Türk dünyasının liderlərindən “Türk Dünyası Həftəsi”nə təbrik mesajları
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən beynəlxalq elmi və mədəni tədbirin açılış mərasimində türk dünyasının dövlət başçılarının müraciətləri səsləndirilib.
Musavat.com xəbər verir ki, Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev tədbir iştirakçılarına ünvanladığı müraciətdə Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi, mədəni və mənəvi irsində xüsusi yer tutduğunu vurğulayıb.
Prezidentin məktubunu Qazaxıstan prezidentinin müşaviri Malik Otarbayev oxuyub.
Qırğız Respublikasının prezidenti Sadır Japarov da tədbir iştirakçılarına müraciətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin bütün türk dünyası üçün əlamətdar hadisə olduğunu qeyd edərək, ortaq tarix, dil və mədəni irsin qorunması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbir iştirakçılarına ünvanladığı müraciətdə Birinci Türkoloji Qurultayın türkoloji elmin inkişafında müstəsna rol oynadığını bildirib. O, türk dünyası arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, “Türk Dünyası Həftəsi”nin bu baxımdan mühüm platforma olduğunu ifadə edib.
Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Bakıda bir sıra beynəlxalq konqreslər, elmi konfranslar, panel müzakirələri, sərgilər və mədəni tədbirlər keçirilir.
Tədbirlərdə türk dünyasının müxtəlif ölkələrindən tanınmış alimlər, dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Könül
Musavat.com
