Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi – QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, doymuş yağ və müxtəlif dad artırıcılarının olması onların yalnız dad baxımından cəlbedici deyil, həm də psixoloji və fizioloji baxımdan asılılıq yarada biləcək xüsusiyyətlərə malik olduğunu göstərir. Bir çox insan bu cür qidaları qəbul etdikdən qısa müddət sonra yenidən yemək istəyi hiss edir, toxluq hissi isə uzun çəkmir. Bu tip qidalar beyində mükafat mexanizmini aktivləşdirərək dopamin ifrazını artırır və nəticədə insan həmin həzzi təkrar yaşamaq üçün yenidən eyni məhsullara üz tutur. Bu isə zamanla sağlam qidalanma vərdişlərinin pozulmasına, artıq çəki və digər sağlamlıq problemlərinə yol aça bilər. Bəs həqiqətənmi fast food və qazlı içkilər asılılıq yaradır, yoxsa bu sadəcə formalaşmış bir davranış vərdişidir? Mövzu son illər geniş müzakirə olunur.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Fast food, paketlenmiş qidalar, saqqız, qazlı, şəkərli içkilər kimi məhsulların insanlarda tez-tez təkrar istifadə istəyi yaratmasının əsas səbəbi onların tərkibi, dad profili və beynimizdə yaratdığı biokimyəvi reaksiyalardır.
1. Şəkər və yağın beyinə təsiri.
Fast food və şirin qazlı içkilər sürətli enerji mənbəyi olan şəkərlə zəngindir. Şəkər qəbul edildikdə beyində dopamin kimi “zövq və mükafat” hissi yaradan maddələrin ifrazı artır. Bu da insanın həmin hissi yenidən yaşamaq istəməsinə səbəb olur. Yağ və şəkərin birlikdə olması isə bu təsiri daha da gücləndirir.
2. Dad “kombinasiyaları” və qida mühəndisliyi.
Bu məhsullar təsadüfi hazırlanmayıb. Qida sənayesində dad, duz, şəkər və yağ balansı elə qurulur ki, məhsul nə çox doydurucu olsun, nə də tez bezdirsin. Buna “həddən artıq dadlılıq” deyilir.
3. Maye kalorilər və toxluq siqnalının zəifliyi.
Məsələn, qazlı içkilər kalorili olsa da, mədə toxluq siqnalını beyinə güclü göndərmir. Ona görə insan içkini tez-tez təkrarlamaq istəyir.
4. Saqqız məsələsi.
Saqqız çeynəmək ağız və beynə “yemək gəlir” siqnalı verir, amma real qida gəlmədiyi üçün bədən bəzən yenə nəsə yemək istəyə bilər. Bəzi saqqızlarda olan dadlandırıcılar da bu prosesi gücləndirir.
5. Vərdiş və psixoloji faktor.
Bu məhsullar tez-tez stress, yorğunluq və ya mükafatlandırma hissi ilə əlaqələndirilir. İnsan beynində bu davranışlar vərdiş halına gələ bilir.
Bu qidaların beyində zövq mexanizmlərini stimullaşdırdığı və təkrar istək yarada bildiyi qəbul olunur.
Əsas məsələ balanslı qidalanma və bu məhsulları tez-tez yox, nadir hallarda istifadə etmək və ya tamamilə rasiondan çıxartmaqdır.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov

