Bakıda NATO ilə geniş təlim hazırlığı BAŞLADI
Azərbaycanın Müdafiə Nazirliyi ilə NATO arasında Bakıda məsləhətləşmə görüşü keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bu ilin iyun ayında ölkəmizdə keçiriləcək təlimi planlaşdırılması barədə məlumat təqdim edilib. Müdafiə Nazirliyinin nümayəndələrinin və xarici mütəxəssislərin iştirak etdiyi görüşün əsas məqsədi NATO proqramına bu yaxınlarda təqdim edilmiş bölmələrin döyüş hazırlığını, onların dəstəyini və təchizatını, eləcə də NATO standartlarına uyğunluq səviyyəsini təsdiqləməkdir.
Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında Bakıda keçirilən məsləhətləşmə görüşü təkcə texniki-hərbi tədbir deyil, həm də regional geosiyasi mesaj kimi qiymətləndirilə bilər. Bu cür proqramlar adətən tərəfdaş ölkələrin alyans standartlarına uyğunluğunu artırmağa yönəlsə də, onların siyasi rezonansı daha geniş olur.Görüşün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlığı balanslaşdırılmış xarici siyasət kursunun bir hissəsi kimi davam etdirir.
Rəsmi Bakı alyansa üzvlük iddiası irəli sürməsə də, standartların uyğunlaşdırılması və təlim mexanizmlərinin tətbiqi ordunun modernləşdirilməsi baxımından strateji addım sayılır. Bu, xüsusilə son illərdə regionda artan hərbi-texniki rəqabət fonunda diqqət çəkir. O da sirr deyil ki, Moskva postsovet məkanında NATO-nun hərbi təsirinin genişlənməsinə həssas yanaşır və bunu öz təhlükəsizlik maraqları prizmasından qiymətləndirir.
Azərbaycan üçün isə əsas məsələ müxtəlif güc mərkəzləri arasında balansı qorumaqdır. NATO ilə texniki əməkdaşlıq bir tərəfdən ordunun peşəkarlığını artırır, digər tərəfdən isə Rusiya ilə münasibətlərin həssaslığını nəzərə almağı tələb edir. Bu səbəbdən rəsmi Bakı adətən belə layihələri “tərəfdaşlıq” formatında saxlayır və hərbi bloklara qoşulma niyyəti olmadığını vurğulayır.

Bakıda keçirilən bu görüş region siyasəti baxımından əhəmiyyətli siqnaldır. O, Azərbaycanın çoxvektorlu təhlükəsizlik strategiyasını nümayiş etdirir və eyni zamanda böyük güclər arasında geosiyasi rəqabətin Cənubi Qafqazda davam etdiyini xatırladır.
Hərbi ekspert Ramil Məmmədlinin Musavat.com-a bildirdiyinə görə, NATO ilə əlaqələrin genişlənməsi Rusiya əleyhinə yönəlməyib.
“Azərbaycan Ordusunun peşəkarlığının artırılmasında bu təlimlər və proqramlar mühüm rol oynayır. Bundan əvvəl də NATO təlimçiləri Bakıda məşğələ keçiblər. Məqsəd nəzəri və praktiki hərbi bilikləri artırmaqdır. Təbii ki, NATO ölkələri müasir ordu sisteminin yaradılması üçün ən nümunəvi olanlardır. Azərbaycan bu məsələdə birtərəfli hərəkət etmir. Ordumuzun bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyi ordusu ilə hərbi təlimləri keçirilib. Daha əvvəl Türkiyə, Pakistan, Qətər, Özbəkistanın iştirakı ilə təlimlər olub. Eyni zamanda, İranla sularda hərbi təlimlər keçirilib. Belə desək, çoxvektorlu əməkdaşlıq strategiyası var. Bu da ondan xəbər verir ki, Azərbaycan balanslı siyasət qurub. Yəni yalnız NATO ilə əməkdaşlığı genişləndirmir”, – deyə hərbi təhlilçi bildirib.
R.Məmmədli yada salıb ki, Rusiya rəsmiləri Cənubi Qafqaz ölkələrinə NATO bağlı bir neçə dəfə xəbərdarlıq ediblər: “İntəhası, burada narahatlığa əsas Rusiyanın yanaşmasından irəli gəlir. Moskva alyansı sərhədlərinə yaxınlaşmasına görə təhdid sayır. Ancaq Azərbaycan Rusiyanın maraqlarına zidd addım atmır. Əslində, Rusiya NATO tərəfindən çənbərə alındığını Finlandiya, İsveçin bloka üzvlüyü ilə görməlidir. Azərbaycan hərbi-siyasi əməkdaşlıq strategiyasını çoxşaxəli qurub. Hesab edirəm ki, bu əlaqələr daha da güclənəcək”.
Emil Salamoğlu,
Musavat.com

