Region Xəbərləri 

İnanırdıq ki, bu gün gələcək

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının fonunda qəhrəmanlıq dolu tariximizin faciəli səhifələrini də vərəqləyir, onların unudulmamasına çağırışlar edir, beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində səylər daha da artırılır.  Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımından 34 il keçir.  Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Bir gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı  indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.  Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etdi və onun dinc əhalisinə amansızcasına divan tutdular. Hücum zamanı  613 nəfər xüsusi qəddarlıqla öldürülüb ki, onlardan  106-sı qadın, 63-ü uşaq və 70-i  qoca idi.   487 nəfər, o cümlədən 76 uşaq şikəst olub.  1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir. Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü. Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı.  2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya nümayişi oldu. Xalqımız Vətən, torpaq sevgisini  dəmir yumruq kimi birliyində, həmrəyliyində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə həyata keçirməklə təsdiqlədi. Ən yüksək tribunalardan “Xalqımız heç zaman işğalla barışmayacaq”, “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi bəyanatlar səsləndirən Prezident  İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bu çağırışlar  reallıqda öz təsdiqini tapdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində  Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərləri davamlıdır. Ötən müddətdə dövlətimizin başçısının təkcə Xocalıya 11 səfəri olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2024-cü ilin 28 may tarixində Xocalı şəhərinə qayıdan ilk sakinlərlə görüşündə diqqəti  bir daha bu reallıqlara yönəltdi ki, xocalılılar müxtəlif yerlərdə məskunlaşmışdılar və müstəqillik illərini Xocalıdan ayrı keçirməli oldular. Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənd kəndində  keçirməli oldular. Birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır: “Mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək”.

Daha çox xəbərlər