaşacaqdı. Rusiya hesab edirdi ki, bundan sonra Azərbaycanda hərbi mövcudluğunu uzun müddət davam etdirəcək. Beləliklə, bununla da üç Cənubi Qafqaz ölkəsində rus çəkməsi olacaqdı. Yəni faktiki Ermənistanda hərbi bazaları yerləşir, Gürcüstanın işğal olunan Cənubi Osetiya və Abxaziya torpaqlarında rus əsgərləri var, Qarabağda da sülhməramlı adı ilə onillərlə oturmağı nəzərdə tutmuşdu. Onların rus xadimlərinə heykəl qoyması, Xocalıda provaslav kilsəsi tikməsi təsasüfi deyildi. Nəticədə Qarabağda separatizm və rus hərbçiləri mövcud olacaqdı. Bu da bizim bölgənin Donbasa və ya Dnestryanı ərazilərə çevrilməsinə gətirə bilərdi. Beləliklə, GUAM ölkələri və Ermənistanda rusların hərbi varlığı güclənəcək, Orta Asiyaya da təsiri artacaqdı”.

"Hərbi toqquşma olmayacaq” - Qabil Hüseynli

Amma Q.Hüseynli hesab edir ki, Ukrayna müharibəsinin nəticələri Putinin arzularını suya düşürdü və GUAM ölkələrindən yalnız Azərbaycan həm separatizmi bitirdi, həm də onun himayədarlarını Qarabağdan çıxardı:

“Ona görə də haqlısınız, Putin məğlub ali baş komandandır və indi uğursuzluğa görə gah təyyarəmizi vurdurur, gah səfirliyimizə raket atdırır, gah soydaşlarımızı qanına qəltan edir, kiberhücumlar, hibrid savaş aparır, mediası və Kreml təbliğatçıları təhdidlər yağdırır. Eyni zamanda, bu fiaskoya Zəngəzur dəhlizinə nəzarət fürsətini itirmək daxildir. Əslində, bölgəyə rus hərbçiləri yerləşməliydi. Lakin bu strateji imkanı da əldən verdi və üçtərəfli sənəddən irəli gələrək Ermənistana təzyiq göstərə bilmədi. Ona görə də Bakı və İrəvan 10 noyabr sənədindən uzaqlaşdı, ikitərəfli modeldə danışıqlar apardı, vasitəçisiz sülh mətni hazırlandı, Qazax istiqamətində 4 kəndin delimitasiyası aparıldı, nəhayət, Vaşinqton sənəd imzalandı. Bu da region ölkəsi Rusiyanın və onun rəhbərinin məğlubiyyətidir. Putin bundan sonra təhdid və təzyiqlərlə heç nəyə nail ola bilməz. O, düşünməlidir ki, niyə belə oldu və Ukrayna bataqlığında nə işim varıydı… ”

Emil Salamoğlu
Musavat.com

Daha çox xəbərlər