Cəmiyyət 

Cibimizi yandıran dəbdəbəli mərasimlərlə bağlı cəzalar niyə tətbiq olunmur? – Ekspert açıqlayır

Dəbdəbəli toy, yas və digər mərasimlər xalqımızın qədim zamanlardan gələn ənənələrindəndir.

Maddi imkanı olan da, olmayan da qonşudan geri qalma prinsipini əsas tutaraq istər şad gününü, istər yas məclisini təntənəli şəkildə həyata keçirməyə çalışırlar.
Lakin bu ənənə təkcə ölkəmiz üçün xarakterik deyil. Özbəkistanda dəbdəbəli şəkildə həyata keçirilən məclislərlə bağlı ölkə səviyyəsində qanun layihəsi hazırlanıb və 2020-ci ilin yanvar ayında qüvvəyə minəcək.

ARANTV.AZ  xəbər verir ki, qaydalara görə, toya və yubileylərə dəvət edilən qonaqların sayı da 200 nəfəri keçməməlidir. Birgə keçirilən oğlan və qız toylarında dəvətli sayı 250-dən 300 nəfərə qədər ola bilər , yas mərasimləri istisna olmaqla bütün ailə tədbirləri bir gün ərzində saat 6:00 – 23:00 arasında keçirilməlidir. Axşam saat 11-dən sonra tərbirlərin keçirilməsinə icazə verilmir.

Yeni qaydalarda toy şənlikləri zamanı dövlət qeydiyyatından tutmuş, gəlini evdən şadlıq sarayına gətirməyə qədər bütün proseslərdə 3-dən artıq avtomobildən istifadəyə icazə verilmir.

Toylara çağırılan musiqiçilərlə bağlı da məhdudiyyət var. Ailə tədbirlərinə İki müğənni və ya musiqi qrupunun dəvətinə edilməsinə icazə verilir. Bu zaman müsaiqiçilərlə toy sahibləri arasında müqavilə imzalanmalıdır. Bu qaydaya əməl etməyənləri 3 min dollara qədər cərimə gözləyir. Toy və yas mərasimləri ilə bağlı oxşar qadağalar qonşu Tacikstan və Qırğızıstanın bəzi bölgələrində də tətbiq edilir.

Dəfn mərasimləri ilə bağlı da yeni qaydalar tətbiq olunacaq. Bundan sonra yeddi, cümə axşamları, 20 gün, 40 gün, il kimi məclislərin keçirilməsinə icazə verilməyəcək. Yas mərasimi ancaq 3 gün çəkə bilər.

Xatırladaq ki, ötən il deputat Siyavuş Novruzov yas və toy mərasimləri ilə bağlı qanunun qəbul olunmasının vacib olduğunu bildirmişdi.

Ölkəmizdə bu məsalə ilə bağlı bəzi dəyişikliklər həyata keçirilsə də, qanun səviyyəsində tədbir görülürmü?

Məsələ ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Sonxeber.az-a açıqlama verib.

“Ümumiyyətlə ölkə ərazisində həm toy, həm də yas mərasimində olduqca böyük israfçılığa yol verilir. Bu, bizi narahat edən məsələdir. Sanki bir yarışdır, qonşu necə edibsə, mən ondan geri qalmamalıyam. Məsələnin qanuni tərəfinə gəlsək, biz də elə bir təcrübə yoxdur ki, tədbir görülsün. Xüsusi olaraq heç bir tədbir görülmür. Lakin müvafiq qurumlar tərəfindən tövsiyələr verilir. Yaxşı hal ondan ibarətdir ki, müəyyən vəzifəli şəxslər var ki, onların məclislərində istafçılığa yol verilmir. Bu, bir nümunə kimi göstərilə bilər. Lakin təəssüf ki, buna hər kəs əməl etmir. Bununla bağlı bizdə xüsusi tədbir görülmür”.

Toy mərasimləri zamanı yollarda yaradılan süni tıxaca da toxunan ekspert bildirdi ki, bununla bağlı vəziyyət bərbaddır.

“Belə bir hala özüm rast gəlmişəm. Hava limanında toy karvanı var idi və çəkiliş aparılırdı, digər insanlar nəzərə alınmadan rahat-rahat işlərini görürdülər. Mən sonra bununla bağlı müvafiq orqanlara şikayət etdim. Yəni onu demək istəyirəm, ki bu məsələlər qanunla tənzimlənsə, daha yaxşı olar”.

“Onu da qeyd edim ki, cəza ilə insanları islah etmək olmur, insanların tərbiyələnməsinə şərait yaradılmır. Doğrudur, müəyyən qədər qarşısını almaq olsa da, amma əsas insanın təfəkküründə dəyuşiklik edilməlidir. Təklif edərdim ki, reklam çarxları vasitəsilə maarifləndirmə işi aparılsın” – deyə ekspert bildirdi.Sonxeber.az

Daha çox xəbərlər