Cəmiyyət 

Ramazan yox, qazanc ayı: Restoranların “iftar süfrəsi” biznesi – İslam və tibb nə deyir?

Əsas məqsədi nəfsə hakim olmaq, israfçılıqdan qaçmaq, ac qalan insanları xatırlamaq, Allahın saysız-hesabsız nemətlərinə şükür edib onları paylaşmaq olan Ramazan ayında çox təəssüf ki, uyğun olmayan mənzərələrlə də qarşılaşırıq. Belə hallar əsasən paytaxtda fəaliyyət göstərən restoranlarda müşahidə olunur.

Publika.az Bakıdakı kafe və restoranlarda iftar süfrələrinin qiyməti ilə maraqlandı. Aydın oldu ki, sanki oruc tutan insanların inancından, həssaslığından istifadə edirlər. Belə olan halda insan yalnız bu sualı düşünür: Nə qədər pulum var?

Lüks restoranlardakı iftar menyularının qiymətini görəndə “bu, ibadətdir, yoxsa biznes fürsəti?” deyə düşünür insan. Bəli, bu artıq fürsətə çevrilib. Çünki həmin məkanlarda bir nəfərin iftara xərcləyəcəyi pul, təxminən bir ailənin aylıq qida pulu səviyyəsindədir.

Əslində, toxunduğumuz mövzunun mənbəyi sosial şəbəkələr və istifadəçilərin giley-güzarıdır. Qiymət siyahıları Bakı sakinlərində şok effekti yaradıb. 10.90 AZN-lik (“Konak Baku”) və 20 AZN-lik (“Sədəf”) “ucuzvari” süfrələr də var, amma paytaxtın mərkəzi hissələrində və beşulduzlu hotellərdəki qiymətlər cib yandırır.

Allaha ibadət edən insanlara 120-150 AZN-lik iftar menyusu təklif olunursa, burada mənəviyyatdan danışmağa dəyərmi?

Əlbəttə, ilin digər 11 ayında restoran və iaşə obyektlərinin sahibləri menyunu hansı qiymətə tərtib etməyi özləri müəyyənləşdirirlər. Amma heç olmasa ayların sultanı sayılan Ramazan ayında bir az insaf nümayiş etdirsələr, daha doğru olmazmı?

Qimətlərə diqqət edək:

“Zafferano” (“Four Seasons”): 120 AZN
“Günaydın”: 90 AZN
“Le Bistro” (“Fairmont”): 88 AZN
“The Ritz-Carlton”: 85 AZN

Hətta əlavə olunan 10-15 faizlik xidmət haqqı ilə birlikdə yekun məbləğ daha da artır, 150 manata, bəzi hallarda isə 180 manata qədər yüksəlir. Orta seqment hesab edilən “ “Mado”, “Beyzade” və “Vogue” kimi məkanlarda isə iftar menyularının qiyməti 25-30 AZN arasında dəyişir. Bu məbləğ də orta aylıq əməkhaqqı alan vətəndaş üçün gündəlik iftar üçün əlçatmaz hesab olunur.

Gələk məsələnin əsas tərəfinə. İslam yuxarıda sadalananlara necə baxır: savabı nədədir, günahı nədə?

İlahiyyatçı Ağa Hacıbəyli Ramazan ayı ilə bağlı açıqlamasında son illər müşahidə olunan mənəvi aşınmalardan narahatlığını ifadə etdi.

Onun sözlərinə görə, ildən-ilə İslam kimi müqəddəs bir dinin və Ramazan kimi möhtəşəm, təqva məktəbi olan ayın ruhuna zidd hallar artır:

“Ramazan ayı Allah-Təalanın bizdən savab, əcir, xeyirxah əməllər və fəzilətli davranışlar gözlədiyi zamandır. Bu ay nəfsin cilovlanması, mənəvi saflaşma və dünyəvi həvəslərin nəzarət altına alınması ayıdır. Lakin təəssüf ki, bəzən biz bunun əksini müşahidə edirik. Dünyəviləşmə meyli güclənir, maddi qazanc və mənfəət hər şeyin önünə keçir”.

İlahiyyatçı bildirdi ki, xüsusilə Ramazan ayında bəzi işbazların və “ümid tacirlərinin” yaranmış mənəvi mühitdən qazanc məqsədilə istifadə etməyə çalışması təəssüf doğurur. Onun fikrincə, bu cür qazanc nə dini, nə də mənəvi baxımdan xeyirli hesab oluna bilər.

