Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri…
Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən son rəy sorğusuna görə, Prezident İlham Əliyevə olan etimad səviyyəsi 87,7 faizdir. Sorğuda iştirak edən respondentlərin 81,9 faizi dövlət başçısını alternativsiz siyasi lider hesab edir, 93,6 faiz isə onun fəaliyyətini müsbət qiymətləndirir.
Azərbaycanda Prezident İlham Əliyevə yüksək etimad 2003-cü ildən etibarən keçirilən bütün seçkilərdə öz əksini tapıb. Bu baxımdan, son sorğu da daxil olmaqla, indiyə qədər ictimai rəyin öyrənilməsi zamanı ortaya çıxan nəticələr reallığa adekvatdır. Həqiqətən də Prezident İlham Əliyevə etimadın səviyyəsi 90 faiz civarındadır, hətta daha çox olduğunu əminliklə deyə bilərik. Mütləq əksəriyyət onun daxili və xarici siyasətini bəyənir, dəstəkləyir və 80 faizdən çox insan onun alternativinin olmadığı fikrindədir.
20 ildən artıq dövrün mənzərəsini özündə əks etdirən bu rəqəmlər İlham Əliyev epoxasının nəticəsidir. Azərbaycanın siyasi, iqtisadi, ideoloji baxımdan nəhəng inkişafı məhz onun – İlham Əliyevin liderliyi altında baş verib və bu dövrün canlı şahidi xalqdır, buna görə rəy sorğularında Prezidentə mütləq dəstək ən təbii hal, onun siyasətinə verilən qiymətin statistik ifadəsi hesab oluna bilər.
Əliyevin damğasını vurduğu 23 illik dövrün konkret nəticələrə əsaslanan təhlilini apardıqda hər şeyi görmək mümkündür.
Hər bir ölkədə sosial, yaxud iqtisadi vəziyyətdən öncə məhz milli maraqların toxunulmazlığı əsas streotipdir. Sosial-iqtisadi, yaxud daxili və xarici siyasətdə atılan addımlar milli maraqlara əsaslandığı halda cəmiyyətin tam etimadını qazanmaq mümkün olur, bunun əksi, yaxud hansısa məqamda kiçik də olsa, atılacaq yanlış addım və ya veriləcək qərar bütün ictimai rəyi kökündən dəyişdirə bilər. İctimai rəydə Prezident İlham Əliyevə dəstəyin 2003-cü ildən başlayaraq, yüksələn xətlə artmasının təməlində məhz bu faktor – milli maraqların müdafiəsi dayanır. İlham Əliyev heç bir xarici təzyiq qarşısında geri çəkilmədən, milli maraqlara əsaslanan müstəqil siyasət kursundan imtina etməməklə xalqın etimadını/inamını qazandı.
Prezident İlham Əliyev ən çətin şərtlərdə belə milli maraqların müdafiəsindən imtina etmədi, lakin bütün bu çətinlikləri, kulislərdə nələrin baş verdiyini, Azərbaycana hansı təzyiqlərin edildiyini heç vaxt öz xalqına bildirmədi. Biz yalnız sonralar bildik ki, Qarabağ məsələsinə görə Əliyev hansı təzyiqlərlə üzləşib, Azərbaycana hansı hücumlar edilib. Bütün bu təzyiqlərlə mübarizə apardığı, milli maraqlar uğrunda döyüşdüyü vaxt Prezident İlham Əliyev xalqına, dövlətinə, tarixə və gələcəyə xidmət edib. Onun qazandığı etibar, inam da məhz siyasi fəaliyyətini “hakimiyyətin yeganə mənbəyi xalqdır” prinsipi üzərində qurmasının nəticəsidir.
Bu inamın təməlində dayanan komponentlərdən biri də liderlik amilidir. Bütün ölkələrdə ictimai rəy liderlik keyfiyyətlərinə xüsusi diqqət yetirir.
