Cümə, 03 İyl, 2026

Yüksək vətəndaş etimadı

Müasir dövrdə ictimai rəy dövlət idarəçiliyinin səmərəliliyini qiymətləndirməyə imkan verən ən mühüm sosial indikatorlardan biri hesab olunur. Dövlət institutlarına etimadın səviyyəsi, siyasi rəhbərliyin fəaliyyətinə münasibət və vətəndaşların seçki davranışı cəmiyyətdə mövcud olan sosial-siyasi ab-havanı, idarəetmənin effektivliyini və ictimai sabitliyin dayanıqlığını əks etdirən əsas meyarlardır. Bu baxımdan, 20–30 may 2026-cı il tarixlərində Medianın İnkişafı Agentliyinin sifarişi ilə keçirilmiş ictimai rəy sorğusu ölkə vətəndaşlarının Prezident İlham Əliyevin fəaliyyətinə münasibətinin öyrənilməsi, son dövrdə müşahidə olunan meyillərin müəyyənləşdirilməsi və ictimai etimadın dinamikasının qiymətləndirilməsi baxımından mühüm analitik əhəmiyyət daşıyır. Sorğu üzbəüz müsahibə üsulu ilə aparılmış, tədqiqata yaşı 18 və yuxarı olan 1210 nəfər cəlb edilmişdir. Seçmə respondentlərin cins, yaş, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü nəzərə alınmaqla rəsmi statistik göstəricilərə uyğun formalaşdırılmış, beləliklə də reprezentativlik təmin edilmişdir. Tədqiqatın ±3 faiz xəta əmsalı əldə olunan nəticələrin statistik etibarlılığını təsdiqləyən mühüm metodoloji göstəricidir.

Sorğunun nəticələrini “İki sahil”ə dəyərləndirən ekspert, Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova qeyd etdi ki, əldə olunan məlumatlar göstərir ki, respondentlərin böyük əksəriyyəti Prezident cənab İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir. Sorğu iştirakçılarının 87,7 faizi dövlət başçısına etimad etdiyini, 93,6 faizi onun fəaliyyətini müsbət dəyərləndirdiyini, 91,5 faizi növbəti prezident seçkiləri keçiriləcəyi təqdirdə ona səs verəcəyini, 81,9 faizi isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul etdiyini bildirib.

Yüksək etimad

Ekspert vurğuladı ki, sosioloji baxımdan bu göstəricilər bir-birini tamamlayan vahid mənzərə formalaşdırır: “Dövlət başçısına etimad, fəaliyyətin qiymətləndirilməsi, seçki davranışı və liderliklə bağlı mövqelərin yüksək uyğunluq nümayiş etdirməsi respondentlərin yanaşmasının təsadüfi emosional reaksiyalara deyil, müəyyən sosial-siyasi dəyərləndirmələrə əsaslandığını göstərir. Fərqli indikatorlar üzrə əldə olunan nəticələrin yaxın olması sorğunun daxili məntiqinin və statistik ardıcıllığının qorunduğunu da təsdiq edir. Siyasi liderə münasibət, adətən, bir sıra sosial, iqtisadi və siyasi amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır. Sorğu iştirakçılarının cavablarının təhlili göstərir ki, yüksək etimadın əsas səbəblərindən biri Prezident cənab İlham Əliyevin həyata keçirdiyi strateji idarəçilik kursunun ardıcıl və uzunmüddətli xarakter daşıması ilə əlaqələndirilir. Respondentlər dövlət siyasətinin milli maraqların qorunmasına yönəlməsini, qərarların qəbulunda prinsipial mövqe nümayiş etdirilməsini və ölkənin inkişaf prioritetlərinin sistemli şəkildə həyata keçirilməsini mühüm üstünlüklər kimi qeyd edirlər”.

Gülşən Axundova  qeyd etdi ki, sorğunun nəticələri onu da göstərir ki, vətəndaşların mühüm hissəsi siyasi rəhbərliyə olan etimadı ölkədə sabitliyin, təhlükəsizliyin və idarəetmənin davamlılığının təmin olunması ilə əlaqələndirir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin və regional münaqişələrin artdığı bir şəraitdə daxili sabitliyin qorunması cəmiyyət tərəfindən xüsusi əhəmiyyət kəsb edən amillərdən biri kimi qiymətləndirilir. İştirakçıların cavablarında ölkənin sosial-iqtisadi inkişafı da mühüm yer tutur. İnfrastruktur layihələrinin genişləndirilməsi, iqtisadi potensialın möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və dövlətin özünü təminetmə imkanlarının artırılması vətəndaşların müsbət münasibətinə təsir göstərən əsas istiqamətlər sırasında qeyd olunur. Bununla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi, müstəqil xarici siyasət kursunun həyata keçirilməsi və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi də respondentlərin qiymətləndirmələrində mühüm yer tutur.

Ölkənin müasir inkişaf tarixində dönüş nöqtəsi

Onun sözlərinə görə, sorğu iştirakçılarının əhəmiyyətli hissəsi Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını da ölkənin müasir inkişaf tarixində dönüş nöqtəsi kimi dəyərləndirir: “Respondentlərin fikrincə, bu hadisə yalnız dövlətçilik baxımından deyil, həm də milli həmrəyliyin möhkəmlənməsi və siyasi liderliyə inamın güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sorğunun nəticələrini qiymətləndirərkən metodoloji məqamların nəzərə alınması vacibdir. 1210 nəfərlik reprezentativ seçmə və ±3 faiz xəta əmsalı sosial tədqiqatlarda qəbul edilmiş beynəlxalq statistik standartlara uyğundur. Bununla belə, ictimai rəy dinamik xarakter daşıdığından müxtəlif sosial, iqtisadi və beynəlxalq proseslər zaman keçdikcə vətəndaşların mövqeyinə müəyyən təsir göstərə bilər. Məhz buna görə də bu tip sorğuların mütəmadi keçirilməsi cəmiyyətdə baş verən dəyişikliklərin izlənilməsi və uzunmüddətli tendensiyaların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Gülşən Axundova  sonda vurğuladı ki, ümumilikdə, tədqiqatın nəticələri müxtəlif indikatorlar üzrə yüksək səviyyədə ictimai etimadın müşahidə olunduğunu göstərir. Dövlət başçısına etimad, fəaliyyətə verilən müsbət qiymət, seçki davranışı və siyasi liderliyin qəbul olunması kimi göstəricilər bir-birini tamamlayaraq vahid sosial mənzərə yaradır. Bu baxımdan, aparılmış sorğu yalnız müəyyən statistik göstəriciləri əks etdirmir, həm də müasir Azərbaycan cəmiyyətində ictimai rəyin öyrənilməsi, siyasi kommunikasiya və dövlət idarəçiliyinin sosial qiymətləndirilməsi istiqamətində gələcək elmi tədqiqatlar üçün mühüm empirik baza formalaşdırır.

Yaqut Ağaşahqızı, “İki sahil”