Ağa Hacıbəyli iftar süfrələrinin dəbdəbəli və israfçı xarakter almasını da tənqid etdi:

“İftar süfrəsi sadə və mütavazi olmalıdır. Restoranlarda qiymətlərin süni şəkildə artırılması, iftarın dəbdəbə yarışına çevrilməsi Ramazanın ruhuna uyğun deyil. Qurani-Kərimdə israf təkcə günah kimi deyil, eyni zamanda çox sərt ifadə ilə qınanır. Müqəddəs kitabımızda buyurulur ki, “Yeyin-için, lakin israf etməyin”. Digər bir ayədə isə israf edənlərin “şeytanın qardaşları” olduğu bildirilir”.

O vurğuladı ki, gün ərzində 15-16 saatlıq orucun sonunda insan savabını azaldacaq davranışlardan çəkinməlidir:

“Bəli, süfrədə təqdim olunan yeməklər dadlı ola bilər. Lakin imkan daxilində Peyğəmbərimizin hədisini xatırlamalıyıq: “Yer üzərində doldurulan ən pis qab mədə qabıdır”. Ramazan nəfsin damarlarını basmaq, tamahı cilovlamaq ayıdır. Əgər biz bu ayda da nəfsimizə qalib gələ bilmiriksə, məqsəddən uzaq düşmüş olarıq”.

İlahiyyatçı möminləri Ramazan ayının mənəvi mahiyyətini qorumağa, israfdan və ifratçılıqdan uzaq durmağa, iftar süfrələrində sadəliyə və paylaşmağa üstünlük verməyə çağırdı.

Bəs, bu məsələni tibb necə qiymətləndirir?

Terapevt-diyetoloq Rəna Həsənova Publika.az-a açıqlamasında Ramazan ayında düzgün və balanslı qidalanmanın vacibliyindən bəhs etdi.

Onun sözlərinə görə, Ramazan nəfsin tərbiyəsi, israfçılıqdan uzaq durmaq və daxili aləmin saflaşdırılması ayıdır. Lakin təəssüf ki, son illər bəzi məkanlarda “iftar menyusu” adı altında 70-80 manatdan başlayaraq 150-180 manata qədər yüksələn, onlarla çeşiddən ibarət süfrələr təqdim olunur və bu təkliflər geniş şəkildə reklam edilir.

Mütəxəssis vurğuladı ki, gün çıxandan gün batana ac qalan orqanizmi iftar zamanı qəfil şəkildə ağır, yağlı və çoxçeşidli yeməklərlə yükləmək tibbi baxımdan düzgün deyil. Bu cür qidalanma qanda şəkərin sürətlə yüksəlməsinə, həzm sistemində pozğunluqlara, köp və şişkinliyə, mədəaltı vəz nahiyəsində ağrılara, həmçinin çəki artımına səbəb ola bilər.

Diyetoloqun sözlərinə görə, iftardan sonra bir çox pasiyentlər məhz bu səbəbdən həkimə müraciət edərək nəfəs darlığı, mədədə ağırlıq, köp və pankreatik xarakterli ağrılardan şikayət edirlər.

R.Həsənova iftarda mərhələli şəkildə tətbiq olunan üsulu sadaladı:

Oruc ilk növbədə su və xurma ilə açılmalıdır;
10-15 dəqiqə fasilədən sonra yüngül şorba qəbul edilməlidir;
Əsas yemək isə təxminən iki saat sonra yeyilməlidir.

O əlavə etdi ki, qidalar yavaş tempdə, yaxşı çeynənilərək qəbul olunmalı, mədə birdən-birə həddindən artıq yüklənməməlidir.

Mütəxəssisin fikrincə, Ramazan iftar süfrələrinin nümayiş etdirildiyi bir ay deyil. Bu ay detoks, ölçü və balans ayıdır. Zikr, mənəvi saflaşma və özünənəzarət ön planda olmalıdır. Düzgün və balanslı qidalanma həm sağlamlığın qorunmasına xidmət edir, həm də Ramazanın ruhuna uyğun davranış modelidir.

“Yüksək qiymətli iftar menyuları daha çox marketinq xarakteri daşıyır və burada əsas məqsəd sağlamlıq deyil, kommersiya maraqlarıdır. Gün ərzində ac qalmış mədəni ağır yeməklərlə yükləməyin nəticəsi isə gec-tez özünü narahatlıq və sağlamlıq problemləri ilə göstərəcək. Unutmayaq ki, Ramazan nəfsə qalib gəlmək ayıdır, nəfsə uduzmaq yox. İnsan yemək üçün yaşamamalı, yaşamaq üçün yeməlidir”, – deyə terapevt-diyetoloq vurğuladı.

Daha çox xəbərlər