Azərbaycan xalqı bu məsələdə xüsusilə şanslıdır, çünki Əliyevin liderliyi regionun sərhədlərini aşaraq, qlobal müstəviyə keçib. Bunu qlobal güc mərkəzləri olan dövlətlərin rəhbərləri də açıq şəkildə dilə gətirirlər. Əslində Azərbaycana münasibətdə Əliyev fenomeni əhəmiyyətli yol oynayır. Əgər bir çox lider təmsil etdiyi ölkənin böyüklüyü fonunda qəbul edilirsə, Azərbaycan bir çox hallarda məhz liderinin – İlham Əliyevin böyüklüyünün fonunda qəbul edilir. Onun regional proseslərə yön verməsi, qlobal qərarların qəbulunda iştirakı, geosiyasi mənzərənin müəyyənləşdirilməsində oynadığı rol Azərbaycanı da beynəlxalq münasibətlər sisteminin mərkəzinə çıxarır. Xalq üçün liderinin qlobal nüfuzu önəmlidir. Təsadüfi deyil ki, Azərbaycanla bağlı hər-hansı problem yaşandıqda, ölkəmizə qarşı təzyiqlər edildikdə, yaxud milli maraqlarımıza hücumlar olduqda, cəmiyyətdə “İlham Əliyev buna imkan verməz”, “Prezident hamısının cavabını verəcək” düşüncəsi hakim olur. Və hər şey elə də olur: İlham Əliyev Azərbaycanı mürəkkəb geosiyasi mübarizədən sağ çıxarır, ölkəmizə qarşı təzyiqləri, hücumları aradan qaldırır, xalqın dediyi kimi, milli maraqlarımız naminə “hər kəsi yerində oturdur”. Bunu Qarabağın işğalı dövründə davam edən danışıqlarda da görmüşük, Vətən müharibəsində də, Xankəndində bayrağımız dalğalananda da. Əliyev ölkəni bütövləşdirdi, bölgədə əsrlərdir davam edən problemləri tarixin arxivinə göndərdi, yeni reallıqlar yaratdı, XXI əsrin aktiv gücünə çevirdi.
Bu gün qlobal məsələlərin müzakirə olunduğu və həll yollarının tapıldığı məkan Azərbaycandır. Azərbaycanda təkcə Cənubi Qafqazın yox, Avrasiyanın siyasi və iqtisadi gələcəyi müəyyən olunur. Çünki Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin qovşağı buradır və Orta dəhlizin lojistik xəritəsi məhz Bakıda cızılır. Bu, yalnız ticarət əlaqələri, yaxud nəqliyyat dəhlizlərindən ibarət deyil, bütövlükdə Çindən Avropaya uzanan böyük coğrafiyanın siyasi münasibətlər sisteminin yenidən şəkilləndirilməsi, Avropanın geosiyasi mərkəzə çevrilmə perspektivi, Şimal və Cənubun yeni sistemdə yerinin müəyyənləşməsi, Türk dünyasının gələcəyi bu qovşaqda – Azərbaycanda həll olunur. Azərbaycan bu gün coğrafiyasından, sərhədlərindən daha böyük ölkə olaraq, qlobal proseslərə yön verə bilirsə, bu, məhz İlham Əliyevin strategiyası sayəsində mümkün olub. Və məşhur məsəldə deyildiyi kimi, “xalqın gözü tərəzidir”. Xalq bütün bunları görür.
Xalq görür ki, Prezident İlham Əliyev sosial-iqtisadi siyasətini məhz vətəndaşın rifahı üzərində qurub, illərdir “xalqa xidmət” prinsipi dəyişməz olaraq qalır, Qarabağı azad edən, Şuşaya, Xankəndinə bayrağı sancan odur, Azərbaycanı geopolitikanın orta gücünə çevirib. Xalq İlham Əliyevin yeni hədəflərinin də məhz Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşına xidmət olduğunu yaxşı bilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi inkişafın yeni mərhələsi, Orta Dəhlizin genişlənməsi, yaşıl enerji layihələri və ölkənin qlobal proseslərdə rolunun daha da artması bu hədəflərin əsas istiqamətləridir. Bunların hər biri Azərbaycana, Azərbaycan xalqına xidmət siyasətinin tərkib hissəsidir.
Bütün bunların fonunda Prezident İlham Əliyevə 87,7 faizlik etimad, 93,6 faizlik müsbət fəaliyyət qiymətləndirməsi və 81,9 faizlik alternativsiz lider göstəricisi sadəcə statistik rəqəmlər deyil, reallığın əksi, Azərbaycanın son illərdə keçdiyi yolun, əldə etdiyi uğurların və dövlətlə cəmiyyət arasında formalaşmış etimad mühitinin göstəricisidir. Və bu gün təkcə Azərbaycan xalqı yox, dünya siyasəti İlham Əliyev fenomeninə böyük rəğbət bəsləyir.
Müəllif: Aynur Camal