Gündəm 

Bakı Enerji Həftəsinin MÜHÜM nəticəsi – Milyardlarla dollarlıq sazişlər…

Azərbaycan qlobal enerji və investisiya xəritəsində mövqeyini gücləndirir. Bakı Enerji Həftəsi və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində imzalanan 7,5 milyard dollarlıq sazişlər paketi ölkənin enerji, maliyyə və yüksək texnologiyalar sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığını yeni səviyyəyə yüksəldib. Razılaşmalar Azərbaycanın regional enerji mərkəzi olmaqla yanaşı, strateji investisiya və innovasiya platformasına çevrilmək niyyətini də ortaya qoyur.

Xəbər verdiyimiz kimi, Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində bu razılaşmaların ölkəyə xarici investisiya axınının artması, o cümlədən təkcə, enerji layihələri ilə bağlı deyil, digər sahələr üzrə əməkdaşlığın qurulmasının Azərbaycan iqtisadiyyatına töhfələrini şərh edib. O, bildirib ki, hazırki vəziyyətdə belə sazişlər beynəlxalq investorlar üçün Azərbaycanda münbit investisiya münbitinin olmasına dair vacib siqnaldır: “İstər maliyyə, istəsə də enerji sektorunda Azərbaycanla uzunmüddətli əməkdaşlığa maraq var.

Statistikaya və prioritetlərə nəzər saldıqda görürük ki, əsas məsələ yatırılan investisiya həcmi deyil, istiqamətlərin şaxələndirilməsidir. ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsası vaxtilə əsasən neft-qaz sektoru ilə bağlı idi. Bu dəfə imzalanan sənədlərdə isə süni intellekt, rəqəmsal texnologiyalar, enerji infrastrukturunun yaradılması, hətta insan kapitalına qədər müxtəlif sahələr əhatə olunub. Bu da iqtisadiyyatın şaxələndirilməsi baxımından önəmlidir. Azərbaycanın bir çox mərhələyə ABŞ ilə əməkdaşlıq kontekstində daha sürətlə keçməsi mümkün olacaq”.

E.Əmirov hesab edir ki, bu tip razılaşmalar uzunmüddətli perspektivdə yeni texnologiyaların transferinə, ən əsası da yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ölçüdə təsir göstərir: “Rəqəmsal transformasiyanın sürətlənməsi də, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması məsələləri də sözügedən iki amildən asılıdır. Bunun məntiqi nəticəsi olaraq, ölkənin qlobal rəqabət qabiliyyəti yüksəlir”.

Qeyd edək ki, iyunun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Əlavə edək ki, bu gün Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək.

Nigar Həsənli,
Musavat.com

Daha çox xəbərlər