Sosial 

Apteklərdə KÜTLƏVÌ yoxlama – Nə baş verir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ölkə üzrə apteklərdə geniş yoxlamalar həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, ümumilikdə 98 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən aptekləri əhatə edib. Keçirilən nəzarət tədbirlərinin 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar şəkildə həyata keçirilib.
Yoxlamaların nəticələrinə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar olunub. Aşkarlanmış pozuntularla bağlı müvafiq maddələrinə uyğun olaraq cərimə protokolları tərtib edilib.

AzFakt

Son dövrlərdə apteklərdə aparılan yoxlamaların sayının artması diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, bu yoxlamalar əsasən bir neçə istiqamətdə problemlərin qarşısını almağa yönəlib. Ən çox rast gəlinən pozuntular arasında reseptsiz satılması qadağan olunan dərmanların reseptsiz verilməsi, dərmanların saxlanma qaydalarının pozulması, müddəti bitmiş preparatların satış rəflərində saxlanılması, qiymətlərin düzgün qeyd olunmaması, eləcə də lisenziya və sənədləşmə ilə bağlı uyğunsuzluqlar yer alır. Bəzi hallarda isə apteklərdə dərmanların mənşəyi ilə bağlı sənədlərin tam olmaması, temperatur rejiminə əməl edilməməsi və tibbi preparatların qeydiyyat qaydalarının pozulması kimi problemlər də aşkarlanır. Bu cür pozuntular həm dərmanların keyfiyyətinə, həm də vətəndaşların sağlamlığına risk yarada biləcəyi üçün nəzarət tədbirləri mütəmadi şəkildə davam etdirilir.
zulfuqar-yusifov-md-fipp-cips-ttt-invaziv-agri-mutexessisi-fleboloq

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən mütəmadi olaraq müxtəlif tibb müəssisələrində, o cümlədən apteklərdə aparılan yoxlamalar zamanı həmin müəssisələrin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyi araşdırılır və aşkar olunan kənaraçıxmalarla bağlı həm müəssisələr, həm də məsul şəxslər barəsində adekvat tədbirlər görülür: “Əslində bu tədbirlərin əsas məqsədi tibbi xidmətin, eləcə də aptek xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Bu isə nəticə etibarilə pasiyent məmnuniyyətinin artırılması və vətəndaş hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, apteklər olduqca həssas fəaliyyət sahəsinə aid müəssisədir. Çünki bu məkanlarda birbaşa dərman preparatlarının satışı həyata keçirilir və həmin preparatlar həm çeşidinə, həm də saxlanma xüsusiyyətlərinə görə bir-birindən ciddi şəkildə fərqlənir. Dərmanların saxlanma müddətinə nəzarət, onların düzgün temperatur və rütubət şəraitində qorunması olduqca vacibdir. Müxtəlif dərman preparatlarının saxlanma şərtləri fərqli ola bilər və bu səbəbdən də hər bir preparat üçün uyğun şəraitin təmin edilməsi xüsusi diqqət tələb edir. Bütün bu tələblər Səhiyyə Nazirliyinin müvafiq təlimatları ilə müəyyənləşdirilir və aptekə fəaliyyət üçün icazə verilərkən həmin detalların hamısı nəzərə alınır”.

Zülfüqar Yusifov həmçinin qeyd edib ki, apteklərin fəaliyyətində qiymət siyasəti də mühüm məsələlərdən biridir: “Dərmanların qiymətlərinin düzgün göstərilməsi, dövlət tərəfindən tənzimlənən preparatların müəyyən olunmuş qiymət çərçivəsində satılması və vətəndaşların bu sahədə hüquqlarının qorunması da yoxlamalar zamanı diqqət yetirilən əsas məqamlardandır. Son illərdə səhiyyə sistemində rəqəmsallaşma prosesi sürətlə genişlənir və elektron səhiyyə sistemi artıq aktiv şəkildə tətbiq olunur. Bu sistem çərçivəsində bir sıra dərman preparatları artıq elektron resept vasitəsilə satılır və belə dərmanların siyahısı getdikcə artır. Yəni əvvəllər elektron reseptlə verilməyən bəzi preparatlar hazırda bu sistem vasitəsilə təqdim oluna bilir”.

Mütəxəssis bildirib ki, bununla belə, bəzi hallarda həm həkimlərin, həm də pasiyentlərin elektron resept sistemi barədə məlumatlılığının kifayət qədər olmaması müəyyən çətinliklər yarada bilir. Eyni zamanda elektron sistemlərdən düzgün istifadə etməmək, texniki məsələlər və ya istifadə vərdişlərinin yetərli olmaması da elektron resept mexanizmi ilə bağlı müəyyən narahatlıqlar doğura bilər. “Bu prosesdə digər mühüm tərəf isə apteklərin özüdür. Apteklərin də elektron resept sisteminə uyğun və məsuliyyətli yanaşması vacibdir. Əgər apteklər bu mexanizmi düzgün tətbiq etməzsə və ya texnoloji yeniliklərə adekvat şəkildə uyğunlaşmazsa, bu da müəyyən problemlərin yaranmasına səbəb ola bilər.
Bununla belə, səhiyyə sahəsində getdikcə genişlənən rəqəmsallaşma və dərman preparatlarının elektron resept vasitəsilə verilməsi istiqamətində aparılan işlər gələcəkdə bu sahədə şəffaflığın daha da artmasına xidmət edəcək. Bu sistem tam şəkildə tətbiq olunduğu halda apteklərdə olan bütün dərman preparatlarının dövriyyəsi – yəni onların aptekə daxil olması və satışa çıxarılması – Səhiyyə Nazirliyinin elektron nəzarət sistemində izlənilə biləcək. Eyni zamanda pasiyent–həkim və pasiyent–aptek münasibətləri də daha şəffaf və nəzarət olunan formada qurulacaq. Bu isə nəticə etibarilə dərman dövriyyəsində nizam-intizamın güclənməsinə və mövcud problemlərin böyük hissəsinin aradan qalxmasına imkan verəcək”, deyə Zülfüqar Yusifov qeyd edib.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər