“Sizin qəbziniz də var?” –Maşın bazarında sürücülərdən qanunsuz pul yığılır?/VİDEO
Maşın bazarına giriş edən avtomobillərdən çek olmadan 20 qəpikdən 1 manatadək pul alınır.
ARANTV.AZ “Xəzər Tv”yə istinadən xəbər verir ki, ötən günlərdə Bakının Nizami rayonu Babək prospektində yerləşən köhnə maşın bazarına giriş- çıxış edən avtomobillərdən qəbzsiz olaraq pul alındığı görüntülənib.
Görüntülərdə özünü həmin məkanın nəzarətçisi kimi təqdim edən şəxs bu maşın bazarından çıxan avtomobil sürücülərindən 20 qəpiklə 1 manat arasında pul istəyir. Bu hal isə sürücülərin haqlı nazarılığına səbəb olur.
Videogörüntüyə düşdüyünü görən şəxs avtomobil sahiblərindən 1 manat deyil, 20 qəpik aldığını deyərək, əlindəki qəbzi də göstərir. Bu zaman maraqlı bir məqam yaşanıb. Avtomobil bazardan çıxış edərkən, həmin nəzarətçi şəxs sürücüyə “dayan qəbz verim” deyib. Sürücü isə nəzarətçinin inin sualına “Sizin qəbziniz də var?” deyərək münasibət bildirib.
Qeyd edək ki, görüntülərdə isə maşın bazarına daxil olmağın ödənişli olub-olmamasını əks etdirən heç bir nişan yoxdur.

